İspaniyanın IE Universiteti Azərbaycanda sahibkarlığın və innovasiyanın inkişafına, yeni şirkətlərin yaradılmasına və gələcək biznes liderlərinin yetişdirilməsinə töhfə verməklə ölkədə və regionda təhsil vasitəsilə transformasiya yaratmağı hədəfləyir.
Tezadlar.az xəbər verir ki, bunu IE Universitetinin icraçı prezidenti Santiago Íñiguez de Onzoño ADA Universitetində İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji tərəfdaşlığı ilə yaradılan IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışında bildirib.
O bildirib ki, mərkəzin fəaliyyətindən əsas gözlənti yaxın illərdə konkret nəticələr əldə etmək və sahibkarlığın inkişafına real təsir göstərməkdir.
“Qarşıdakı 5-10 il ərzində real təsir yaratmaq istəyirik. Bakıda, eləcə də Asiyada, Mərkəzi Asiyada və dünyanın digər bölgələrində daha çox sahibkarın şirkətlər qurduğunu görmək istəyirik.
Təhsil vasitəsilə müxtəlif təşəbbüslərə istiqamət vermək barədə ortaq baxışımız bizi birləşdirən əsas amillərdən biridir”, – o qeyd edib.
S. Íñiguez de Onzoño IE Universitetinin inkişaf strategiyasının da ənənəvi yanaşmalardan kənara çıxmaq və sahibkarlıq ruhunu təşviq etmək üzərində qurulduğunu vurğulayıb.
“IE Universitetini qurarkən başa düşürdük ki, ən yaxşı universitetlərlə rəqabət aparmaq cəsarətli addımdır. Oksford kimi aparıcı universitetlərlə rəqabət aparmağın yeganə yolu sahibkarlıq ruhu ilə hərəkət etməkdir. Biz 10 il ərzində ən yaxşı universitetlərdən birinə çevrilməyi hədəfləyirdik.
Bunun üçün fərqli düşünmək, ənənəvi yanaşmalardan kənara çıxmaq və mövcud qaydaları dəyişməyə hazır olmaq lazımdır. Sahibkarlarımıza da məhz bu yanaşmanı öyrədirik. Onlar formalaşmış sənaye sahələrinə daxil olduqda və aparıcı təşkilatlarla rəqabət apardıqda fərqli düşünməyi bacarmalıdırlar”, – universitet rəsmisi bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yaradılan Liderlik və İnnovasiya Mərkəzinin fəaliyyəti də bu strategiyaya əsaslanacaq. Təşəbbüsün məqsədi universitetin sahibkarlıq, innovasiya və humanitar elmlərin təhsildə transformativ roluna əsaslanan təcrübəsini Azərbaycana gətirməkdir.
“Burada həyata keçirməyi planlaşdırdığımız təşəbbüs də əslində oxşar strategiyaya əsaslanır. Mədəniyyətimizi səciyyələndirən bütün dəyərləri, o cümlədən sahibkarlığı, innovasiyanı və humanitar elmlərin təhsildə həqiqi transformasiya yarada biləcəyinə inamımızı Azərbaycana gətirmək istəyirik.
Bütün bunları texnologiyanın yaratdığı imkanlarla birləşdirərək təkcə Bakını və Azərbaycanı deyil, bütövlükdə regionun digər hissələrini də transformasiya etməyi hədəfləyirik”, – S. Íñiguez de Onzoño əlavə edib.







