22 Dekabr 2025 / 08:24

Azərbaycanın maşın bazarında xaos- CAVABSIZ SUALLAR

Deyəsən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2026-cı ilin əvvəlindən hibrid və elektrik avtomobillərə ƏDV güzəşti ləğv edilir. Bu xəbəri eşidən maşın alverçiləri də noyabr-dekabr aylarında ölkəmizə daha çox avtomobil gətiriblər ki, gələn il baha satıb qabağa düşsünlər. Azərbaycanın aidiyyəti dövlət qurumları isə bəlkə də haqlı olaraq ölkəni çin avtomobilləri ilə doldurmanın statistikasına baxanda, necə deyərlər, şoka düşüblər. Azərbaycan indi, bəlkə də, adambaşına düşən avtomobillərin sayına görə dünyada birinci yerdədir. Səbəb isə odur ki, vaxtilə bəzi banklar məzənnənin qalxacağını bilərək əhaliyə krediti dollarla verirdilər ki, sonradan dəyərdən düşmüş manatla ikiqat pul ödəmələri olsun, babat qazansınlar, indi də elə bil vəziyyət yaranıb. O vaxt həmin dollar fırıldağının sonu bu oldu ki, hələ də dolların bahalaşmasına görə evini- maşınını satmağa məcbur olanlar kredit faizi ödəməkdədirlər.
İndi də ƏDV hay- küyünə görə ölkə Çin avtomobilləri ilə doldurulub. Lakin vəziyyət tərsinə dəyişib. İqtisadçı ekspert Natiq Cəfərli bu barədə maraqlı fikirlərini çatdırıb. Sitat: “…Bir neçə gündür ki, rəsmi qurumlardan avtosalonlara, maşın satanlara xəbər göndərirlər ki, indi gətirdiyinizi 2025-də satmalısız, gələn ilə qalsa, satanda ƏDV ödəməli olacaqsız. Son günlər bir neçə iş adamından müraciət almışam, az qala yalvarırlar ki, batırıq, bir rəsmi şəxs çıxıb izah etsin ki, biz indi nə etməliyik?! Bəziləri gətirdiyi maşınları qohum-dost adına rəsmiləşdirirlər ki, 2026-cı ilə qalmasın – bu isə əlavə xərc deməkdir. Bundan başqa, şikayət edirlər ki, öz şəxsi hesablarından ayda 30 min manatdan çox pul çıxarda bilmirlər, bu isə işlərinə böyük əngəl yaradır. İnsanların öz puluna çıxmağa qadağa qoymaq olmaz, hə, deyəcəklər nəğd vəsaitə məhdudiyyət var – yenə də olmaz! Bu absurddur…”.
İndi gəlirik mətləbə: Bakının tıxac problemi həll edilmir, çünki aidiyyəti dövlət qurumları hesabatını düz aparmadı ki, məlum avtomobillərə müvəqqəti ƏDV ləğvi ilə ölkə Çin avtomobilləri ilə dolduruldu. Bu gün Bakı küçələrində avtomobillərin markalarla monitorinqi aparılsa, məlum olar ki, Bakıdakı tıxacın həlledilməzliyinin əsl səbəbi nədədir… Yollardakı avtomobillərin bəlkə də 40-50 faizi Çin avtomobilləridir! Bakı isə tıxacdan yaxa qurtara bilmir. “Təzadlar” ölkəyə gətirilən avtomobillərin regionlar üzrə bölüşdürülüb istismar edilməsinə dair təkliflər də verib. Amma nə fayda?!  Belə davam etsə, ölkənin avtomobil bazarında çıxılmaz vəziyyət yaranacaq. Ya gərək bütün avtoparklar təzələnib Çin avtomobilləri ilə əvəzlənsin və köhnə avtomobillər ucdantutma utilizasiyaya verilsin, ya da…
Nə isə. Kimsə qaz vurub qazan dolduracaq, biz də baş ağrıdırıq deyəsən…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!