Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Gürcüstanla bağlı illik hesabatı qəbul edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, sənədin lehinə 53 deputat səs verib, 14 nəfər isə əleyhinə çıxıb. Hesabat layihəsinin izahatında qeyd olunur ki, bu, Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusu aldıqdan sonra hazırlanan ikinci sənəddir və Avropa Komissiyasının 2025-ci il üzrə hesabatı nəzərə alınaraq tərtib olunub.
Sənəddə əsas diqqətin Gürcüstanda demokratiya, qanunun aliliyi və Avropa inteqrasiyası sahəsində mövcud vəziyyətə yönəldiyi bildirilir. Hesabat layihəsində Avropa Parlamenti “demokratik geriləmə, artan repressiyalar, düşmən ritorika, dezinformasiya və təhdidlər fonunda Avropa və demokratik Gürcüstan uğrunda mübarizəni davam etdirən” gürcü xalqı ilə tam həmrəylik ifadə edir.
Sənəddə qeyd olunur ki, Gürcü Arzusu hakimiyyəti ölkənin Avropa inteqrasiyası kursunu faktiki olaraq dəyişib. Layihədə vurğulanır ki, Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Bidzina İvanişvili, eləcə də “Gürcü Arzusu”nun əsas liderləri, hakimlər, prokurorlar və digər vəzifəli şəxslərə qarşı tətbiq olunan hədəfli fərdi sanksiyalar cəzasızlıqla mübarizədə mühüm alətdir. Həmçinin qeyd edilir ki, Aİ səviyyəsində yekdillik olmasa da, getdikcə daha çox üzv dövlət Gürcüstan rəsmilərinə qarşı fərdi sanksiyalar tətbiq edir və digər ölkələr də buna qoşulmağa çağırılır. Bundan əlavə, sənəddə ATƏT çərçivəsində 24 ölkənin təşəbbüsü ilə “Moskva mexanizmi”nin işə salınması alqışlanır. Bu mexanizm Gürcüstanda öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək üçün ekspert missiyasının göndərilməsinə imkan verir.
Hesabatda həmçinin Avropa Komissiyasının Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün Aİ ilə vizasız rejimin dayandırılması ilə bağlı təklifi qeyd olunur. Bildirilir ki, bəzi üzv ölkələrin – xüsusilə Macarıstan və Slovakiyanın mövqeyi səbəbindən müəyyən məhdudiyyətlərin tətbiqi mümkün olmayıb. Sənəddə xəbərdarlıq edilir ki, Gürcüstan hakimiyyətinin mövcud siyasəti davam edərsə, gələcəkdə bütün vətəndaşlar üçün vizasız rejimin dayandırılması riski yarana bilər və bunun məsuliyyəti hakimiyyətin üzərinə düşəcək.