Uzun illər İsmayıllı 1 saylı tam orta məktəbin direktor müavini işləmiş tanınmış tarix müəllimi, el ağsaqqalı Vidadi Soltanovun giley dolu bu məktubu ürək ağrıdandır. Tezadlar.az-a göndərilmiş məktubu təqdim edirik:
“…Bura İsmayıllı Rayon İcra Hakimiyyətinin binasıdır. 9 sentyabr tarixində bir vətəndaş kimi icra hakimiyyətinə üz tutub vətəndaş qəbuluna gedim. Tam günorta saat 13:30-a (2-nin yarısına) qədər qapıda gözlədildim. Əsassız, izahsız, sadəcə biganəliklə…
Mən 45 ilini gənc nəslin tərbiyəsinə, bu xalqın tarixini öyrətməyə həsr etmiş bir tarix müəllimiyəm. Şərəflə keçdiyim bu uzun illərdən sonra ömrümün bu çağında belə bir hörmətsizliklə və laqeydliklə qarşılaşmaq adamın qəlbini göynədir.
Azərbaycan tarixində, bizim milli adət-ənənəmizdə ağsaqqala, ziyalıya, vətəndaşa qarşı belə soyuq münasibət nə zaman görünüb?
Hər addım nəzarətdə, hər qapı bağlı… Saatlarla gözlədikdən sonra günorta saat 13:30-da müavin Eyyub bəy yaxınlaşıb rahatlıqla bildirir ki, “Başçı Nahid Bağırov sizi qəbul etmək istəmir.”
Bəs soruşuram: İcra başçısı o kresloda kim üçün əyləşib? Xalqa, bu rayonun ağsaqqalına, müəlliminə xidmət etməyəcəksə, kimi və nəyi idarə edir? Vətəndaşı saatlarla gözlədib sonda “qəbul etmir” deyib qapıdan qaytarmaq hansı idarəçilik prinsiplərinə sığır?
Bir rayon ağsaqqalı və ömrünü bu torpağa həsr etmiş ziyalı kimi bu mənzərəni görmək mənə dərin acı verir. Bilsinlər ki, vəzifə müvəqqətidir, amma xalqın yaddaşı və tarix heç nəyi unutmur!”.
Nə deyək, ABU- nu 2 ilə bitirən icra başçısından bundan artıq nə gözləmək olar ki!?







