Avropa Birliyinin (AB) Müdafiə və Kosmos üzrə Komissarı Andrius Kubilius Avropanın buraxılış vasitələri ilə bağlı böhranı aradan qaldırdığını, lakin peyklərə artan tələbat səbəbindən yeni tutum çatışmazlığı ilə üzləşdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, Brüsseldə keçirilən 2-ci AB Kosmosa Çıxış Konfransında çıxış edən Kubilius növbəti 10 ildə dünyada təxminən 50.000 peykin kosmosa buraxılmasının gözlənildiyini və buraxılış imkanlarının bu tələbdən geridə qaldığını qeyd edib.
O, AB-nin Galileo peyk naviqasiya sistemi, Kopernik Yer müşahidə proqramı və IRIS² təhlükəsiz peyk rabitə şəbəkəsi kimi layihələr üçün 2034-cü ilə qədər 62 buraxılışa ehtiyac duyacağını qeyd edərək, “Bu boşluğu aradan qaldırmalıyıq. Avropanın kosmik proqramları, müdafiəsi və təhlükəsizliyi bundan asılıdır” deyə əlavə edib.
Avropa üçün kosmosa müstəqil çıxışın təmin edilməsinin ən vacib məqsədlərindən biri olduğunu vurğulayan Kubilius xarici raketlərdən asılı qalmamalı olduqlarını bildirib.
Kubilius bildirib ki, tutumu artırmaq yollarını qiymətləndirmək üçün Avropadakı buraxılış məntəqələrinə, istehsal və sınaq mərkəzlərinə baş çəkəcək və gələn il kosmosa çıxışla bağlı fəaliyyət planı təqdim etməyi hədəfləyir.
ELBAR







