2 Aprel 2026 / 19:36

Aprel döyüşləri – Tarixi Zəfərimizə gedən yolun başlanğıcı…

2016-cı il Aprel döyüşlərindən 10 il ötür. Buna baxmayaraq, xalqımız bu döyüşləri heç vaxt unutmayacaq. Aprel döyüşləri hər bir soydaşımızın yaddaşına əbədi həkk olunub. Bu döyüşlər bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin döyüş qüdrətini, xalqımızın yenilməz ruhunu nümayiş etdirdi və 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolun başlanğıcı oldu. Dördgünlük döyüşlər işğalçı Ermənistana ciddi siqnal oldu…

Azərbaycan Ordusu, nəhayət, Ermənistanın illərlə davam edən işğalçılıq siyasətinə qarşı güclü əks-həmlə edərək düşmənə ağır zərbə vurdu. Bu döyüşlər Ermənistanın öz ordusunun məğlubedilməzliyi haqqında mifi darmadağın etdi.

Bu qələbə ordumuzun həm döyüş, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu təsdiqlədi. Aprel qələbəsi onu da təsdiqlədi ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Bu qələbə xalqımıza bir gerçəkliyi də yaşatdı: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Yenilməz Ordumuzun qələbəsi ilə nəticələnən Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr vuruldu. Qəhrəman Silahlı Qüvvələrimizin əsgər və zabitləri dörd gün ərzində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu istiqamətində işğal altında olan 2000 hektardan çox ərazini işğaldan azad etdi. Eyni zamanda, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Aprel döyüşləri ordumuzun, həmçinin xalqımızın Qələbəyə, torpaqlarımızın düşmənlərdən azad edilməsinə olan inamı möhkəmləndirdi və hər kəsdə bu Zəfərə əminliyi ifadə etdi. Biz 2018-ci il Naxçıvanın Günnüt kəndinin azad edilməsi, 2020-ci il Tovuz döyüşləri, nəhayət, 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə zamanı bu əminliyin və inamın şahidi olduq. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Eyni zamanda Vətən müharibəsindəki tarixi Qələbəmizə gedən yolun əsasını qoydu.

Akif Abdullayev, Ağəli Məsimov, Gəray Abbasov, Yasin Məcidov, Vüqar Məmmədov, Vidadi Yusifov, Fikrət Ağayev, Rövşən Qasımlı, Hafiz Məmmədov, Rza Məmmədov, Səmid Şabanov, Rizvan Rəhimov, Hümbət Abbasov və Samir Əliyev Aprel döyüşlərini ehtiramla xatırlayaraq, həmin dövrdə şəhid olanlara Allahdan rəhmət diləyirlər.

CEYHUN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!