Əsas məzmuna keç

Babək “lerikli”, Şah İsmayıl “talış”dır?

…Son vaxtlar tarixi şəxsiyyətlərin müasir etnik kimliklər arasında bölüşdürülməsi qəribə bir yarışa çevrilib. İndi də Babək Xürrəminin “lerikli”, Şah İsmayıl Xətainin isə talış olduğu iddia edilir.
Belə iddialara emosiyayla yox, mənbə ilə cavab vermək daha doğrudur. Çünki tarixdə ən sadə qayda budur: iddia varsa, onun mənbəsi də olmalıdır.
Əvvəl Babəkdən başlayaq. Babək Xürrəmi VIII əsrin sonu–IX əsrin birinci yarısında yaşamış, Abbasi xilafətinə qarşı uzunmüddətli Xürrəmdin müqavimətinin ən məşhur rəhbərlərindən biri olmuş və 838-ci ildə edam edilmiş tarixi şəxsiyyətdir.
Babəkin ailə mənşəyi haqqında orta əsr mənbələri bir-biri ilə tam uyğun gəlmir. Atasının adı, mənşəyi və ailəsi barədə müxtəlif rəvayətlər var. Bu məlumatların bir hissəsi sonrakı müəlliflər tərəfindən ötürülüb və bəzilərində əfsanəvi elementlər də görünür.
Amma maraqlı bir xətt var.
Rəvayətlərdən birinə görə, Babəkin atası Abdullah Mədain tərəfdən tarixi Azərbaycan bölgəsinə gəlmiş, Mimadh/Meyməd mahalının Bilalabad kəndində məskunlaşmış və burada Babəkin anası Mahru ilə tanış olmuşdu. Yəni bu rəvayət Babəkin ana tərəfini tarixi Azərbaycan bölgəsinin yerli əhalisi ilə bağlayır.
Ancaq burada da ehtiyatlı olmaq lazımdır. VIII əsrdə yaşamış bir qadına bugünkü milli kateqoriyalarla “Azərbaycan türkü”, “talış” və ya başqa müasir etnik ad vermək üçün ayrıca sübut lazımdır.
Məhz buna görə ən sağlam formul belədir: Babəkin ailəsi haqqında müxtəlif rəvayətlər var, amma onu konkret olaraq “talış” və ya “lerikli” adlandıran mötəbər orta əsr mənbəsi yoxdur.
Akademik ədəbiyyatda Babək tarixi Azərbaycan bölgəsində fəaliyyət göstərən Xürrəmdin hərəkatının rəhbəri kimi təqdim edilir. Onun əsas müqavimət mərkəzi Bəzz qalası idi. Bu qala bugünkü İranın Şərqi Azərbaycan ostanında, Kəleybər yaxınlığındakı dağlıq ərazidə yerləşir.
Burada başqa mühüm bir fakt da var.
Babək qalasına yürüşlər
1990-cı illərin sonlarından etibarən İran azərbaycanlılarının Babək qalasına illik kütləvi yürüşləri formalaşmağa başladı. Xüsusilə 2000-ci illərin əvvəllərində bu toplantılar böyük miqyas aldı və müxtəlif şəhərlərdən minlərlə insan Kəleybərə gələrək dağın zirvəsində yerləşən qalaya qalxırdı.
Bu, sadəcə yerli mif və ya sosial şəbəkə söhbəti deyil. Beynəlxalq insan haqları təşkilatları da həmin toplantıları sənədləşdirib. Amnesty International öz hesabatlarında Babək qalası toplantılarında minlərlə İran Azərbaycan türkünün iştirak etdiyini qeyd edib.
Deməli, artıq təxminən dörddəbir əsrdir Babək qalası İran Azərbaycan türklərinin tarixi yaddaşında və milli-mədəni mobilizasiyasında xüsusi yer tutur.
Bu fakt Babəkin IX əsrdə müasir mənada etnik türk olduğunu öz-özlüyündə sübut etmir. Amma başqa bir şeyi çox aydın göstərir: Babək müasir İran Azərbaycan türklərinin kollektiv yaddaşında uzun müddətdir böyük tarixi simvollardan biri kimi yaşayır.
Ona görə bu gün kimsə “Babək leriklidir, deməli talışdır” deyirsə, ona veriləcək ən sadə cavab budur: Mənbəni göstərin.
IX və ya X əsrə aid hansı etibarlı mənbə Babəki talış adlandırır?
Belə mənbə yoxdursa, bu, tarix yox, müasir identitet iddiasıdır. Şah İsmayıl Xətai məsələsində isə vəziyyət daha aydındır
Şah İsmayıl Xətai 1487-ci ildə Ərdəbildə doğulub, 1501-ci ildə Təbrizdə hakimiyyətə gəlib və Səfəvi dövlətinin əsasını qoyub.
Bəli, onun uşaqlığının mühüm bir hissəsi Gilanda, Lahicanda keçib. Atası Şeyx Heydərin ölümündən sonra İsmayıl siyasi təqiblərdən qorunmaq üçün orada gizlədilmişdi.
Bu, tarixi faktdır.
Amma “Gilanda yaşayıb, deməli talışdır” məntiqi elmi nəticə deyil.
Bir insanın uşaqlığının bir neçə ilini hansı bölgədə keçirməsi onun etnik kimliyini avtomatik müəyyən etmir. Şah İsmayıl məsələsində bizim əlimizdə bundan çox güclü fakt var: onun öz ədəbi irsi. Şah İsmayıl Xətai təxəllüsü ilə böyük həcmdə türkcə şeir yazıb. Onun türkcə divanı, qəzəlləri, qəsidələri, qoşmaları və “Dəhnamə” kimi böyük əsəri qorunub.
Şah İsmayıl farsca da yazıb. Bu təbii haldır. Səfəvi dövləti çoxdilli və çoxetnik siyasi-mədəni məkan idi.
Amma onun bizə gəlib çatan türkcə poetik irsi çox böyükdür və Xətai Azərbaycan türkcəsi ədəbiyyatının klassik simalarından biri kimi qəbul olunur.
Burada çox sadə sual ortaya çıxır:
Şah İsmayılı talış elan edənlər onun talış dilində yazdığı ədəbi irsi göstərsinlər.
Bir divan.
Bir poema.
Heç olmasa etibarlı şəkildə ona aid edilən bir neçə misra.
Belə bir tanınmış ədəbi irs yoxdur.
Əvəzində qarşımızda yüzlərlə türkcə şeiri olan Xətai dayanır.
Bundan əlavə, Şah İsmayılın hakimiyyətə gəlməsində əsas hərbi-siyasi dayağı türkdilli Qızılbaş tayfaları idi. Şamlu, Ustaclu, Rumlu, Təkəli, Zülqədər və digər Qızılbaş tayfaları onun dövlət quruculuğunun əsas qüvvələrindən idi.
Deməli, burada üç fakt üst-üstə düşür:
Ərdəbil mənşəli Səfəvi ocağı.
Türkdilli Qızılbaş siyasi-hərbi mühiti.
Xətainin böyük türkcə ədəbi irsi.
Səfəvi nəslinin daha qədim, uzaq etnik kökləri barədə tarixşünaslıqda fərqli fikirlər ola bilər. Bunun ayrıca mübahisəsi var.
Amma Şah İsmayılın özünün yaşadığı siyasi və ədəbi mühit barədə faktlar kifayət qədər aydındır.
Ona görə həm Babək, həm Şah İsmayıl məsələsini çox sadə yekunlaşdırmaq olar.
Babəkin talış olduğunu deyirsinizsə — orta əsr mənbəsini göstərin.
Şah İsmayılın talış olduğunu deyirsinizsə — onun talış dilində ədəbi irsini göstərin.
Babək məsələsində belə etnik sübut yoxdur.
Şah İsmayıl məsələsində isə əksinə, qarşımızda çox böyük türkcə ədəbi irs var.
Əlbəttə, talışlar da Babəki, Şah İsmayılı sevə bilərlər. Farslar da, azərbaycanlılar da, başqa xalqlar da. Tarixi şəxsiyyətlər ümumi mədəni yaddaşın bir hissəsinə çevrilə bilər.
Amma sevmək başqa şeydir, tarixi mənsubiyyət haqqında iddia irəli sürmək başqa.
İkinci halda artıq hisslər deyil, mənbələr danışmalıdır.
Babək haqqında mənbə tələb etmək lazımdır.
Şah İsmayıl isə özü bizə cavab verib. Xətai adı ilə. Özü də türkcə…
Elbəyi HƏSƏNLİ
(İsveçrə)
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…