Asif Mərzilinin ad gününə…

Bu gün yazıçı-jurnalist Asif Mərzilinin ad günüdür. Asif müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və sağlam həyat arzulayıram.

Bu yerdə qısa haşiyə çıxmaq istəyirəm: Asif müəllim və “Təzadlar” qəzetinin mənim üzərimdə, həqiqətən də, böyük əməyi vardı. Eyni zamanda mən Asif müəllimi mətbuatda, sanki məni hər cür təhlükədən qoruyan bir insan kimi görürəm. Bu fikir təsadüfi deyil, şəxsi müşahidələrimin nəticəsidir. Çünkü bəzən emosiyalarıma qapılıb yazı yazanda yazını sərt və emosional üslubda qələmə aldığım məqamlar olur və Asif müəllim vaxtında müdaxilə edir, izah edə-edə mənə qaytarır, artıq və riskli ifadələrin çıxarılmasını tövsiyə edir. Mən bu yanaşmanı hər zaman yüksək qiymətləndirmişəm. Sanki bu, mənə verilən mənəvi bir arxayınlıqdır.

Bu məsuliyyətli və prinsipial yanaşma Asif Mərzilinin təkcə redaktor kimi yox, həm də yazıçı kimi fəaliyyətində özünü göstərir. Yeri gəlmişkən, ötən il Asif Mərzilinin Vətən Müharibəsi Qəhrəmanı (şəhid) Orxan Əkbərov haqqında yazdığı “Sonuncu əmir” romanı yüzə yaxın əsərin içindən seçilərək Dövlət mükafatına təqdim edilmişdi və rəsmən qəbul edilmişdi(rəsmi media yazmışdı).

Məhz belə peşəkar və prinsipial mövqeyi olan qələm sahiblərinin qiymətləndirilməsi mətbuatımız üçün xüsusi əhəmiyyət daşıyır. Fürsətdən istifadə edərək Mətbuatımızın 150 illiyi münasibətilə mükafata layiq görülən və həqiqətən bu mükafata layiq olan bütün əsl jurnalistləri ürəkdən təbrik edirəm. Eyni zamanda, həmin siyahıda yer alan “Təzadlar” qəzetinin və saytının baş redaktoru Asif Mərzilini də xüsusi olaraq təbrik etmək istəyirəm. Açıq demək lazımdır ki, Asif müəllim sözün əsl mənasında bu mükafata layiqdir və bu, onun halal haqqıdır.

Bununla yanaşı, təqdim olunan siyahılara baxdıqda, bu mükafata layiq olduğu halda kənarda qalan peşəkar jurnalistlərin də az olmadığını görmək mümkündür. Eyni zamanda, siyahılarda cəmiyyət tərəfindən daha fərqli qiymətləndirilən şəxslərin yer alması ilə bağlı müxtəlif fikirlər səslənir. Bu, mətbuat mühitində müzakirə edilən və düşünməyə vadar edən bir məqamdır.

Medal ala bilməyən, lakin güclü qələmi, mövqeyi və imzası olan həmkarlarımıza isə demək istəyirəm: üzülməyin. Jurnalistin əsas dəyər ölçüsü medal deyil, oxucunun etimadı və cəmiyyətin verdiyi qiymətdir.

Bir məqamı da xatırlatmaq yerinə düşər. Bir müddət əvvəl “Veysəloğlu” şirkətlər qrupu tərərəfindən jurnalistlər arasında  keçirilən yazı müsabiqəsində redaksiyamızdan dörd nəfər mükafat almışdı. O zaman bunu həzm edə bilməyənlər, “bir redaksiyadan niyə dörd nəfər?” deyə etiraz edirdilər. Halbuki həmin mükafatlar yazıya görə verilmişdi, yazılar güclü, səviyyəli idi və haqlı olaraq qalib seçilmişdilər.

Bəli, müsabiqə yazıya görədir. Yaxşı yaz, qalib ol. Qalib olmamısansa, demək, o mükafata layiq deyilsən. Bu qədər sadə. Amma maraqlıdır ki, o vaxt hay-küy salanlar niyə bu gün bu qədər haqsızcasına dəxli olmayan adamların medal almasına susublar. Səbəb də bəllidir, bu dəfə medalı özləri alıblar. İndi isə nə “bir redaksiyadan niyə bu qədər medal?”sualı var, nə də etiraz.

Mənim demək istədiyim budur: bu prosesdə sözün əsl mənasında haqsızlıq çox oldu. Buna göz yummaq mümkün deyil. Bu mükafata həqiqətən layiq olan, peşəsinin və qələminin haqqını verən bütün jurnalistləri ürəkdən təbrik edirəm. Onlar onsuz da tanınırlar, mətbuat aləmində də öz yerlərini tutublar.

Yazını yenə də Baş redaktorumuz Asif Mərzilinin ad günü təbrikimə qayıdaraq ona doğum günü münasibətilə kollektivimiz – həmişə bir olan, dəyişməz, bölünməz, döyüşkən komandamız adından ən xoş arzularımı çatdırıram. İti qələminiz, vətəndaş mövqeyiniz, vicdanınız sizin ən böyük mükafatınızdır.

Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji, böyük uğurlar arzulayıram.

Elşad FƏRMANOĞLU

Xəbəri paylaş