Britaniya və Fransa Ukraynada sülhməramlı missiya üçün müxtəlif variantları nəzərdən keçirir. Bunu hər iki ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrləri admiral Entoni Radakin və general Tyeri Birkar da təsdiqləyiblər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Delfi” yazıb.
Birkar vurğulayıb ki, Ukrayna nümayəndələri ilə danışıqlardan sonra Kiyevin münaqişəyə son qoymaq istəyi bəlli olub. “Biz sülh şərtlərinin nə olacağını dəqiq bilməliyik, lakin biz hərbi qulluqçular olaraq bu şərtlərin müxtəlif versiyaları ilə məşğul olmaq üçün əvvəlcədən hazırlaşırıq”, – deyə əlavə edib.
Qeyd olunur ki, sülhməramlı missiyanın inkişafı təkcə qüvvələrin yerləşdirilməsini deyil, həm də Ukrayna Silahlı Qüvvələrinin (USQ) potensialının yenilənməsini nəzərdə tutur. Birkar dəqiqləşdirib ki, ölkələr Ukraynanı sülhsevər dövlət kimi bərpa etmək imkanına inam vermək niyyətində olublar.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Kim Starmerlə birlikdə Ukrayna ilə bağlı hazırlanan planın detallarını açıqlamışdı. Siyasətçilər “havada, dənizdə və enerji infrastrukturunda atəşkəs” təklif etdilər ki, bu da bir aylıq atəşkəs demək olardı.
ELBAR