Sahə üzrə ekspertlər də açıq platformalarda və aydın şəkildə Azərbaycanda təhsil sisteminin acınacaqlı gündə olmasından danışırlar… Lakin danışmaq azdır, problemin kökü isə açılmır. Niyə?
***
…Təhsil dövlətin və cəmiyyətin ən strateji sahəsi sayılır. Çünki gələcəyin savadlı, peşəkar kadrı bu sahədə formalaşır. Təhsilimizin inkişafı üçün gözəl qanunlar qəbul edilib. Amma bu qanunlar bəzən rəhbər vəzifəlilər üçün, konkret desək, indi də təhsil naziri Emin Əmrullayev üçün keçərli deyil. Gəlin mülahizələri və rəyləri bir kənara qoyub səbəbləri aydınlaşdıraq. Təzadlar»ın Araşdırma Qrupu uzun müddətli araşdırmasını təqdim edir: Bəli, nazir Emin Əmrullayev (Hərçənd ömründə əlinə jurnal alıb sinifdə heç 45 dəqiqə də olsun müəllimlik etməyib) öz qanunları var. Kiminsə xətrinə dəyməsin, təhsil sahəsində tam təsadüfi şəxs olan E.Əmrullayevin nazir olduğu dövrdə təhsilimizin düşdüyü vəziyyət bir az da dərinləşib. Dərinləşməlidir də… Bir nazir ki, tədbirlərin birində jurnalistin “…Məktəblərdə müxtəlif adlarla həyata keçirilən pul yığımına necə baxırsınız»- sualına “Biz oxuduğumuz dövrdə də pul yığılırdı” kimi cavab verirsə, onda onun rəhbərlik etdiyi təhsil bataqlığın dibinə gedər, ya getməz?! Əlbəttə, gedər. Adama deyərlər, tutaq ki, sizin şagird olduğunuz dövrdə də pul yığılırdı. Axı indi nazirsiniz, Azərbaycan təhsilinə rəhbərlik edirsiniz, bəs niyə indi məktəblərdə pul yığımının qarşısını almırsınız? Axı dövlət büdcəsindən hər il təhsilə milyardlar ayrılır, xərclənir… Ölkə Prezidenti bu sahəyə xüsusi diqqət göstərir… Bu bəs deyil ki?!
Həəə, burada xoruzun quyruğu görünür. Sən demə, nazirin özü hazırda daha iri məbləğdə pul yığımı ilə məşğuldur…
Təhsildəki korrupsiya hüquqpozmalarının sərhədi böyüyür və…
…Bu günlərdə araşdırmalarımızın fonunda çox etibarlı mənbədən redaksiyaya nazir Emin Əmrullayevin əli bulaşmış milyonlar barədə konkret faktlarla dolu materiallar daxil oldu. Bu materiallarla tanış olandan sonra nazir Emin Əmrullayevin təhsilimizi niyə acınacaqlı günə salmağının sirri açılmış oldu. Milyonlarla manat yeyinti və korrupsiya halları olan yerdə təhsilin inkişafı yada düşərmi? Əlbəttə, yox! Bu səbəbdən də həm aidiyyəti qurumların, həm də sevimli oxucuların diqqətinə, təhsilimizdə baş verən korrupsiya faktlarını olduğu kimi təqdim edirik. Bu həm də Prezident İlham Əliyevin mediaya olan etibar və etimadının bir nümunəsi kimi dəyərləndirilməlidir.
TƏHSİLİMİZ NİYƏ BU GÜNDƏDİR… YAXUD, TƏHSİL NAZİRLİYİNDƏ ALVER NECƏ GEDİR???

Gəlin əvvəlcə dərsliklərimizin taleyi ilə bağlı maliyyələşməyə diqqət edək: Budur, dərsliklərin faktiki istifadə müddəti 4 il olduğu halda, nazirlik hər il kosmetik dəyişikliklər (şəkil dəyişməsi, xırda redaktə) bəhanəsi ilə tenderlər keçirərək, milyonlarla manat vəsaitləri eyni poliqrafiya müəssisələrinə yönləndirir. Bu da sübut:
- İŞTİRAKÇI TƏRƏFLƏR
1.1. Dövlət Qurumları
Satınalan təşkilat kimi VÖEN-i 1500046011 olan Elm və Təhsil Nazirliyi çıxış edir. Sifarişçi qurum rolu prosesində isə “DEPOT” MMC və “Global İnteriors Group” MMC müqavilələrini bağlayan Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yer alır.
1.2. Siyasi və İnzibati Şəxslər
-Sabiq təhsil nazirlərdən birinin (adı sonra geniş təqdim ediləcək) vəzifədə olduğu dövrdə Orxan Abasov adlı şəxsi 3 strateji vəzifəyə təyin edib, ailə şirkətlərinə tenderlərin verilməsinə şərait yaradıb. Nazir vəzifədən getdikdən sonra da O.Abbasovun vasitəsilə bu sahəyə «diqqətini» davam etdirməkdə şübhəli bilinir.
Yaxın əyləşin, yaxın dövrün əməliyyatlarına baxaq:
-Emin Əmrullayev: Elm və Təhsil naziri (cari dövr). “2school” layihəsini rəsmi elan edərək sabiq nazirlərdən birinin oğluna dövlət resurslarının yönləndirilməsinə imza atıb.
-Orxan Rafiz (Rufiz) oğlu Abasov: Təhsil Nazirliyinin sabiq rəis müavini (2018–2020) və “EDUMEDIA-AZƏRBAYCAN” MMC-nin rəhbəridir. “Fırlanan qapı” sxeminin mərkəzi fiquru olub, dövlətdən özəl sahəyə keçərək milyonluq tenderlər qazanıb.
-Rəhim Bayramlı: “SABAH.HUB” İcraçı direktoru, “LANDAU School” və “Push30” həmtəsisçisidir; dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən yararlanır.
-Samir Məmmədov: Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi (2008–2017). Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavinidir. “AzEduNet” MMC-yə tender verən qurumun keçmiş rəhbəri kimi “Fırlanan qapı” sxemində və maraqların toqquşmasında əsas fiqurdur.

1.3. Podratçı Şirkətlər və Əlaqəli Strukturlar
– “DEPOT” MMC: VÖEN-i 2006570041, nizamnamə kapitalı 10 AZN-dir. Qanuni təmsilçisi Hüseynov Elvin Malik oğludur. Məktəbəqədər müəssisələrdə yemək təminatı üzrə aşkar edilən müqavilə həcmi təxminən 76.999.094 AZN (~77.000.000 AZN) təşkil edir.
-“EDUMEDİA-AZƏRBAYCAN” MMC: VÖEN-i 1401897631, nizamnamə kapitalı 60 AZN-dir. Qanuni təmsilçisi yenə də Abasov Orxan Rafiz oğludur. Bakının yataq massivində qeydiyyatdadır. Dövriyyəsinin 96%-i Təhsil Nazirliyindən formalaşır. 2011–2025-ci illər ərzində ümumilikdə 10.000.000 AZN-dən çox dəyərdə 60-a yaxın satınalma müqaviləsi bağlayıb.
-“AzEduNet” MMC: Nizamnamə kapitalı 6.340 AZN-dir. Təsisçiləri Hacıyev Fuad Bəyalı oğlu və Həsənov Heydər Elmar oğludur.
Qanuni təmsilçisi Natiq Yəhyayev Rza oğludur. Aşkar edilən ümumi müqavilə həcmi 12.376.901 AZN təşkil edir.
– “Global İnteriors Group” (GİG) MMC: Nizamnamə kapitalı 20 AZN-dir. Qanuni təmsilçisi Hacıyev Ruslan Şahin oğludur. Təsisçisi Yaqub Hüseynovdur (“Bridge Group of Companies” holdinqinin sahibi). Aşkar edilən ümumi müqavilə həcmi 1.658.500 AZN-dir.
– “TAİS İKF” MMC: Yemək təchizatı üzrə müqavilələrinin ümumi həcmi 14.311.290 AZN təşkil edir.
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu







