15 May 2026 / 07:37

Avropadan deport edilənlər arasında Gürcüstan 2- ci yerdədir!-AZƏRBAYCAN İSƏ…

Maraqlıdır, 2025-ci ildə Avropa İttifaqı ərazisindən çıxarılan və üçüncü ölkələrə geri qaytarılan şəxslərin sayına görə Gürcüstan ikinci yerdə qərarlaşıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb. Məlum olur ki, ötən il Aİ üzvü ölkələrindən Gürcüstana ümumilikdə 10 475 nəfər geri qaytarılıb. Üçüncü ölkələrə qaytarılan şəxslər arasında ilk yeri Türkiyə vətəndaşları tutur – 13 405 nəfər. Sonrakı yerlərdə isə Suriya (8 370 nəfər) və Albaniya (8 020 nəfər) qərarlaşıb.

“Eurostat”ın statistikasına əsasən, üçüncü ölkə vətəndaşlarını ən çox deportasiya edən ölkə Almaniya olub – 29 295 nəfər. Deportasiya sayına görə ikinci yerdə Fransa (14 940 nəfər), üçüncü yerdə isə İsveç qərarlaşıb – 11 250 nəfər. 2025-ci il ərzində Aİ-yə giriş üçün 132 600 üçüncü ölkə vətəndaşına imtina cavabı verilib ki, bu da əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə (123 835 nəfər) 7,1 faiz çoxdur. Bu şəxslər arasında Gürcüstanın 4 785 vətəndaşına da Aİ-yə giriş icazəsi verilməyib. Bununla yanaşı, Aİ üzvü ölkələrində qeyri-qanuni yaşayan şəxslərin sayı 21,7 faiz azalıb. Belə ki, qeyri-leqal miqrantların sayı 918 525 nəfərdən 719 395 nəfərə düşüb. 2025-ci ildə Aİ ölkələrində 16 230 Gürcüstan vətəndaşının qeyri-qanuni yaşadığı qeyd olunub. “Eurostat”ın məlumatına görə, müvafiq qərar verildikdən sonra 2025-ci ildə ümumilikdə 135 460 üçüncü ölkə vətəndaşı geri qaytarılıb. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə təxminən 21 faiz artım deməkdir.

Siyahıda Azərbaycanın adına rast gəlinmir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!