6 İyun 2026 / 22:02

Bayraqdar Cahid Hilaloğlunun məzarı ziyarət olundu- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın Müstəqilliyinin əsas atributu olan üçrəngli bayrağımızı Sovetlər dönəmində- 1956-cı ildə rejimə etiraz əlaməti kimi və ölkəmizin müstəqilliyi şərəfinə Bakının mərkəzində – Qız Qalasının ən uca yerində dalğalandıran fədakarımız Cahid Hilaloğlunun xatirəsi ən yüksək statusla yad edilməkdədir. Onu da qeyd etmişdik ki, Tezadlar.az tariximizin həmin şərəfli səhifələrinə adlarını yazan bu qəhrəmanımız barədə geniş material hazırlayır. Bu istiqamətdə araşdırmalarımız daha bir maraqlı faktı ortaya çıxarmışdır. Belə ki, Cahid Hilaloğlu 1928- ci ldə Ağdamda (Ağdam qəzası) anadan olmuş, 30 may 1991-ci ildə dünyasını dəyişmişdir. Onun ölüm tarixi barədə isə Mərzili kəndinin dəyərli ziyalılarından olan Vahid Qasımov “Təzadlar”a bildirmişdi ki, o, 1991-ci ildə Ağdamda naməlum şəraitdə avtomobil qəzasında həyatını itirmiş və Ağdamın Mərzili kəndində dəfn edilmişdir… “Təzadlar”ın reportyorları Cahid Hilaloğlunun barəsində geniş araşdırmalar aparmış, onun məzar yerini dəqiqləşdirərək əlavə videosujet hazırlamağa qərar vermişdi…

***

Nəhayət, bu gün Cahid Hilaloğlunun hüquqi varisi- qızı, Azərbaycanın Xalq artisti, Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası Naibə Allahverdiyeva və Teatrın Həmkarlar Təşkilatının sədri, Azərbaycanın və Rusiyanın Əməkdar artisti İlham Əsədovla birlikdə Cahid Hilaloğlunun 1991- ci ildə dəfn edildiyi məzarlığa- Mərzili kənd qəbiristanlığına yola düşdük…

***

…Bu da işğaldan azad edilmiş Mərzili kəndinə həmin tarixi, müqəddəs ziyarət… Məzarlıqda 35 ilin işğal tarixini və yaralarını özündə- daş yaddaşında saxlayan kövrək xatirələrlə qarşılaşırıq… Bizi məzarlıqda  Cahid Hilaloğlunun doğmaları- İlqar və Vahid bəy, eləcə də digər xanım qohumları qarşılayırlar… O da məlum oldu ki, Bərdənin axundu dəyərli Hacı Ramazan bizdən az əvvəl məzarlıqda olub və Cahid Hilaloğlunun ruhuna Quran tapşırıb, məzarı başında ürək sözlərini söyləyib…

…Və, nəhayət, bu da qızı Naibə Allahverdiyevanın 35 ildən sonra atasının məzarı başında onun ruhu və atasının 1956- cl ildə Bakıda- Sovet rejiminə etiraz əlaməti olaraq Qız Qalasında qaldırdığı üçrəngli bayrağımızla  ruhi söhbəti, atasına qan donduran kövrək müraciəti… Tezliklə geniş videoreportaj təqdim ediləcək…

JASMİN

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!