21 İyul 2026 / 21:25

Azərbaycanlı alim Türkiyədə dərslik müəllifi oldu

​Türkiyədə ürək-damar cərrahiyyəsi sahəsinin ən geniş akademik mənbələrindən biri olan üç cildlik “Kalp ve Damar Cerrahisi” kitabı nəşr olunub.

​Tezadlar.az xəbər verir ki, ürək-damar cərrahiyyəsinin müxtəlif istiqamətlərini əhatə edən bu fundamental əsərdə Azərbaycan tibb elmi də təmsil edilib.

Ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev kitabın “Abdominal və torakoabdominal aort anevrizmalarında cərrahi və endovaskülyar müdaxilə” adlı bölümünün müəllifi olaraq layihədə iştirak edib.

​Torakoabdominal aorta anevrizmaları ürək-damar cərrahiyyəsinin ən mürəkkəb sahələrindən biri hesab olunur. Bu patologiyaların müalicəsi açıq cərrahiyyə, endovaskulyar texnologiyalar, orqan qoruma strategiyaları və multidissiplinar yanaşma tələb edir.

​Bölümdə abdominal və torakoabdominal aorta anevrizmalarının müasir diaqnostikası, cərrahi və endovaskulyar müalicə prinsipləri, eləcə də dünya təcrübəsində qəbul olunan yanaşmalar geniş şəkildə təqdim olunub.

​Prof. Dr. Kamran Musayev bildirib ki, beynəlxalq səviyyəli belə bir akademik layihədə iştirak etmək həm böyük məsuliyyət, həm də Azərbaycan ürək-damar cərrahiyyəsinin elmi potensialını paylaşmaq baxımından önəmlidir.

“Kalp ve Damar Cerrahisi” kitabı ürək-damar cərrahları, rezidentlər və bu sahə üzrə çalışan mütəxəssislər üçün mühüm elmi mənbə kimi hazırlanıb.

Kitabı onlayn platformalardan əldə etmək mümkündür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!