9 İyun 2026 / 14:04

Bakı nasaz avtomobillər bazarına çevrilir- TƏHLÜKƏLİ FAKT

…Peşə fəaliyyəti ilə bağlı Laçın-Şuşa- Xankəndi- Ağdam səfərimizi başa vurub Bakıya qayıdırıq… Yolda Bakıya doğru Gürcüstandan nasaz, istismara yararsız avtomobil daşıyan onlarla ixtisaslaşdırılmış yük avtomobilləri ilə qarşılaşırıq… Bu avtomobillərin hamısı əzilmiş, vurulmuş, qəzaya düşmüş avtomobillərdir və təqdim etdiyimiz fotoşəkillərdən də bu aydın görünür…
Bakı təhlükəsizlik yastığı sıradan çıxmış avtomobillərlə doldurulur və…
Burda diqqəti çəkən məsələ odur ki, bu nasaz, təhlükəsizlik yastığı olmayan avtomobillər Dövlət Gömrük Xidmətinin, eləcə də Sərhəd Xidmətinin, DYP-nin və digər aidiyyəti qurumların yoxlamalarından keçib Bakıdakı xüsusi məntəqələrə gətirilir… Və həmin avtomobillər təmir olunub əla vəziyyətdə olan nəqliyyat vasitəsi kimi bazara çıxarılır. Bu barədə “Təzadlar”a məlumat verən sürücülərdən biri əlavə etdi ki, bəzi hallarda həmin avtomobillər bəzək-düzəklə 2-3 qat qiymətə satılır. sitat: “…İkinci əl kimi satılan həmin avtomobillərin isə mənşəyi bilinmir. Bəzilərinin elektron sistemi sıradan çıxdığından təmirə yatımlı olmur və ehtiyat hissə kimi “ölüxanalar”da istifadə olunur…”.
Sual olunur: Azərbaycan kimi varlı ölkəyə sınıq-salxaq avtomilləri daşıyıb bazarı çirkləndirmək, hörmətsiz etmək lazımdırmı? Hansı ki, hazırda ucuz Çin avtomobilləri Bakı küçələrində doludur və tıxacların getdikcə sərtləşməsi də buna görədir.
Avtomobil satışı üzrə menecer Yaqub Süleymanov deyir ki, Çin avtomobilləri qiymətinə görə cəlbedicidir deyə, 10-20 min manat pulu və ortabab maaşı olan xanımlar, gənclər bu avtomobilləri kütləvi alırlar: “Hamı köhnə, yəni benzinlə olan avtomobilini satıb ucuz və bəzəkli Çin avtomobilini alır, lakin elektrik təchizatı bölgələrdə əlverişli olmadığından qayğısı çoxdur. Ən pisi odur ki. Azərbaycana daşınan avtomobillərin 95 faizi isə məhz Bakıda istismar edilir, yeniləri köhnələri əvəzləyir, amma köhnələr də Bakıda istifadə edilir…”.
Ölkənin avtomobil bazarı idarəetmədən çıxır?
 İşbazlar Azərbaycana nə cür avtomobil oldu daşıyıb gətirirlər. Bu isə yol təsərrüfatında eybəcərliklər yaradır. Məsələn, yolları tıxaclı Bakıda rəsmi qurumlar bir tərəfdən tədbir görmək istəyir ki, nəqliyyat sıxlığı aradan qaldırılsın, digər tərəfdən isə ölkəyə avtomobil axını sürətlə davam edir, onun da çox böyük bir hissəsi Bakının payına düşür…. Bu isə tələb edir ki, aidiyyəti rəsmi qurumlar avtomobil təsərrüfatının idarəedilməsində sərt tədbirlər görməli, alternativ variantlardan istifadə etməlidir…
Bilmək və ya öyrənmək, araşdırmaq lazımdır ki, bu nasaz avtomobillər ölkəyə necə buraxılır? Bu avtomobilləri kimlər, hansı şirkət gətirir? Ən pisi odur ki, bu avtomobillər məhz tıxacdan cana doymuş Bakıya gətirilir… Məqsəd nədir???
***
Dövlət Statistika Komitəsindən isə öyrənirik ki, təkcə 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 998 milyon 854 min ABŞ dolları dəyərində ümumi sayla 104 404 ədəd avtomobil idxal olunub. İlin əvvəlindən 96 min 57 ədəd minik avtomobili gətirilib ki, onların ümumi dəyəri 1 milyard 786 milyon 469 min dollar olub(bu dövrdə Azərbaycana 1 milyard 130 milyon dollar dəyərində 58 min 471 ədəd hibrid avtomobil idxal olunub. Həmçinin, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (elektromobil) idxalı 1 861 ədəd olub, onların da dəyəri 55 milyon 285 min dollar təşkil edib).
Adi və sadə məntiq də təsdiqləyir ki, bütün bu avtomobillərin böyük əksəriyyəti məhz paytaxtda istismardadır… O paytaxtda ki, 10-15 il əvvəl 10 dəqiqəyə getdiyimiz yolu indi ən azı 1 saata gedirik. Bu təkcə vaxt itkisi deyil, həm də yanacağa(elektrikə) çəkilən maddi itkilərdir… Qazandığımız da var: əsəb, xəstəlik, ekoloji narahatlıq…
Deməli, rəsmi qurumlar Bakı küçələrində parklama, velosiped və avtobus zolaqları üçün yer axtaranda, cərimə mənbəyi olan “Dayanma-durma” nişanlarının quraşdırılması üçün ərazi seçəndə həm də Bakı küçələrindəki avtomobillərin sayını necə azaltmağı da fikirləşməlidirlər…
A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!