13 Fevral 2026 / 12:31

“Babamdan miras qalmış mülkün bir hissəsi sökülərək yerində “Nizami” metro stansiyası inşa edilib”- Haşiminin nəticəsi

Ulu babam – milyonçu, xeyriyyəçi  Hacı Sultan Əli Haşiminin həmin dövrdə ailəmizə məxsus sarayları da bizdən alınıb və ailəmizə cəmi 2 otaq verilib. 

Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi)  bildirib.

O, qeyd edib ki, 1964-cü ildə Bakı şəhərinin Yasamal rayonunda, babasının  əvvəllər «Saray” deyilən mülkündə anadan olub və Türkiyəyə getməzdən əvvəl uzun müddət Rusiyada yaşayıb:

“Azərbaycan vətəndaşıyam. Ulu babam Hacı Sultan Əli (Haşimi) Haşim oğlu Bakı milyonçusu olub. Mən nəslimizlə – ulu babalarımla bağlı bütün faktları arxivdən əldə etmişəm. Sağ olsun Arxiv İdarəsinin əməkdaşları ki, mənə kömək etdilər və bu sənədləri əldə etdim. Yəni, faktlarla, sənədlərlə danışıram. Anam Ədibə xanım Hacı Sultan Əlinin oğlu Möhtəşəm Haşiminin qızıdır. Mən onun nəticəsiyəm və bunu məhkəmədə də təsdiq etdirmişəm. Biz Sultan nəvələriyik, ondan daha əvvəl isə haşimilər nəslindənik”.

Jurnalistin “məlumatlara görə, İordaniya krallarının nəsli haşimilər nəslindən olublar. Və hazırda İordaniya Haşimilər Krallığı da məhz bu tarixi fakta görə belə adlandırılıb. Əsl adı Əmr ibn Əbdi-Mənaf olan Haşim Həzrət Məhəmməd Peyğəmbərin (s) atasının babasıdır. Qüreyş soyundan olub. Siz həmin haşimilər nəslindən bəhs edirsiniz?” sualını isə belə cavablandırıb:

“Bəli, vaxtilə Ərəbistandan İrana köç edən haşimilərə farslar orada yaşamağa problem yaratdığı üçün o zaman Araz çayını keçərək Lerik, Astara, Lənkərandan… yol alıblar Şirvanşahlar Sarayına. O rayonlar müqəddəs torpaqlardır, çünki haşimilər o ərazilərdən keçiblər. Zəlzələdən sonra Şirvanşahlar Sarayından indiki «20 yanvar”, “Şamaxinka” adlanan ərazidən aşağılara doğru eniblər… Hacı Sultan Əli babam Möhtəşəm Haşimini evləndirəndə indiki “Nizami” metro stansiyasının yanındakı ərazidə yerləşən sarayının yanında daha bir saray tikdirib. Yusif əfəndinin oğlu Loğman babamızın qızı Şirvan xanımı, hansı kı, İçərişəhərdə yaşayırmışlar, oradan gəlin gətiriblər. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra həmin saraylar ləğv olundu və arxivdən sənədlər mənə malikanə kimi qeyd olunaraq verildi. Hazırda da həmin saray mövcuddur. Məlum olduğu kimi, həmin dövrdə ailəmizə məxsus saraylar da bizdən alınıb və ailəmizə cəmi 2 otaq verilib. Babamıza atasından miras qalmış həmin mülkün də bir hissəsi sökülərək yerində həmin metro stansiyası inşa edilib. Ümumiyyətlə, metro ətrafı ərazi ulu babalarıma aid olub. Əlimdə bu barədə təsdiqlənmiş sənədlər var”.

O, vurğulayıb ki, ulu babası 1880-ci illərdə həmin ərazidə “Axund hamamı” da tikdirib və hazırda hamam yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur: “Babamın tikdirdiyi hamamın kitabəsi var. Onu da AMEA-da tərcümə etdirmişəm. Tərcüməsi belədir: “Hicri 1306 (miladi 1888 -1889) Kərbəlayi Zeynalabdin memar-usta tərəfindən inşa olunmuşdur. “İlahi, bu imarət əbədi olaraq qalsın. Sahibi isə düşmənlərə qalib olsun.””

Qeyd edilib ki, hətta bir neçə il öncə Mədəniyyət Nazirliyinin xüsusi mülkiyyətdə olan həmin hamamın lövhəsini üzərindən çıxararaq satmağa çalışıldığı da deyilirdi…

Rəna Haşimi isə “Bəli, həmin hamam vaxtilə nazirlikdən icarəyə götürülmüşdü, hətta sauna kimi istifadə olunub…“, – deyə cavab verib.

Daha ətraflı linkdə;Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!