Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/10
Şikayətçilər: «Biz ATV-yə müraciət etdik. Televiziyanın əməkdaşları gəlib yerində şikayətimizi dinlədi, çəkilişlər etdi, bizimlə birgə 122 saylı MİS-ə getdilər, süjetlər və müsahibələr hazırladılar. Əfsuslar olsun ki, obyekt sahibi kiminsə vasitəsi ilə ATV-ni də susdurdu…»
Dünən Bakının Xətai rayonu, Gəncə prospekti-41 saylı binanın sakinləri redaksiyamızda oldular… Onların təqdim etdiyi foto və videogörüntülər bizi də dəhşətə gətirdi. Məlum olur ki, ərazi üzrə sabiq MİS rəisi Sovetlər dönəmində tikilmiş, dayanıqlılığı-bünövrəsi beton sütunlar üzərində qurulmuş binanın yüzlərlə sakininin həyatını təhlükəyə ataraq onsuz da alçaq tavanlı zirzəmisini bünövrədən də aşağı qazaraq özünə nəsə iaşə obyekti yaratmaq istəyir.
Sakinləri bir-bir dinlədik, təqdim edilən foto və videogörüntülərə birlikdə baxdıq… Bu gün isə əməkdaşımız və fotoreportyorumuz binanın bünövrəsinə yerində baxış keçirərək faktın doğru olduğunu bir daha yəqinləşdirdi.
Beləliklə, sakinlərin şikayətlərində qeyd olunan xüsusatlarla bağlı «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə, Xətai rayon Polis İdarəsinə və Xətai rayon İcra Hakimiyyətinə informasiya sorğusu hazırlanıb və elektron qaydada göndəriləcək.
«Çox hörmətli cənab nazir!
Biz-Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti-41 saylı binanın sakinləri həyəcanla Sizə bildiririk ki, yuxarıda göstərilən ünvanda yaşayan 36 ailənin həyatı təhlükə qarşısındadır. Yaşadığımız bina ikigirişli, doqquzmərtəbəli, 36 mənzilli, yarımzirzəmi, dəmir-beton (panel) konstruksiyalı binadır.
Rayonun 122 saylı Mənzil Kommunal İstismar Sahəsinin sabiq rəisi Sadiq Allahverdiyev sakinlərin xəbəri olmadan bir müddət əvvəl yarımzirzəminin tanımadığımız bir şəxsə (öz qohumuna) satılmasını təşkil etmişdir. Yaşadığımız bina layihələndirilərkən yarımzirzəmidə hər hansı fəaliyyət növü nəzərdə tutulmamışdır. Belə ki, nə kənardan yarımzirzəmiyə daxil olmaq üçün, nə də yarımzirzəmidəki otaqlar arasında normal ölçülü keçid qapıları yoxdur. Yarımzirzəmidəki otaqlar arasında müxtəlif ölçülü kiçik dördbucaqlı keçidlər var(Fotoşəkillər və videogörüntülər təqdim edilir). Yarımzirzəmidəki bütün divarlar və sütunlar, bünövrəaltlı panelər üzərindədir, yükdaşıyıcıdır. Yarımzirzəminin hündürlüyü normaya cavab vermədiyi üçün (çox alçaqdır) yarımzirzəmi hər hansı fəaliyyət üçün tamamilə əlverişsizdir.
Xatırladırıq ki, 2010-cu ilin noyabr ayından bu günədək müxtəlif vaxtlarda müxtəlif şəxslər sakinlərin xəbəri olmadan gəlib (özlərini obyekt sahibi kimi təqdim edərək) yarımzirzəmidə bir çox dəyişikliklər etmiş, binanın dayanıqlığına ciddi zərər vermişlər. Onlar zirzəminin hündürlüyünü artırmaq məqsədilə yarımzirzəmidəki otaqların içərisində bərkidilmiş torpaq layı da qazıb çıxarmış, binanın özülündəki blokların ətrafını boşaltmış, özülü tamamilə zəiflətmişlər. Artıq biz kiçik çatların da olduğunu gözlə görürük. Otaqlar arasındakı keçidləri genişləndirmək məqsədilə divarları aşağıya doğru sındırıb dağıtmış, armaturaları kəsmiş, fasad divarını sındırıb dağıtmaqla yarımzirzəmiyə giriş qapısı açmağa çalışmışlar.
Xatırladırıq ki, bununla əlaqədar biz dəfələrlə aidiyyəti qurumlara, eləcə də FHN-nə (23.10.2010, mart 2013 və 25.05.2013), Bakı şəhər İcra Hakimiyyətinə (23.05.2013) şikayət ərizəsi ilə müraciət etmişik. Bir neçə dəfə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən şikayətimiz yerində araşdırılmış, bizə cavab məktubları göndərilmişdir, obyekt sahibinə təhlükəli işlərin dayandırılması haqda xəbərdarlıq edilməsinə baxmayaraq obyekt sahibi bu günədək göstərişlərə məhəl qoymur, vaxtaşırı xəlvətcə öz təhlükəli əməlini davam etdirir. Hətta 11 mart 2013-cü ildə biz Azad Azərbaycan Televiziyasına müraciət etdik. Televiziyanın əməkdaşları gəlib yerində şikayətimizi dinlədilər, çəkilişlər etdilər, bizimlə birgə 122 saylı Mənzil Kommunal İstismar Sahəsinə getdilər, süjetlər və müsahibələr hazırladılar. Əfsuslar olsun ki, obyekt sahibi kiminsə vasitəsi ilə ATV-ni də susdurdu. Televiziya bizim şikayətimizi işıqlandırmadı.
Biz 26.10.2015 və 05.11.2015-ci il tarixlərində FHN-nin 112 Qaynar xidmətinə və Xətai rayon İcra Hakimiyyətinə zəng edərək real təhlükələr barədə olan şikayətimizi bir daha bildirdik. Yenə də heç bir nəticəsi olmadı. FHN-dən isə həmin vaxt eyni şablon cavabı aldıq.
Şikayətçilər: «Biz ATV-yə müraciət etdik. Televiziyanın əməkdaşları gəlib yerində şikayətimizi dinlədi, çəkilişlər etdi, bizimlə birgə 122 saylı MİS-ə getdilər, süjetlər və müsahibələr hazırladılar. Əfsuslar olsun ki, obyekt sahibi kiminsə vasitəsi ilə ATV-ni də susdurdu…»
Cənab nazir! Obyektivliyinizə inanaraq bilirik ki, Siz bəzi şəxslərin məqamından istifadə edərək vətəndaşların həyatına bu cür tamahkar yollarla ağır zərbə vurmasına qarşısınız, belə hallarla barışmazsınız. Sabah binada bədbəxt hadisə baş versə, bina yaşayış üçün təhlükəli olarsa, kim cavab verəcək? Bu bəzi məmurlar niyə dövlətimizə əlavə qayğı və problem yaratmaq istəyirlər??? Biz bunları nəzərə alaraq müqavimətimizi soadək aparmaqda israrlıyıq.
Onu da diqqətinizə çatdırırıq ki, 2026-cı il mart ayının 12-də 2 nəfər gələrək söküntü-dağıntı işlərini davam etdirməyə başladı. Biz yenidən FHN-nin 112 xidmətinə zəng etdik. 16 mart 2026-cı il tarixdə FHN-nin əməkdaşları gəlib obyekt sahibi ilə görüşüb, söhbət etdilər və nəticəni bizə demədən getdilər. Təəssüflə bildiririk ki, 2026-cı il iyunun 12-si və 13-də yenidən yarımzirzəmidə söküntü-dağıntı işlərini davam etdirməyə başladılar. Biz sakinlər binamızın yarımzirzəmisində ciddi təhlükə mənbəyi olan(hər hansı çıxarışının olmadığına əmin olduğumuz) hansısa obyektin yaradılmasına və fəaliyyətinə qəti şəkildə etirazımızı bildiririk. Bizi bir şey düşündürür: nə üçün belə bir qanunsuz əməllərə şərait yaradan vəzifəli şəxslər, Cənab nazir, sizin bu cür neqativ hallara qarşı ciddi, kəskin, davamlı irad və mübarizənizə məhəl qoymurlar?
Biz bir daha narahatlıqla bildiririk ki, 36 ailə faciənin astanasındadır. Ümid edirik ki, gələcəkdə baş verə biləcək təhlükədən qorunmağımız üçün lazımi tədbirlər görüləcək və bizim narahatlığımıza son qoyacaqsınız.
Cənab nazir! Xahişimiz budur ki, əgər obyekt sahibinin bu yarımzirzəmiyə çıxarışı varsa, çıxarışın ləğv olunması üçün bizə kömək edəsiniz.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Hörmət və ehtiramla sakinlər.
29 iyun 2026-cı il».
REDAKSİYADAN: barəsində ittihamlar səsləndirilən və məlum qazıntıların aparılmasına israr edən sahibkarın bizə verilən telefon nömrəsinə zəng etsək də cavab verilmədi. Onun da sübutlu mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdılacaq, araşdırmamız davam edir.
«Təzadlar»ın Araşdırma Qrupu