15 Aprel 2026 / 22:54

Azər Həsrət İctimai Televiziya ilə bağlı yayılan xəbərə aydınlıq gətirdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurası hələ ki direktor vakansiyasını elan etməyib.

Tezadlar.az xəbər verir ki, bunu trend-ə  Yayım şurasının üzvü Azər Həsrət deyib.

O bildirib ki, hələ ki belə bir elan verilməyib:

“Qaydalara görə, belə bir elan verilməlidir, elan verildikdən sonra iddiaçılar öz ərizələrini təqdim etməlidirlər. Ərizələrə münasib qaydada baxılır, sonra da seçki keçirilir. Biz hələ ki onunla bağlı qərar verməmişik”.

A.Həsrət xatırladıb ki, hazırkı direktorun səlahiyyət müddəti may ayında bitir:

“Amma elan verilmədiyinə görə iddialardan da danışmaq olmur”.

Yayım şurasının üzvü vurğulayıb ki, müəyyən kriteriyalara uyğun istənilən şəxs namizədliyini irəli sürə bilər:

“Bir daha deyirəm ki, bu müzakirə hələ ki getmir, elan verilməyib”.

A.Həsrət Yayım Şurasının növbəti iclasının tarixi ilə bağlı sualları da cavablandırıb.

“Bu gün Yayım Şurası üzvləri ilə növbəti iclasın tarixi müzakirə etdik. Ola bilsin ki, yaxın günlərdə, yaxın həftələrdə, hər halda aprel ayı ərzində bizim iclasımız olacaq. İclas təkcə direktor seçimi məsələsi ilə bağlı deyil, sıradan növbəti iclasımız olacaq. Yəqin ki, o məsələ də həmin iclasda müzakirə olunacaq”, – deyə o qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!