Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər.
Tezadlar.az xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb.
Mütəxəssis bildirib ki, son illərdə boyun ağrısı və boyun düzləşməsi şikayətləri ilə daha çox qarşılaşılır. Uzun müddət ekran qarşısında qalmaq, xüsusilə də mobil telefona başı önə əyərək baxmaq boyun və çiyin nahiyəsinə düşən yükü artıra bilər.
Doktorun sözlərinə görə, telefon istifadə edərkən uzun müddət eyni vəziyyətdə qalmaq boyun və çiyinlərdə ağrı, sərtlik və yorğunluğa səbəb ola bilər. Buna görə də mütəmadi olaraq mövqeyi dəyişmək və boyuna düşən yükü azaltmaq lazımdır.
Masa arxasında işləyənlər də diqqətli olmalıdır. Ekranın göz səviyyəsindən çox aşağıda və ya yuxarıda olması, həmçinin uzun müddət eyni vəziyyətdə qalmaq əzələ gərginliyini və ağrını artıra bilər. Ekranın göz səviyyəsinə uyğun yerləşdirilməsi, düzgün oturuş və mütəmadi fasilələr tövsiyə olunur.
Həkim boyun ağrısını davamlı şəkildə görməzdən gəlməyin də düzgün olmadığını vurğulayıb. Xüsusilə ağrı qola yayılırsa, keyimə, iynələnmə və ya güc itkisi müşahidə olunursa, mütləq mütəxəssisə müraciət edilməlidir.
Onun sözlərinə görə, ağrı zamanı nəzarətsiz şəkildə məşq etmək də vəziyyəti ağırlaşdıra bilər. Boyun ağrısının səbəbi əzələ gərginliyi, oynaq problemi, sinir və ya onurğa beyninə təzyiq ola bilər. Bu səbəbdən hər hərəkət hər kəs üçün uyğun deyil.
Mütəxəssis sosial şəbəkələrdə yayılan boyun məşqlərinə də diqqət çəkib. O bildirib ki, xüsusilə boynu çırtlatmaq, sərt şəkildə gərmək və sürətli hərəkətlər etmək tövsiyə edilmir.
Həkim boyun ağrısının səbəbinin müəyyənləşdirilməsini və uyğun məşqlərin yalnız həkim və ya fizioterapevtin tövsiyəsi ilə yerinə yetirilməsini məsləhət görüb.







