Əsas məzmuna keç

Bakı şəhərini niyə sel aparır?-EKSPERT ŞƏRH EDİR

Çalışdım köhnə təsərrüfatçı kimi izah edim… Mövzu qəliz olduğu üçün telefonla götürlən intervüdə bəzi kiçik təhriflər var.
Sahib Məmmədov: “Şəhərsalmada 100-200 il sonra nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, şəhər böyüyəcək, əhali sayı artacaq, idarə və müəssisələr çoxalacaq”
Şəhərin yağış sularına təslim olmağının bir neçə səbəbləri var.
1) Problem Bakının relyefidir. Bakının relyefi dağlıq, enişli-çıxışlı olduğundan su kütləsi şəhərin aşağı hissələrinə doğru axır və orada toplanır. Amma yağış suyunun ötən günlərdə müşahidə etdiyimiz kimi həddindən artıq toplanması üçün intensiv, leysan xarakterli yağışların yağması lazımdır. Bizsə görürük ki, adi mövsüm yağışları zamanı da yol-iz keçilməz olur. Demək, başqa problemlər daha güclüdür.
2) Problem idarəetmədir. Böyük şəhərlərdə idarəetmə adətən şəhər təsərrüfatında, yerli bələdiyyələrdə olur. Belədə idarəetmədə koordinasiyaya nail olmaq da asandır. Məsələn, sovet illərində elektrik enerjisindən tutmuş, qaz, istilik, təhsil, səhiyyə, yol tikintisi, körpü, tunel… hamısı şəhər icraiyyə komitəsinin strukturlarına daxil idi. Hər sahə üzrə şöbə vardı. Sonra bu şöbələr hamısı ayrı-ayrı qurumlara, agentliklərə çevrildi, hamısı da özünün ağası oldu. İndi hər kəs özü bildiyi kimi işləyir. Bakı Şəhər İcra Hakimiyyəti də bəzən tenderlərdə iştirak edir. Amma deyək ki, hardasa bir yol və ya kanalizasiya xətti çəkilirsə, bunun BŞİH-yə aidiyyəti olmur. Belə şəraitdə Eldar Əzizov neyləyə bilər?! Şəhərin idarə edilməsi səlahiyyəti BŞİH-də deyil. Bəli, icra hakimiyyətləri vəzifələrini lazımi şəkildə yerinə yetirib, qüsurlar barədə xəbərdarlıq edə bilər, məlumat verə bilərlər. Amma yenə də işə müdaxilə etməyə səlahiyyətləri çatmayacaq.
3) Problem Bakı şəhərinin yeraltı drenaj sisteminin və şəhərin miqyasına uyğun kanalizasiya sisteminin olmamasındadır. Sovet illərində, konkret 1970-ci illərdə, ümummilli lider Heydər Əliyev #Azərbaycan/a rəhbərlik etdiyi illərdə Şərq Yeraltı Tikinti İdarəsi vardı. Bu idarə tərəfindən diametri 2,5 metr olan yeraltı tunel qazıntısına başlanmışdı. Bu tunel məhz yağış suları üçün nəzərdə tutulurdu və Azneft meydanından taki Zığa qədər uzanmalıydı. Tunel müəyyən qədər tikildi, sonra isə məlum səbəblərdən iş yarımçıq qaldı. O tunel tikintisini bərpa etmək və işə salmaq lazımdır. Mən Yasamal Rayon İcra Hakimiyyətində işlədiyim vaxt Bəsti Bağırova küçəsində su toplanırdı. Araşdırdıq, gördük ki, yeraltı drenaj sistemi yoxdur. Kanalizasiya başqadı, drenaj sistemi başqa. Kanalizasiya məişət tullantı suları üçündür, drenaj sistemi başqa. Drenaj sistemi qrunt sularını axıtmaq üçündür. Açıq drenaj arxlarla, bayaq dediyim beton kanallarla qurulur, qapalı drenaj da yer altında çəkilən borularla. Bununla da yerin üstündəki su yerin altı ilə axıdılır.
4) Problem həm də şəhər kanalizasiya sisteminin yükgötürmə qabiliyyətinin aşağı olmasıdır. Şəhər hər keçən gün böyüyür, amma kanalizasiya sistemi ötən əsr Bakısının ölçülərindədir. Şəhər tikilir, amma nə kanalizasiya sistemi yenilənir, nə də yağış tuneli tikilir. Hündürmərtəbəli binalar ucaldılır, hamısı da köhnə kanalizasiya şəbəkəsinə qoşulur. Mən dünyanın bəlkə də 120-130 şəhərlərində olmuşam. Şəhərlər görmüşəm ki, yol və səki kənarları ilə yağış sularının axması üçün xüsusi dəliklər qoyulub, kanalcıqlar salınıb. Və yağış suları, təkcə yağış suları da yox, məsələn, küçələr yuyularkən axan su bu kanalcıqlar vasitəsilə yağış sularını daşımaq üçün tikilmiş vahid şəbəkəyə daşınır. Misal üçün, Alma-Atı da Bakı kimi amfiteatr relyeflidir. Orda səkilərin kənarında beton kanallar var. Bizdə necədi? Elə yollar, lap elə magistral yollar var ki, bir dənə də yağış axarı qoyulmayıb. Bəs bu su hara axsın?!.
S.Məmmədov qeyd etdi ki, yollarda yığılıb göllənən suları çəkib axıtmaq üçün güclü nasoslar olmalıdır. Bəlkə də var, amma tam gücü ilə işləmir.
5) Problem Bakının hidrogeoloji quruluşudur. Bakının yerin altından daim su çıxan hissələri var. Məsələn, metronun “28 May-Nizami” xətti tikilərkən yeraltı su səbəbindən işçilər çalışa bilmirdi. Suyu tuneldən çıxarmaq üçün güclü hava vurulurdu, hava suyun önünü kəsirdi, ancaq bundan sonra fəhlələr işləyə bilirdilər. “Elmlər Akademiyası-Nizami” xəttində 144 yerdən bənd vurulub, yeraltı çayların önünü kəsmək üçün. Yəni Bakı nəhəng tunel-tikinti işləri üçün çox çətin relyefdir, çətin də hidrogeoloji quruluşa malikdir.
S.Məmmədov bildirdi ki, şəhərsalmada gələcəyə hesablanma mühüm məsələdir:
– Şəhərsalmada 100-200 il sonra nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, şəhər böyüyəcək, əhali sayı artacaq, idarə və müəssisələr çoxalacaq. Təəssüf ki, Bakının təxminən 90 faizi sökülüb yenidən tikilib, amma nə kanalizasiya sistemi yenidən qurulub, nə də drenaj sistemi. Qısası, şəhərin üstünü tikmişik, altını unutmuşuq. Əgər zamanında drenaj sistemi lazımi şəkildə qurulsaydı, indi biz bu problemləri yaşamazdıq. Baş verənlər illərin səhvləridir. Üst-üstə yığılıb, şəhəri su basması ilə nəticələnib. Məndən soruşursunuzsa, hesab edirəm ki, Bakı şəhərində dağ-mədən üsulu ilə kanalizasiya, drenaj sistemi tikilməlidir. Əks halda gərək şəhəri söküb təzədən tiksinlər.
Sahib Məmmədov
QHT rəhbəri
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…