6 Aprel 2025 / 17:07

Bakı sakininə qarşı saxta VÖEN üzərindən vergi borcu oyunu

Vətəndaş başına gətirilən müsibətlərlə bağlı dövlət başçısından kömək istəyir

Bu barədə Tezadlar.az-a Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 23, mənzil 4 ünvanında yaşayan Səfərov Elçin Vaqif oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış şikayət ərizəsinin surəti daxil olub.

Şikayətçi bildirir ki, 2013-cü ildə tanış olduğu Anar adlı şəxs sonradan düşünülmüş şəkildə cirkin niyyətlərini həyata keçirmək üçün onunla dostluq münasibəti yaradıb: “Bundan sonra o, inamımdan və etibarımdan sui-istifadə edərək, adıma VÖEN açdıraraq, uzun illər ticarətlə məşğul olub və bu günə qədər mənə ciddi ziyan vurub. Məsələnin qanunsuz tərəfi ondan ibarətdir ki, həmin VÖEN-in 2024-cü ilin ortalarında deaktiv edilməsinin üzərindən bir müddət keçdikdən sonra məlum olub ki, o, illər əvvəl xəbərim olmadan saxta sənədlərlə və imza ilə bir daha 1802138252 saylı VÖEN-i yeniləyərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi və Xudu  Məmmədov küçələrinin  kəsişməsində yerləşən 2944 A yaşayış binasının 400 kv.m  qeyri-yaşayış sahəsi olan hissəsinin 10 kv.m sahəsini icarədar Abasoov Valeh Surxay oğlu (ş/v AZE N. 08209097. 30.08.2010- cu il tarixində Xətai RPİ tərəfindən verilib ) ilə 01.02.2024-cü il tarixdə icarə müqaviləsi bağlayıb (imza mənim deyil), bundan sonra o, vergi ödənişlərini vaxtlı-vaxtında həyata keçirmədiyindən, mənə 08.05.2024-cü il tarixdə 6372 manat 35 qəpik məbləğində vergi borcumun olmasına dair Vergi Xidmətindən məlumat daxil olub. Məlumatı aldıqdan dərhal sonra Anar Abdullayev ilə əlaqə saxlayıb, məlum vergi borcunun hansı səbəbdən yarandığını müzakirə etdiyimiz zaman ciddi narahatçılıq hissi keçirdiyimi onun diqqətinə çatdırdıqda, o, öz növbəsində narahatçılığa heç bir əsasın olmadığını bildirərək, həmin vergi borcunu tez bir zamanda ödəyəcəyini və tərəfimdən hər hansısa araşdırmaya ehtiyac olmadığını bildirdi (Xüsusi olaraq qeyd etmək istəyirəm ki, hal-hazırda həmin ünvanda  vergidən yayınmaqla qanunsuz fəaliyyət göstərilir). Daha sonra 19.09.2024-cü il tarixdə yaşadığım ünvana yeni bir məlumat xarakterli məktub daxil oldu ki, həmin  məbləğin üzərinə gələn faizlərlə birlikdə ümumi vergi borcu – 7176 manat 17 qəpiyin ödənilməyəcəyi halda, məhkəməyə müraciət ediləcək. Yenidən Anar Abdullayevin işlədiyi ünvana gedərək,üzərimə məhkəmə qaydasında öhdəliyin qoyulacağı barədə məlumatın daxil olduğunu bildirdikdə, bu dəfə Anar ona vaxt verməyimi xahiş edərək, həmin borcu yaxın günlərdə ödəyəcəyi öhdəliyini öz üzərinə götürərək, məni bir daha arxayın saldı. Lakin bundan sonra Anar Abdullayev məni aldadaraq, həmin vergi borcunun ödənilməsi öhdəliyindən müxtəlif bəhanələr gətirərək, yayındı. Daha sonra,17.10.2024-cü il tarixdə yaşadığım ünvana məhkəmə bildirişi daxil olduqdan bir neçə gün sonra yuxarıda qeyd olunan əsas borcun tam şəkildə ödənilməsi öhdəliyi məhkəmə qaydasında üzərimə qoyuldu və ümumilikdə 7550 manat vergi borcu tərəfimdən ödənildi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, özüm orta təhsilliyəm və 17 ildir ki, Bakı şəhərində yerləşən restoranların birində aşpaz işləyirəm. Yeni ailə həyatı  qurmuşam və ailəmizin bütün sosial qayğıları mənim üzərimdədir. Nə qədər ağır olsa da, deməliyəm ki, uzun illərin zəhməti hesabına əldə etdiyim gəlirlə aldığım 2000-ci istehsal tarixi olan “Mercedes” markalı avtomobilimi sataraq, həmin borcu ödəmək məcburiyyətində qaldım. Nə vaxtsa haqqın qalib gələcəyi günün ümidi ilə yaşadım, ruhdan düşmədim, daha çox qayğılarla həyatımızı yaşamağa davam etdik.

Hörmətli cənab Prezident!

Bütün bunlara baxmayaraq, daha dəhşətlisi isə odur ki, başıma  gətirilənlər azmış kimi, 10.03.2025-ci il tarixdə elektron poçt ünvanıma Yapı Kredi Bank tərəfindən daxil olan Vergi sərəncamına əsasən, 5079 manat 70 qəpik və 7613 manat 72 qəpik məbləğində vergi borcu gəlməklə, ümumilikdə 12693manat 42 qəpik məbləğində borc yarandığı bankın daxili sistemində oz təsdiqini tapır. Bu barədə ünvanıma Vergi Xidmətindən rəsmi məlumat daxil olmasa da, cərəyan edən proseslər onu deməyə əsas verir ki, yenidən məhkəmə qaydasında qeyd olunan məbləğin üzərimə qoyulması təhlükəsinin yenidən yarana biləcəyi istisna edilmir. Bu üzdən də məcbur qalaraq mövcud vəziyyəti diqqətinizə çatdırmaq məcburiyyətindəyəm.

Məlum olduğu kimi, hər bir Azərbaycan vətəndaşının toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Eyni zamanda, yaranışından kamil olan insanın sərbəst yaşamaq hüququnun təmin edilməsi ilə bərabər, Konstitusiya və qanunlara əməl etmək, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək öhdəliyi vardır.

Hörmətli cənab Prezident!

Məhz Sizin rəhbərliyiniz altında müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının genişləndiyi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması istiqamətində görülən tədbirlərin həyata keçirildiyi bir zamanda, bu kimi hadisələrin baş verməsi cəmiyyətimiz və dövlətimiz üçün mənfi hadisədir və Sizdən xahiş edirəm ki, baş verənlərə hüquqi qiymətin verilməsi və mənə dəymiş maddi ziyanın geri qaytarılması istiqamətində aidiyyəti üzrə öz müvafiq tapşırıqlarınızı  verəsiniz. Qeyd etmək istəyirəm ki, Sizə etdiyim bu rəsmi müraciətin sürətlərini Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və ölkəmizdə fəaliyyət göstərən İnsan Hüquqları Komitələrinə təqdim edəcəyəm ki, həmin dövlət qurumları da baş vermiş hadisəni diqqətdə saxlasınlar və hazırkı fakt üzrə cinayət əməlini törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində hüquqi tədbirlər həyata keçirsinlər.

İnanıram ki, Sizə etdiyim bu rəsmi müraciətdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi Kənan Quliyev baş verənlərə biganə qalmayacaq və cəmiyyətdə bu istiqamətdə cəzasızlıq mühitinin yaranmaması naminə istintaq tərəfindən ədalətli qərar qəbul olunmaqla, qeyd edilən 12693 manat 42 qəpik borc məbləğinin yuxarıda qeyd etdiyim ünvanda fəaliyyət göstərən Anar Abdullayevin üzərinə  qoyulması ilə yanaşı, mənə dəymiş ziyanın – 7500 manatın geri qaytarılması istiqamətində humanizm və ədalət prinsipləri rəhbər tutularaq hüquqi tədbirlər görüləcək.

Hörmətli cənab Prezident!

Sizə əvvəlcədən bütün ailə üzvlərimiz adından dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram”.

REDAKSİYADAN: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!