…Hacı Cəlil İbrahimli! Bu gün bir zamanlar bilik və elm öyrətdiyi şagirdlərinin sorağı nəinki Azərbaycanın elm ocaqlarından, üstün vəzifə meydanlarından, eləcə də xarici ölkələrdən gələn müəllim! Biz o vaxtlar müəllim görəndə papağımızı başımızdan çıxarardıq, müəllimlərə müqəddəs varlıq kimi baxardıq. Hətta bəzilərimizə elə gələrdi ki, müəllimlər yemək yemir, istirahət etmir, dərs öyrədir, tərbiyə verir. Ona görə ki, onlar bizi elə öyrətmişdilər!
***
QISA ARAYIŞ: Hacı Cəlil Şamı oğlu İbrahimli 1936-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur(Hacı mollalar tayfası). İlk təhsilini dayısı Molla Əbdül Əhəddən almış, 1945-ci ildə Mərzili kəndinin 7 illik məktəbinə daxil olmuş, 1952-54-cü illərdə isə Ağdamın Novruzlu kəndində tam orta məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Pedaqoji İnstitunun fizika-riyaziyyat fakültəsinə\ daxil olmuş, 1961-ci ildə institutu bitirmiş, bir il Ağcabədidə təyinatla müəllim işləmiş, sonra ta Mərzili kəndi Ermənistan qoşunları tərəfindən işğal olunanadək- 1992-ci ilə kimi Mərzili kənd orta məktəbində müəllim, direktor müavini və nəhayət, məktəbin direktoru vəzifəsində çalışmışdır. O, Azərbaycan Maarif nazirinin əmri ilə «Baş müəllim», 1998-ci ildə isə Təhsil Nazirlyi ona «Azərbaycan Respublikasının Əmək veteranı» Fəxri adını vermişdir.
***
…Cəlil İbrahimli mənim də müəllimim olub, kəndimizin orta məktəbində mənə riyaziyyatdan dərs deyib. Hələ də yadımdadır, ilk dəfə biz şagirdlərə çətin gələn onluq və adi kəsirin həllini öyrədirdi, ilk dərs günü rəqəmləri bölməkdə çətinlik çəkərdik. Cəlil müəllimin özünəməxsus yaradıcı öyrətmən üsulu var idi, karımıza gəlirdi, o qədər sadə idi ki, ən mürəkkəb kəsirlərin həllini belə dərhal tapırdıq. Yadımdadır, bir dəfə sinifdə növbə mənə çatdı, dedi biri dördə böl. Düzdür, boynuma alıram, təzə keçirdik deyə, başladım yazı lövhəsinə rəqəmləri yazıb bölməyə… Cəlil müəllim dərhal saxladı, bütün sinfə belə bir sadə təqdimat etdi: «Əlinizdə bir alma var, onu iki nəfər arasında böləndə neçə qalır?». Hamı ucadan: «yarı!». Dedi, yarı ikidəbir deməkdir. Ardınca əlavə etdi: «Bəs əlinizdə bir armud var, onu 4 adam arasında böləndə nə qalır?» Sinifdəkilərin hamısı dərhal uca səslə «Dördə bölünmüş alma». İzah verdi: «Bu, dörddəbir deməkdir…». Və bu qayda ilə bizə həm adi, həm də onluq kəsirləri, həmçinin ədədə görə faizin tapılmasını öyrətdi: «Bir alma 100 faiz deməkdir. Almanı iki yerə böləndə yarı-yarı olur, deməli, hərəyə 50 faizi düşüb!» və sair…
Mətləbdən uzaqlaşmayım, Cəlil müəllimin belə sadə öyrətmələri ilə ədədə görə faizin, faizə görə ədədin tapılmasını da bu günədək yaddaşıma həkk etdirmişəm və istənilən misalı həll etməyə hazıram! Yəni, tədrisin yaddaqalmasının ən sadə yolu belədir: onu şagirdə natural-real misallarla öyrədəndə öyrənilən olur, həmişəlik yadda qalır, əzbərçilik olmur!
***
…Keçək mətləbə: bu müdrik, sadə, imanlı Kişinin indi 90 yaşı tamam olur. Neçə il əvvəl məni evlərinə dəvət etdi(Oğlu Amil İbrahimli Bakıda polis sıralarında qulluq edirdi, xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Allah rəhmət eləsin!). Xeyli söhbət etdik… Necə deyərlər, fikri-zikri köçkünlüyün, Qarabağsızlığın, el-obasızlığın… çətinliyinə köklənmişdi… Bu söhbətimiz 2011-ci ildə olmuşdur. Məlum oldu ki, 70-in dizini yerə vurub… Qeyri-ixtiyari dedim ki, ay Hacı, Allah uzun ömür versin, xeyirxah insansız, bilirəm ki, sizin kimi müdrik, məsləhətcil, ziyalı bir adamın adı həmişə ucalıqdadır. Bəs sizdən bu dünyada nə qalacaq? Yəni, gələcək nəslə nə ərmağan edəcəksiniz?
Qaşlarını çatıb üzümə baxdı, bir az da kövrələn kimi oldu, sonra: -Mətləbini başa düşdüm, amma çox çətin sualdır… Qısa və konkret cavab versəm, məndən gələcək nəslimizə, məni tanıyanlara barəmdə yazacağınız kitab qalacaq, -deyib məndən cavab gözlədi.
Dedim, anladım, amma bu olduqca məsuliyyətli məsələdir… Sonra məni imtahan edən baxışlarını görüb bir az da zarafatla, -Bəlkə Sizə bir yaxşı heykəl qoyulsun, hə, necə baxırsınız…
Güldü və özünəməxsus yumorla: -Mən Quran adamıyam, hər gün xalqıma, Dövlətimə dua edirəm, bilirəm ki, geci-tezi o torpaqlarımız, o cümlədən kəndimiz Mərzili işğaldan azad olunacaq, onda mənim Bakıdakı heykəlimi söküb ora aparacaqlar? Amma haqqımda kitab yazılsa, onu ora daşımağa ehytiyac qalmayacaq, çünki kitabın sorağı, ordakı xeyir-dualarım məndən qabaq o yurd yerlərimizdə olacaq…
Bəli, Hacı məni çətin sual və imtahan qarşısında qoymuşdu… Və mətləbi deyim: kitab yazıldı. Ölkənin tanınmış alimləri, din xadimləri, Cəlil müəllimin yetirmələri onun haqqında xoş sözlərini yazıb göndərdilər, mən də gücüm çatan səviyyədə bu yükün altına çiyin verdim və 2012-ci ildə «Sənin baban kim olub?» kitabı ərsəyə gəldi.
Hacı Cəlil haqqında yazılmış 450 səhifəlik bu kitabda həm də Qarabağın tarixi, kəndimizin keçmişi haqqında bir ensiklopedik mənbə yarandı. Yadımdadır, böyük də tirajla çap olundu. Kitab o dərəcədə maraqlı xatirə və faktlarla zəngin idi ki, hətta bir neçə aydan sonra Cəlil müəllim zəng etdi ki, təcili surətdə mətbəyə de, əlavə 500 kitab da lazımdır(təkcə kəndimizin əhali sayı on minə yaxın idi, kitab mütaliəli insanların sayını təsəvvür edin)!… Və bu da təmin edildi! Nəhayət, bir neçə ay da keçdi, Hacıdan zəng gəldi. Gülə-gülə, şirin ləhcə, xeyir-dualı səslə: -Bura bax, bilirsən ki, səni nə qədər çox istəyirəm, hər namazda ölənlərinə Quran tapşırıram… Və sənə çox əziyyət verirəm, amma bu xahişimi də yerinə yetirsən, sənə o vaxt verdiyim «5»dən lap yekəsini verəcəm!
Güldüm, mətləbi qismən anlamışdım, amma xahiş nə idi, bilmirdim. Özü dedi:
-Səndə yəqin qalmış olar, iki kitab lazımdır!
İki kitabı tapıb verdim… Və çox sonralar mənə danışdı ki, bax məndən gələcək nəslə bu kitab ərmağan oldu! «Xəbərin varmı, mən bu kitabdakı sənəd-sübutlarla babalarımı, övladlarım, qohum-əqrabalarımız, əhalimiz də öz babasının babasının… kimliyini öyrənməyə başlayıb… Sonralar mərhum etnoqraf Ənvər Çingizoğlu ilə kəndimizin XVIII-XIX-cu əsrlərə aid tarixini özündə sirr kimi saxlayan arxiv məlumat və sənədlər əsasında «Mərzili və Mərzililər» kitabını yazdıq.
***
…Bəli, babasının və babasının babasının… kimliyini arayıb-axtaran bu müdrik babanın indi 90 yaşı tamam olur. Maraqlısı budur ki, indi Hacı Cəlil İbrahimlinin nəvə və nəticələri də öz babalarının babalarının babasının… kimliyini öyrənir! Bax əməli salehlik buna deyərlər. Ən adi bir qərar və addımla görün nə qədər insanları keçmişini öyrənməyə səfərbər edib Hacı Cəlil!
İnanıram ki, uzun illər, qərinələr sonra belə bu müdrikliyin sorağı ilə axtarışa çıxanlar tariximizin daha dərin qatlarında yatan sirləri üzə çıxaracaqlar!
***
Sonda: dəyərli müəllimimiz, müdrik el ağsaqqalı, hər sözü-söhbəti Tanrıya dualı Hacı Cəlil İbrahimlini yubiley münasibətilə ürəkdən təbrik edir, ona 100 yaşını qeyd etməyi arzılayıram! Necə deyərlər, 90 varsa, 100-ə nə qalıb ki?!
Asif Mərzili




















