Paytaxt yollarını daraldıb özləri üçün qazanc mənbəyi yaradan, tıxacların həlledilməzliyinin baiskarı kimi ad çıxaran AYNA əməkdaşlarının inanılmaz qanunsuz fəaliyyəti bəlli oldu. Aşağıdakı yazı bunun konkret sübutudur:
“-Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) konkret doğrayıb tökür. Fotolardakı cərimə qeydləridir. Maşından düşməmişəm, maşını söndürməmişəm, hətta “avaryonnuları” yandırmışam. Burda 6-10 dəqiqə arası dayanmışam. Yanımdakı sərnişin düşüb mağazadan tort alıb gəlib. Anında kameralar vasitəsilə cərimə tətbiq olunub. Düşünürəm ki, bu halda mənə cərimə tətbiq olunması düzgün deyil. Hələ AzParkingin əməkdaşlarını bir görəsən. AYNA-nın parklama yerlərində saxlayırsan, əgər parklama başlatmamısansa, AzParkingin əməkdaşları öncə sürücünü axtarır. Səbəb də pul almaqdır. Bunun şahidi kimi Xutor “kruqundakı” “Zəngəzur” restoranın qarşısında qarşılaşdım. Restoranın qabağında sonu 009 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil parklama eləmədən saxlamışdı. AzParkingin əməkdaşı restorana daxil olaraq maşın sahibini axtarırdı. Yalandan dedim mənəm. Bildirdi ki, 20 dəqiqədir parklama etməmisən. Cərimə düşür. Bildirdim ki, yazmasan olarmı? Dedi ki, 5 manat ver yazmayım. Dedim, onda cəriməni yaz getsin, maşın mənim deyil. Mənə sizin iş mexanizminiz maraqlı idi deyə belə etdim. Yazmadan uzaqlaşdı. Hörmətli AYNA, qaydaları pozmaq yaxşı hal deyil, amma sizin kəsib tökməyiniz ümumiyyətlə, qəbulolunmazdır.
Zaur Qənbərov”.
Sitatın sonu!