Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə fotoqraf Qismət Mehdiyevin fərdi sərgisi keçirilib.
Xəbər verdiyimiz kimi, martın 4-də YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə fotoqraf Qismət Mehdiyevin – layihə rəhbəri Aygün Əzizovanın olduğu “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dünya Fotolarda” adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu.
Sərgidə fotoqrafın xarici ölkələrə səyahəti zamanı çəkdiyi 30 ədəd fotoları, həmçinin Bakı şəhərinin gözəl abidələrinin fotoları tamaşaçılara təqdim olundu.
Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev fotoqraf Qismət Mehdiyevin sərgidə təqdim olunan fotolarının olduqca maraqlı rakuslardan çəkildiyini, texnika fərqliliyini qeyd edib, xüsusilə istedadlı gənc fotoqrafın sərgisini “Konstitusiya və Suverenlik İli”nə həsr etməsini təqdirəlayiq bir addım olduğunu bildirdi. Sədr bu şərəfli peşəsində Qismət bəyə uğurlar arzuladı.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışında vurğuladı ki, Qismət Mehdiyevin xaricdə turizm sahəsində təhsil alması və eyni zamanda fotoqrafiya sahəsində də uğurlar qazanması onun əhəmiyyətli dərəcədə uğurlu fəaliyyətinin bəhrəsidir.
Elnurə xanım qeyd etdi ki, bugünkü sərgidə Azərbaycanın hər qarışının dünyada təbliği fotoqraf Qismət Mehdiyevin vətənpərvər gənc olmasının göstəricisidir. O, Qismət bəyin tezliklə Qarabağımızın da qarış-qarış çəkilişlərini edəcəyinə, arzusunda olduğu sənədli filmləri hazırlayıb dünyaya yayımlayacağına inandığını bildirdi. Vətənpərvər Azərbaycan oğluna uğurlu missiyasında tükənməz enerji, can sağlığı arzuladı. Qarşıdakı sərgisinin Qarabağın ecazkar gözəlliyindən çəkilmiş fotolardan ibarət olacağını bildirdi.
Qismət Mehdiyevin atası Qiymət Mehdiyev və anası Könül Mehdiyeva övladlarının uğurlu sənətkar olacağına öncədən inandıqlarını və hər zaman ona dəstək olduqlarını bildirdilər.
Sərgidə fəxri qonaq olaraq Yeni Azərbaycan Partiyası Veteranları Şurasının üzvü Misir Mərdanov və Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ufuq Turganer, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu filialı və Xəzər rayon filialının rəsm müəllimi Fərəh Babayeva, “Təzadlar” qəzetinin və eyni adlı xəbər portalının şöbə redaktoru Yasəmən Məmmədli də iştirak edirdilər.
Sonda ilk fərdi yaradıcılıq sərgisinə görə fotoqraf Qismət Mehdiyev Beynəlxalq Qalereya tərəfindən diplomla təltif olundu. Xatirə şəkilləri çəkildi.
Təqdim etdi: JASMİN