27 İyun 2026 / 19:06

Azərbaycan heyəti “Türk dünyasının 2026-cı il Turizm Paytaxtı” Ankarada səfərdə olub

Ankara Sosial Elmlər Universitetində (ASBÜ) “Ankaranın tarixi və mədəni dəyərlərinin Türk dünyasındakı əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Müzakirələr Türkiyənin Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin dəstəyi ilə Türkiyə Mədəniyyət və İncəsənət Müxbirləri Dərnəyi tərəfindən təşkil olunub.
Ankaranın tarixi, mədəni və mənəvi irsinə həsr olunmuş tədbirdə Türkiyənin dövlət qurumlarının və siyasi partiyalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər və ekspertlər iştirak ediblər. Tədbir iştirakçıları arasında Azərbaycandan olan jurnalistlər və ictimai xadimlər də yer alıblar.
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini və Ankara millət vəkili Mevlüt Karakaya,
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri, professor Aygün Attarın da çıxış etdiyi tədbirdə natiqlər Türkiyə paytaxtının tarixi və sivilizasiya yolunu onun Türk dünyasının inkişafına verdiyi töhfələr kontekstində dəyərləndiriblər.
Ankaranın “Türk dünyasının 2026-cı il Turizm Paytaxtı” elan edilməsi haqqında qərarın türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsi və mədəni mübadilə üçün yeni imkanların yaradılması istiqamətində mühüm addım olduğu bildirilib. Ankaranın turizmin cazibə mərkəzi kimi əhəmiyyətinin daha da artacağına, Türk dünyasının mədəniyyəti və tarixi ilə maraqlanan turistləri Türkiyə paytaxtına daha çox cəlb edəcəyinə əminlik ifadə olunub.
Tədbir iştirakçılarına Azərbaycan və Özbəkistan küçələrində Türkiyə şəhərlərinin populyarlığı mövzusunda keçirilmiş videosorğu nümayiş etdirilib. Müzakirələr ASBÜ-nün müəllimi Əminə Sekmen Adalının moderatorluğu ilə panel iclasları formatında davam etdirilib. Paneldə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Ankaranın Qazi Universitetinin professoru Oğuzxan Aydın,  Azərbaycanln teatr və kino rejissoru Səidə Haqverdiyeva iştirak ediblər.
R.Məcid iştirakçılara bildirib ki, o, mədəniyyət və Türk dünyası ilə əlaqələr mövzusuna hər zaman xüsusi diqqət yetirib, Türk Dövlətləri Təşkilatının platformasının əhəmiyyətini vurğulayıb və Türk dünyasının ziyalıları arasında dialoqun daha da möhkəmləndirilməsinə çağırış edib.
Azərbaycan Mətbuat Şurasının sədri əminliyini ifadə edərək bildirib ki, “Türk dünyasının Turizm Paytaxtı” statusu Ankaranın turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək. O, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlığın və həmrəyliyin sarsılmaz olduğunu vurğulayıb.
Rejissor Səidə Haqverdiyeva Ankaranın özündə saxladığı qədim mədəniyyəti Bakı ilə müqayisə edərək  bildirib ki, “Türk dünyasının turizm paytaxtı” olaraq bu şəhərin turistlər üçün daha cəlbedici olması üçün aidiyyəti dairələrin apardığı təlim-təbliğat işləri təqdiredicidir: “Türkiyədə səhiyyə turizmi də çox yaxşı ikişaf etdiyi üçün başqa ölkələrdən paytaxt Ankaraya həkimlərə görə gələnlər çox olur. Ümid edirəm  ki, “Ankaranın Tarixi və Mədəni Dəyərlərinin Türk Dünyasında Mənası Seminarı” adlı layihə çərçivəsində təşkil edilən bu cür fəaliyyətlər Ankaranın qədim tarixini, mədəniyyətini, gözəlliyini görmək üçün gələn turistlərin sayını daha da çox artıracaq”
Qeyd edək ki, Rəşad Məcidin başçılıq etdiyi azərbaycanlı heyət “Türk dünyasının 2026-cı il Turizm Paytaxtı” – Ankarada səfərdədir.
 Üç günlük müzakirələr proqramının yekununda Ankaranın Türk dünyasındakı tarixi, mədəni və mənəvi mövqeyi ilə bağlı ümumi baxışı əks etdirən yekun sənədin hazırlanması nəzərdə tutulur.
Səriyyə Müslümqızı,
“Təzadlar”ın xüsusi müxbiri
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!