Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyun 2026 / 10:51

Azərbaycanın startap ekosistemi 7 pillə geriləyib: Günah kimdədir?..

StartupBlink-in 2026 hesabatında Azərbaycanın startap ekosistemi 7 pillə geriləyərək 81-ci yerə enib. Bu, xüsusən də Özbəkistan, Gürcüstan , Ermənistan və Qazaxıstanın startap ekosistemlərinin irəlilədiyi bir dövrdə düşündürücü nəticədir.
Bu sözləri Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
Osman Gündüz məsələ ilə bağlı fikirlərini bölüşüb:
“Bu günlərdə ABB-nin İdarə Heyəti sədrinin müavini və Baş Strategiya inzibatçısı Taleh Tahirlinin Dünya İqtisadi Forumunun rəsmi saytında dərc olunan məqaləsi diqqətimi çəkdi.
Müəllif hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə problem nə istedadda, nə də texnologiyadadır. Əsas problem startaplar üçün real tələbin, real müştərinin və real sifarişlərin yetərli olmamasıdır.
Düşünürəm ki, bu yanaşma kifayət qədər məntiqlidir.
Bizdə müəyyən qədər qrantlar, daha çox da yarışmalar, inkubasiya və akselerasiya proqramları var.
Lakin ilkin inkişaf dövürünü keçirən, böyümək istəyən startaplara dəstəklə bağlı ciddi problemlərimiz var. Dövlət resursları hesabına qurulan vençur dəstəyi, Caucasus Ventures özünü doğrultmayıb.
Startapların böyük hissəsi hələ də necə ilkin dəstək alacağını, məhsulunu kimə satacağını, necə böyüyə biləcəyini, necə regional və qlobala çıxa biləcəyini düşünür.
Məqalədə təklif olunur ki, iri şirkətlər öz real problemlərini açıq innovasiya çağırışları şəklində elan etsinlər, startaplar isə həmin problemlərin həllinə yönəlsinlər. Böyük şirkətlər startaplara investor kimi yox, müştəri kimi yanaşsınlar.
Məqalə müəllifi dövlət satınalmalarında startaplar üçün pilot imkanlar yaradılsını təklif edir. Fikrimcə,  çox faydalı təşəbbüslərdir.
Qeyd etmək lazımdır ki, bazarda İRİA, KOBİA, ASAN İnnovasiya Mərkəzi, ABB Innovation, SABAH.HUB, Startup Azerbaijan və universitetlərin innovasiya və inkubasiya mərkəzləri kimi ekosistem oyunçuları fəaliyyəti göstərir.
Mövcud problemlərə baxmayaraq, startap ekosistemində inkişaf üçün hələ də ciddi potensial və ümidverici təşəbbüslər var.
İRİA bu istiqamətdə səylərini çox artırmalıdır. İRİA-nın hansısa bir icra hakimiyyətilə heç bir effekti olmayan, mənasız Hackatonlar təşkil etməkdənsə, dövlətə məxsus dataların açılmasına diqqəti artırması daha faydalı olardı.
Düşünürəm ki, İRİA-nın ekosistemin inkişafı ilə bağlı bu tip çağırışlara və yanaşmalara daha çox diqqət yetirməsi faydalı olardı.
Çünki artıq əsas məsələ yeni tədbirlər keçirmək deyil. Əsas məsələ startapları real bazar, real sifariş və real müştərilərlə birləşdirə bilməkdir”, -deyə o, qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!