ABŞ Kolumbiya prezidentinin vizasını niyə ləğv edib?

ABŞ Dövlət Departamenti Kolumbiya prezidenti Qustavo Petronun Nyu-York küçələrində ictimai çıxışı zamanı zorakılıq çağırışlarına görə vizasını ləğv etdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti sosial media platformasında məlumat yayıb.

Dövlət Departamentinin məlumatına görə, sentyabrın 26-da Kolumbiya lideri Nyu-York şəhərinin küçələrinə çıxaraq, amerikalı əsgərləri hökumətin əmrlərinə tabe olmamağa çağırıb və guya zorakılığa təhrik edib.

“Petronun ehtiyatsız və qızışdırıcı hərəkətlərinə görə onun vizasını ləğv edirik”, – bəyanatda deyilir.

ABŞ və Kolumbiya müttəfiqdirlər, lakin ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra onların münasibətləri soyuyub. Vaşinqton hazırda Karib hövzəsində kartelə rəhbərlik etməkdə ittiham etdiyi Kolumbiyanın qonşusu Venesuelanı hədəf alan narkotiklərlə mübarizə əməliyyatı keçirir.

Sentyabrın 24-də Kolumbiya prezidenti ABŞ rəsmilərinə və prezidentə qarşı cinayət işi açılmağa çağırıb. O, bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyasında ümumi müzakirələrdə çıxışı zamanı bildirib.

Bildirilir ki, Petro Trampı Karib dənizində “sadəcə yoxsulluqdan xilas olmaq istəyən gəncləri” daşıyan gəmilərə zərbələr endirmək əmri verməkdə ittiham edib.

Bundan əvvəl Kolumbiya Amerika silahlarını almayacağını açıqlamışdı.

E.ŞİRİNOV

Xəbəri paylaş