Baş nazir İrakli Kobaxidze Avropa Parlamentinin fəaliyyətini tənqid edərək qurumu Sovet İttifaqının Ali Soveti ilə müqayisə edib. Tezadlar.az xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında Avropa İttifaqının rəsmi nümayəndələri ilə görüşlər zamanı onlara Avropa Parlamentinə daha az diqqət yetirmələrinin tövsiyə olunduğunu bildirib. “Avropa İttifaqının rəsmi hakimiyyət nümayəndələri ilə görüşəndə bizə birbaşa deyirlər ki, Avropa Parlamentinə daha az diqqət yetirək. Ümumiyyətlə, Avropa Parlamenti maraqlı deyil”, – deyə baş nazir bildirib. Kobaxidzenin sözlərinə görə, cəmiyyət artıq Avropa Parlamentində keçirilən debatlara və qəbul edilən sənədlərə diqqət yetirməməyin lazım olduğunu anlayıb. “Təbii ki, Avropa Parlamenti bu cür addımları ilə bizə Sovet İttifaqının Ali Sovetini xatırladır. Məncə, Sovet İttifaqının mövcudluğunun son illərini yaşadığı 1980-ci illərdə Ali Sovet daha yaxşı vəziyyətdə idi.
Avropa Parlamenti çox ağır vəziyyətdədir, bütövlükdə Avropa bürokratiyası ağır durumdadır. Belə debatlar və sənədlər də bunun göstəricisidir. Gürcüstan cəmiyyəti üçün bunlar artıq maraqlı deyil”, – deyə İrakli Kobaxidze qeyd edib. Xatırladaq ki, Avropa Parlamenti Gürcüstanla bağlı növbəti qətnaməsini qəbul edib. Qətnamədə demokratik geriləmə, zorakı repressiyalar və siyasi təqiblərə görə məsuliyyət daşıyan şəxslərə, ilk növbədə Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuaşvili və Kaxa Kaladzeyə qarşı məqsədyönlü sanksiyaların və viza qadağalarının tətbiqinə çağırış yer alıb.







