Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2026 / 11:38

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİ NÜSRƏT NAĞIYEV

Bəzən Allah bir kəndə elə övladlar bəxş edir ki, onların ömrü bir insan ömründən çıxıb bir millətin taleyinə çevrilir. Onlar dünyaya yaşamaq üçün gəlsələr də, talelərinin sətirlərində şəhadət yazılır. Onların addımları torpaq üzərində atılır, lakin mübarək ruhları göy üzünə nur saçır.

Belə igidlərdən biri də Birinci Qarabağ müharibəsinin qəhrəman şəhidi Nağıyev Nüsrət Salman oğludur. 4 iyul 1969-cu il tarixində Tovuz rayonunun Bayramlı kəndində dünyaya gələn Nüsrət ailənin yeddinci övladı, evin son beşiyi idi. Üç bacı, üç qardaş arasında böyüyən bu nur üzlü oğlan hələ uşaqlıqdan ailənin sevinc mənbəyinə çevrilmişdi.

Altı yaşına qədər Bayramlı kənd uşaq bağçasında tərbiyə almışdır. Həmin bağçada anası Nağıyeva Ətlaz Ələkbər qızı aşpaz işləyirdi. Anasının qayğıkeş əlləri, halal zəhməti və müqəddəs ana duası onun mənəvi dünyasının formalaşmasında böyük rol oynamışdı.

Atası Salam kişi Seyyid nəslindən idi. Nəsildən-nəslə ötürülən mənəvi paklıq, haqq sevgisi və mərdlik onun qanında yaşayırdı. El arasında deyərlər ki, insanın kökü necədirsə, budaqları da elə olar. Nüsrətin də ruhunda qəribə bir ülvilik, bir təmizlik vardı. Sanki Allah onu hələ körpə ikən başqa bir tale üçün seçmişdi.

1975-ci ildə Bayramlı kənd indiki Elşad Orucov adına tam orta məktəbin birinci sinfinə qədəm qoymuşdur. Məktəb illərində müəllimlərin və şagirdlərin xüsusi rəğbətini qazanmışdı. O, sinfin ən çalışqan şagirdi olmasa da, ən sevilən şagirdlərindən biri idi. Çünki insanı böyük edən təkcə biliyi deyil, həm də qəlbinin gözəlliyidir. Onun mehribanlığı, səmimiyyəti və təmiz ürəyi hər kəsi özünə bağlayırdı. Sinifdə oxuyan qızlar onu öz doğma qardaşları kimi sevər, ona böyük etimad göstərərdilər. O, sakit, təvazökar, heç kimin xətrinə dəyməyən, insanları özündən çox sevən bir gənc idi.

Nüsrət dostluğa xüsusi önəm verən insan idi. Onun həyatından danışılan bir hadisə bu xüsusiyyətini ən gözəl şəkildə əks etdirir.

Dostluq onun üçün adi söz deyildi. Sinif yoldaşı Əhmədov Aqilin atası vəfat edəndə dostunun dünyası qaralmışdı. Məktəbə getmək istəmirdi. Nüsrət isə hər səhər evdən çıxıb əvvəlcə dostunun qapısını döyürdü. Günlərlə onu məktəbə aparmağa çalışdı. Bir gün isə Aqilə dedi:

— Sən getmirsənsə, mən də getməyəcəyəm.

Bu söz adi görünə bilər. Amma həmin sözün içində bir ömürlük sədaqət bağının nuru işıq saçırdı. Çünki həqiqi dostluq insanın yaxşı günündə yanında olmaq deyil, onun qaranlığına işıq aparmaqdır.

1986-cı ildə Nüsrət orta məktəb məzunu oldu. Sonra sürücülük məktəbində təhsil aldı. 1987-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılmış və xidmətini Rusiyanın Həştərxan (Astarxan) şəhərində yerləşən hərbi hissələrdən birində ləyaqətlə yerinə yetirmişdir. 1989-cu ilin noyabr ayında hərbi xidmətini şərəf və ləyaqətlə yerinə yetirərək vətənə qayıtmışdır.

1990-cı ildə Tovuz rayon Mühafizə İdarəsində gözətçi kimi fəaliyyətə başlamışdır. Lakin həmin illər Azərbaycanın ən ağır, ən keşməkeşli dövrləri idi. Qarabağda müharibə alovlanır, vətənin hər qarışı uğrunda qan tökülürdü. Belə bir zamanda Nüsrət sakit həyat sürməyi öz vicdanına sığışdırmırdı.

1991-ci ildə öz ərizəsi ilə işdən ayrılaraq könüllü şəkildə Tovuz rayon Hərbi Komissarlığına müraciət etmişdir. Valideynləri, doğmaları onu bu fikirdən daşındırmağa çalışdılar. Anasının göz yaşları, atasının narahat baxışları, bacılarının yalvarışları belə onu qərarından döndərə bilmədi.

Çünki onun qəlbində yalnız bir səs vardı: “Mən vətənimin ağır günündə ön sırada olmalıyam.” Bu sözlər artıq onun həyat andına çevrilmişdi.

Bu yerdə şəhidlər ağası İmam Hüseyn (ə) mübarək bir kəlamını xatırlayır insan: “Haqq yolunda ölüm, zülm altında yaşamaqdan daha şərəflidir.”

Nüsrətin amalı və əqidəsi müqəddəs pirinsiplər üzərində qurulmuşdur. O, Tovuz rayonunun sərhəd bölgələrinin Əlibəyli, Ağdam istiqamətində və digər döyüş mövqelərində mərdliklə vuruşdu. Silahdaşları onun qorxmazlığını, döyüş yoldaşlarına bağlılığını həmişə hörmətlə xatırlayırdılar.

1994-cü ilin mart ayı idi, bir cəsur igidin  taleyinin son səhifələri yazılırdı.

Nüsrət o gecə Tovuz rayonundakı hərbi briqadada rabitə növbətçisi idi. Lakin səngərdə döyüş gedərkən arxa cəbhədə dayanmaq onun xarakterinə uyğun deyildi. O, növbəsini dəyişib, silahını götürdü. Üzünü Sulutəpə yüksəkliyinə tutdu. Nüsrətin dayısı oğlu Asif Ələkbərov da həmin bölgədə cəbhədə idi. Kim bilir bəlkə də tale bu iki gəncin həyat hekayəsini birləşdirmək üçün Nüsrətin ora getməsini bu qədər asan etdi. Bəlkə də hiss etmişdi ki, həmin yol onu bir daha geri qaytarmayacaq. Amma şəhidlər çox vaxt ölümə deyil, görüşə gedirlər.

Sulutəpə yüksəkliyi, Tovuzun dövlət sərhədində sadəcə torpaqdan və qayadan ibarət bir coğrafi məkan deyil, o bütöv bir bölgənin, strateji arteriyaların və minlərlə insanın taleyində əhəmiyyət daşıyan yuksəklikdir. Bu zirvəyə sahib olmaq, arxadakı kəndlərin, dinc əhalinin və strateji yolların təhlükəsizliyinə hakim olmaq demək idi. Məhz buna görə də mənfur düşmən hər vəchlə bu ucalığı ələ keçirməyə, Tovuzun qəlbinə sızmağa çalışırdı.

Sulutəpə, ətrafdakı bütün kəndləri və relyefi ovucun içi kimi görən, düşmənin hər bir hərəkətini qabaqcadan ifşa edən strateji bir “müşahidə məntəqəsi” idi.  Bu yüksəkliyin müdafiəsi, Tovuzun dinc kəndlərinin üzərinə yağa biləcək mərmi yağışının qarşısını alan qeyri-iradi bir qalxan rolu oynayırdı. Bölgədən keçən mühüm kommunikasiya xətlərinin və gələcək layihələrin təhlükəsizliyi birbaşa Sulutəpə sıldırımlarında dayanan əsgər və zabitlərimizin iradəsindən asılı idi.

1994-cü il aprelin 28-də, göylərin dumanla, yerin isə barıt qoxusu ilə örtüldüyü o müqəddəs sınaq günündə, Sulutəpə özünün ən rəşadətli müdafiəçilərini tanımışdı. Bayramlı kəndinin iki nurlu övladı — Ələkbərov Asif və Nağıyev Nüsrət də rəşadətli əsgər və zabitlərimizlə bərabar bu strateji yüksəkliyi düşmənə tapdanmağa qoymamaq üçün öz canlarını iradə büsatına çevirdilər. Asif, gəncliyinin ən gözəl çağı olan 21 yaşında, hər bir gülləni vətənə sipər edərək vəsfəgəlməz bir qətiyyətlə döyüşürdü. Onun hər bir addımı Sulutəpənin daşlarına sanki azadlıq şüarı kimi həkk olunurdu. Onunla çiyin-çiyinə vuruşan 25 yaşlı bibisi oğlu Nüsrət isə müqəddəs borcun nə olduğunu səngərdəki polad duruşu ilə sübut etdi. Düşmənin qeyri-bərabər hücumuna, yağan güllə yağışına baxmayaraq, Bayramlı kəndinin bu iki igidi digər silahdaşları ilə bərabər bir addım da olsun geri çəkilmədilər. Onlar yaxşı bilirdilər ki, Sulutəpənin süqutu — arxadakı anaların, bacıların və doğma Bayramlı torpağının təhlükəyə məruz qalması deməkdir.

29 mart 1994-cü il. Həmin gün Sulutəpə yüksəkliyi qanla yazılmış qəhrəmanlıq dastanına çevrildi. O yüksəklikdə 14 qəhrəman Azərbaycan əsgəri son nəfəsinədək döyüşdü. 14 qəhrəman…14 mübarək ruh…14 yarımçıq qalmış ömür…

Onlar şəhidlik şərbətini içəndə bədənləri torpağa düşsə də, ruhları Sulutəpənin zirvəsinə ucaldı və o ucalığı əbədi olaraq Azərbaycanın etdi. Bu gün Sulutəpədən əsən hər bir soyuq külək on dörd qəhrəman igidin pıçıltısını daşıyır, orada bitən hər bir dağ çiçəyi onların tökülən pak qanından rəng alır. Şəhidlərimizin o gün nümayiş etdirdiyi qəhrəmanlıq, gələcək nəsillərə vətəni necə sevməyin və qorumağın ən ülvi nümunəsidir.

O qəhrəman igidlərinin arasında Bayramlı kəndinin iki mərd oğlu da vardı: Nağıyev Nüsrət Salman oğlu və Ələkbərov Asif Abdulla oğlu.

Onlar təkcə qohum, qardaş, dost deyildilər. İki canda bir ruh idilər. Vətən uğurunda canlarını fəda edən müqəddəs amalın eyni yolçusu idilər. Uşaqlıqları bir yerdə keçmişdi. Sevincləri bir olmuşdu, yolları bir olmuşdu və tale onları şəhadətdə də ayırmadı.

Sanki Kərbəla çölündə bir-birinin yanında döyüşən haqq əsgərləri kimi, onlar da eyni amal uğrunda canlarından keçdilər. İmam Hüseynin (ə) Kərbəladakı səhabələri haqqında deyilən bir fikir var: “Onlar ölümə deyil, əbədiyyətə gedirdilər.”  Nüsrət və Asiflə bərabər şəhadətə yüksələn qəhrəman igidlərimizin hər biri həmin əbədiyyət yolunun yolçularına çevrildilər.

O gün  Bayramlı kəndində doğma qardaş-bacı ocağının üstünə eyni ağırlıq çökmüşdü, iki tabut gəldi. Qardaş-bacı qapısından iki şəhid keçdi. Acı fəryad səsləri göylərə yüksəldi. İki ocaq eyni gündə qara bayraq bağladı və Bayramlı kəndi uzun illər unuda bilməyəcəyi bir yara aldı.

Hər bir gənc kimi Nüsrətin də  arzuları vardı. O da hər kəs kimi gələcək haqqında düşünürdü. Anasına deyirdi:

— Ana, müharibə bitsin, toy edərik.

Anası gələcək gəlini üçün qızıllar almışdı. O qızıllar illərlə sandıqda qaldı.

Toy paltarı geyinməli olan bir ömrün yerini şəhid kəfəni aldı. Bəylik otağı əvəzinə məzar daşı ucaldı.

Atası Salam kişi bu dərdin ağırlığına dözə bilmədi. Anası Ətlaz ana oğul həsrəti ilə yaşlandı. Qardaş və bacıları evin gülüşünü itirdi. Çünki evlərinin nuru, son beşiyi, hamının sevimlisi artıq yox idi. Amma şəhidlər haqqında “yoxdur” demək olmur. Çünki onlar Allah dərgahında əbədi dirilik kürsüsünün sakinidirlər.

Bu gün Bayramlı kəndində əsən hər meh, Tovuz dağlarına dəyən hər külək, Qarabağın azad səmasında dalğalanan hər bayraq şəhid Nüsrət və Asif kimi minlərlə qəhrəman igidlərimizin ruhundan xəbər verir.

Aradan illər keçsə də, doğmaları hələ də onun yolunu gözləyir. Çünki bəzi ayrılıqlar zamana sığışmır, bəzi yaralar sağalmır, bəzi insanlar isə ölmür.

Onlar xalqın yaddaşına çevrilirlər. Onlar öz ömür tarixini müqəddəs şəhidlik zirvəsinin ucaləğı ilə yazanlardan oldu. Bəli onlar dünyadan köçmədi, Vətən torpağının hər qarışında yaşamağa başladı.

Şəhidlər ölümlə yox olmadılar, onlar fani dünyadan əbədi həyata köçdülər. Çünki haqq yolunda can verənlərin məzarı torpaqda olsa da, ruhları ərşdədir.

Onlar bir yüksəklik uğrunda döyüşdülər, lakin qazandıqları yüksəklik Sulutəpədən də uca oldu. Şəhadət məqamı. Vətən sağ olsun!

İgid qardaş, cəsur qardaş, can qardaş,

Gözüm nuru, başımda tac, xan qardaş,

Yaraları parə-parə, şan qardaş,

Sinəsini sipər edən igidim,

Pak ruhuna salam olsun, şəhidim.

 

Arzuları, diləkləri, ömrü kəm,

On dörd igid bir bölürükdə oldu cəm,

Qəfil zərbə, od ələndi göydən qəm,

Al qanları çəhlim olan igidim,

Pak ruhuna salam olsun, şəhidim.

 

Tale sizi bir araya gətirdi,

Uca kürsü, pak məqama yetirdi,

Hopan qandan, gülüzarlar bitirdi,

Cismi behiş ətri qoxan, igidim,

Pak ruhuna salam olsun, şəhidim.

 

Qeyrətinə qurban olum sizlərin,

Müqəddəsdir hər bir addım izlərin,

Düşmən üstə şığıyanda dizlərin,

Bir an belə büdrəməyən igidim,

Pak ruhuna salam olsun, şəhidim.

 

Zəkiyyə unutmaz qanlı meydanı,

Kərbəla çölünə bənzəyən anı,

O şanlı tarixi, mərdlik dastanı,

Cismi behişt ətri qoxan şəhidim,

Pak ruhuna salam olsun şəhidim.

Allah Nüsrət və Asif qardaşlarla birlikdə Sulutəpədə şəhadət zirvəsinə ucalan bütün qəhrəman igidlərimizin ruhlarını şad, məqamlarını uca etsin İnşallah!

Dərin hörmət və ehtiramla:

Zəkiyyə Musaqızı,

AJB-nin və AYB-nin üzvü

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!