21 İyul 2026 / 22:20

Bal arısı sancdıqdan sonra niyə ölür?

Bal arılarının sancdıqdan sonra ölməsi çoxlarına maraqlı gələn təbiət hadisələrindən biridir. Alimlər bunun səbəbini izah edərək bildirirlər ki, bu xüsusiyyət yalnız bal arılarında müşahidə olunur, eşşəkarıları isə sancdıqdan sonra sağ qalırlar.

Tezadlar.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çiçəklərdən nektar toplayan bal arıları dişidir. Onların sancacağı yumurtaqoyan orqandan formalaşıb. Erkək arılar yəni trutnilər nə bitkiləri tozlandırır, nə də sanca bilirlər. Onların əsas vəzifəsi yalnız çoxalmada iştirak etməkdir. Bal arısının sancacağı hamar deyil, xırda dişciklərlə örtülüb və qarmaq kimi quruluşa malikdir. Arı insanı sancdıqda bu dişciklər dəridə ilişib qalır. Uçub uzaqlaşmağa çalışarkən sancacaq yerindən çıxmır və arının qarın nahiyəsinin bir hissəsi, eləcə də bəzi daxili orqanları qopur. Məhz buna görə bal arısı sancdıqdan sonra ağır xəsarət alır və adətən bir neçə dəqiqə ərzində ölür. Alimlər hesab edirlər ki, arı sancmazdan əvvəl öləcəyini dərk etmir. Ümumiyyətlə, bal arıları insanlara səbəbsiz hücum etmirlər. Onlar təhlükə hiss etdikdə ilk növbədə uzaqlaşmağa çalışır, sancacaqdan isə yalnız çıxılmaz vəziyyətdə istifadə edirlər.

Bəs eşşəkarıları niyə ölmür?

 

Eşşəkarılarının, hornetlərin və çiçək arılarının sancacağı isə hamardır. Buna görə də onlar sancacağı dəridən rahatlıqla çıxara bilir və daxili orqanlarına zərər dəymir. Nəticədə bu həşəratlar eyni hədəfi bir neçə dəfə ardıcıl sancmaq qabiliyyətinə malik olurlar. Mütəxəssislər bildirirlər ki, insan baxımından bu mexanizm qəddar görünsə də, təbiətdə bunun mühüm rolu var. Bal arısı fərdi şəkildə deyil, pətəyin bir hissəsi kimi dəyərləndirilir. O, çoxalma qabiliyyətinə malik olmadığından əsas missiyası koloniyanı qorumaqdır. Özünü qurban verməklə minlərlə digər arının və pətəyin təhlükəsizliyini təmin edə bilir. Bu müdafiə mexanizmi milyonlarla il ərzində qorunub saxlanılıb və bal arılarının sağ qalmasında mühüm rol oynayıb.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!