20 Aprel 2026 / 11:48

ABŞ hərbçiləri İran gəmisini ələ keçirdi: İRAN ÇARƏSİZ QALIB!

Nəhayət, ABŞ Prezidenti Donald Tramp İran mediasının amerikalı hərbçilərin İran ticarət gəmisinə atəş açması ilə bağlı məlumatını təsdiqləyib. Tezadlar.az xəbər verir ki, o, bu barədə açıqlamasında bildirib. “Bu gün İran bayrağı altında üzən, uzunluğu təxminən 900 fut olan və demək olar ki, aviadaşıyıcı ilə müqayisə edilə bilən “Touska” adlı yük gəmisi bizim dəniz blokadamızı yarmağa cəhd etdi və bu, onlar üçün uğursuzluqla nəticələndi. Gəmimiz onu yerindəcə dayandırdı və mühərrik bölməsində dəlik açdı… Gəmi tam nəzarətimiz altındadır və biz onun göyərtəsində nə olduğunu yoxlayırıq”, – deyə Tramp qeyd edib.  ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ tərəfindən ələ keçirilən “Touska” yük gəmisi İranın Bəndər-Abbas limanına doğru hərəkət edirmiş. Hərbçilərin məlumatına görə, İran bayrağı altında hərəkət edən “Touska” gəmisinin ekipajı altı saat ərzində dəfələrlə edilən xəbərdarlıqlara cavab verməyib, bundan sonra “USS Spruance” gəminin mühərrik bölməsinə 127 millimetrlik “Mark 45” topundan bir neçə atəş açıb. Daha sonra, dəniz piyadaları “Touska”nın göyərtəsinə çıxaraq gəmini ələ keçiriblər. İran hərbi qüvvələri isə İran gəmisinin ələ keçirilməsi ilə bağlı tezliklə cavab verəcəklərini açıqlayıb. İran ordusunun açıqlamasında deyilir: “Təcavüzkar ABŞ atəşkəs razılaşmasını pozaraq və dəniz yolunu qarət edərək Oman dənizi sularında İranın ticarət gəmisinə hücum edib”. Bildirilib ki, ABŞ gəminin naviqasiya avadanlığını məhv edib və göyərtəyə əsgərlər yerləşdirib ki, bu da “təcavüz aktı” təşkil edir.

Bəyanatda deyilir: “Xəbərdarlıq edirik ki, İran İslam Respublikasının silahlı qüvvələri tezliklə cavab verəcək və ABŞ-ın silahlı piratçılığına qarşı cavab tədbirləri görəcək”.

İran faktiki olaraq çarəsiz vəziyyətdədir: necə deyərlər, aşağı baxırlar-blokada, yuxarı baxırlar-müharibə!

A.Məmmədli 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!