Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail mətbuatında yeni bir iddia Qəzza və Livan cəbhələrini yenidən diqqət mərkəzinə gətirib. Məlumata görə, “Hizbullah”ın istifadə etdiyi bəzi dronlar da HƏMAS-ın inventarındadır. Bəs bu iddiaları irəli sürən İsrail Qəzzaya yenidən hücum edəcəkmi?
İsrail uzun müddətdir ki, “Hizbullah”ın istifadə etdiyi dronlara qarşı həll yolu tapmağa çalışır. İndi isə yeni bir iddia ortaya çıxıb. İsrail mətbuatı HƏMAS-ın “Hizbullah”ın istifadə etdiyi eyni dronlara sahib olduğunu yazıb.
HƏMAS-ın 7 oktyabr hücumunun ilk dalğasında bu tip dronlardan istifadə etdiyi və bununla da Qəzza zolağındakı müşahidə sistemlərini kor etdiyi iddia edilir.
Tezadlar.az xəbər verir ki, İsrail qəzeti “Walla”-ya danışan bir zabit bu dronların hələ də HƏMAS-ın əlində olduğunu iddia edib.
İsrail zabiti deyib: “Biz dron və raket bombardmanları ilə bağlı ssenariyə hazır olmalıyıq”. İsrail mətbuatında yer alan bu iddia belə bir sual doğurub: “İsrail Qəzzaya başqa bir hücum etmək üçün bəhanə axtarır?”
Bu yaxınlarda İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzanın işğalını 70 faiz genişləndirəcəklərini bildirib.
“Hizbullah”ın dron hücumları səbəbindən İsraildə panika yayılır. Rəsmilər xəbərdarlıq edirlər: “Onlar Təl-Əvivə çatmağa çox yaxındırlar.”
Bu “300 dollarlıq dronlar” İsraili çaşdırır. Netanyahu “Hizbullah”ın yeni silahına qarşı 2 milyard şekel ayırıb, lakin hələlik həll yolu tapılmayıb. Şimalda İsrail ərazisinin dərinliklərinə çatan dron hücumları ictimaiyyət arasında geniş panika yaradır.
E.ŞİRİNOV