ABŞ-da son beş ildə ilk dəfə mövsümi qripdən ölənlərin sayı koronavirusdan daha çox olub.
Tezadlar.az bildirir ki, “Bloomberg” bu barədə ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (XNQAM) istinadən xəbər verir.
2020-ci ildə COVID-19 pandemiyasının başlanmasından bəri xəstəlik ABŞ-da qripdən təxminən 42 dəfə çox insanı öldürüb. Bununla belə, XNQAM-ın ilkin məlumatlarına görə, 2025-ci ildə vəziyyət dəyişə bilər: 2024-cü ilin oktyabr ayından ən azı 29 milyon insan qripə yoluxub, onlardan 370 mini xəstəxanaya yerləşdirilib, 16 min insan isə dünyasını dəyişib.
Bundan əlavə, bu il H1N1 və H3N2 qrip növləri üstünlük təşkil edir və sonuncular daha ciddi xəstəliklərə səbəb olur, – agentlik qeyd edib.
Mütəxəssislər koronavirusdan ölüm hallarının azalmasının səbəbləri arasında peyvənddən və xəstəliyə qarşı müalicədən sonra orqanizmdə immunitetin olmasını qeyd edirlər. İndi daha az ağır fəsadlara səbəb olan SARS-CoV-2 virusunun təkamülü də rol oynayır.
İnfeksion xəstəliklər üzrə mütəxəssis Peter Chin-Hong bildirib ki, qripdən ölənlərin sayının artması qeyri-kafi peyvəndlər və terapiyanın gecikdirilməsi ilə bağlıdır.
Agentlik xəbərdarlıq edib ki, qrip yaşlı insanlar üçün xüsusi təhlükə yaradır, çünki yaşla immunitet zəifləyir. Bu kateqoriyadan olan vətəndaşların xroniki xəstəlikləri mövcud xəstəliklərin ağırlaşmaları və kəskinləşməsi riskini artırır.
ELBAR