Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə!
210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs İsmayılov Ağasəf İslam oğlu tərəfindən
M Ü R A C İ Ə T
(210050957 saylı cinayət işi üzrə qanun pozuntuları barədə)
Hörmətli Cənab Baş prokuror,
Təsisçisi olduğum “Magna Trans” MMC-nin əmlakının və pullarının, o cümlədən dövlət büdcəsinə ödənilməli olan külli məbləğdə pul vəsaitinin bir qrup şəxs tərəfindən mənimsənilməsinə dair, 2021-ci ildə Sabunçu RPİ-nin İstintaq şöbəsində başlanılmış və ancaq mənim zərərçəkmiş şəxs kimi tanındığım, 210050957 saylı cinayət işi, mənimsəmə cinayəti ilə (CM 179.3.2.), davam etdirilməsi üçün 29 mart 2022-ci ildə Sabunçu rayon prokurorluğunun icraatına verilmiş və elə həmin gündən işin istintaqının əngəllənməsi məqsədi ilə, həmin prokurorluğiun müstəntiqlərinin və prokurorlarının indiyə kimi davam etdirdikləri qanunazidd əməlləri, ancaq həmin cinayət işi üzərində törədilən məmur zorakılığı adlandırmaq olar. Göstərdiyim cinayət işinin istintaqı üzrə, Sabunçu rayon prokurorluğunda davamlı olaraq törədilmiş müxtəlif prosessual pozntularla bağlı, məhkəmə nəzarəti qaydasında şikayətlərimə əsasən, bu gün üçün cəmi iyirmi yeddi sayda məhkəmə qərarı mövcud olsa da, müstəntiqlər və istintaqa nəzarət etməli olan prokurorlar bu məhkəmə qərarlarını yerinə yetirmək əvəzinə, qanuna zidd əməllərini inadkarlıqla davam etdirirlər. Göstərdiyim 27 sayda məhkəmə qərarından, beş məhkəmə qərarı müstəntiqin “iş üzrə icraata xitama verilməsinə dair” qanunsuz qərarların ləğv edilməsi ilə bağlıdır.
1). 30.12.2023-cü ildə müstəntiq Fuad Babayev hər hansı bir cinayət hadisəsinin olmaması əsası ilə cinayət işi üzrə icraata xitam qərarı vermişdir.
Şikayətimə əsasən, Sabunçu rayon Məhkəməsi 13.02.2024-ci il tarixli, 6(008)-19/2024 saylı qərarla müstəntiq Fuad Babayevin qərarını qanunsuz və əsassız olduğu üçün ləğv etmişdir.
2). Eyni əsasla, 31.05.2024-cü ildə müstəntiq Fuad Babayev cinayət işi üzrə icraata xitam qərarı vermişdir.
Şikayətimə əsasən, Sabunçu rayon Məhkəməsi 04.07.2024-cü il tarixli, 6(008)-62/2024 saylı qərarla müstəntiq Fuad Babayevin qərarını qanunsuz və əsassız olduğu üçün ləğv etmişdir.
3). Eyni əsasla, 31.07.2024-cü ildə müstəntiq Fuad Babayev cinayət işi üzrə icraata xitam qərarı vermişdir.
Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov 30.09.2024-cü il tarixli qərarla həmin qərarı ləğv etmişdir və əlavə istintaq hərəkətlərinin aparılması üçün Sabunçu rayon prokurorluğuna göndərmişdir.
4). Eyni əsasla, 01.02.2025-ci ildə müstəntiq Fuad Babayev cinayət işi üzrə icraata xitam qərarı vermişdir.
Şikayətimə əsasən, Sabunçu rayon Məhkəməsi 11.07.2025-ci il tarixli, 6(008)-62/2025 saylı qərarla müstəntiq Fuad Babayevin qərarını qanunsuz və əsassız olduğu üçün ləğv etmişdir.
5). Eyni əsasla, 02.03.2026-cı ildə müstəntiq Fuad Babayev cinayət işi üzrə icraata xitam qərarı vermişdir.
Şikayətimə əsasən, Sabunçu rayon Məhkəməsi 06.04.2026-cı il tarixli, 6(5-101)-31/2026 saylı qərarla müstəntiq Fuad Babayevin qərarını qanunsuz və əsassız olduğu üçün ləğv etmişdir və həmin məhkəmə qərarında göstərilmiş xüsusatlarla bağlı əlavə araşdırma aparılması üçün məhkəmə qərarını müstəntiqə və məhkəmə qərarının icrasına nəzarəti həyata keçirmək üçün Sabunçu rayon prokuroruna göndərmişdir.
6). Sonuncu olan, bu Məhkəmə qərarının da ləğv edilməsi məqsədi ilə, Sabunçu rayonunun prokuroru Murad Dadaşov Apellyasiya protesti vermişdir.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 17.04.2026-cı il tarixli, 6(3-6)-200/2026 saylı qərarla prokuror Murad Dadaşovun protestini təmin etməmişdir.
Göstərilən şəxslərin qanuna zidd əməlləri barədə, Baş Prokurorluğa və Bakı şəhər prokurorluğuna dəfələrlə şikayətlər etmiş olsam da, bu cinayət işinin istintaqı ilə bağlı Sabunçu rayon prokurorluğunda məmur özbaşınalığı davam etdirilir ki, etdirilir.
Belə ki, 2022-2026-cı illər ərzində, cinayət işi ilk əvvəl icraatında olmuş müstəntiqlər – Tural Mürsəlovla Natiq Məmmədov, hazırda isə Fuad Babayev cinayət işinin icraatını əsassız və qanunsuz olaraq, ya dayandırmışlar, yaxud da xitama vermişlər.
Məhkəmə qərarında göstərilmiş tələbləri, yəni işin nəticəsi üçün vacib əhəmiyyət kəsb edən və zəruri istintaq hərəkətlərini yerinə yetirməmək üçün, başqa yol tapmayan prokuror Murad Dadaşov isə, hətta 2 ay ötdükdən sonra apellyasiya protesti ilə məhkəməyə müraciət etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilsin. (bu barədə aşağıda ətraflı şərh verəcəm)
Təəccüb yaradan odur ki, illər ərzində Sabunçu rayon prokurorluğunun dəyişən prokurorlarının və müstəntiqlərinin davam etdirdikləri kobud qanun pozuntuları ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş iyirmi yeddi məhkəmə qərarı və saxtakarlıqla ildən-ilə ötürülən bu cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluğun və Bakı şəhər prokurorluğunun rəhbərliyi də, heç tədbir görməmişdir.
Bütün bunların nəticəsidir ki, müstəntiqlər saxtalaşdırdıqları qərarları ilə, aidiyyəti prokurorlar isə məntiqsiz-mənasız-əsassız apellyasiya protestləri ilə, bu cinayət işini dəfələrlə “öldürüb-dəfn etməyə” cəhd etmiş olsalar da, zərəçəkmiş şəxsin təkzibolunmaz sənədli-sübutlu şikayətləri əsasında verilmiş məhkəmə qərarları ilə haqq-ədalət bərpa olunur, cinayət işi üzrə istintaq hərəkətlərinin yerinə yetirilməsi tələbi ilə istintaqa qaytarılır.
Lakin, tutduğu vəzifələrindən sui-istifadə etmiş və qanunvericiliyin tələblərini kobud surətdə davamlı olaraq pozmuş şəxslərə, heç “gözün üstə qaşın var” deyən də yoxdur.
Göstərdiyim cinayət işinin istintaqı ilə bağlı, Sabunçu rayon prokurorluğunda davam etdirilən qanunazidd əməllər Bakı şəhər Baş Polisi İdarəsinə və Sabunçu rayon Polis İdarəsinə də sövq etmişdir.
Belə ki, məhkəmə nəzarəti qaydasında şikayətim, Sabunçu rayon Məhkəməsinin 09.12.2025-ci il tarixli qərarı ilə təmin edilmiş, müstəntiq Fuad Babayevin cinayət işi üzrə istintaq hərəkətinin aparılmamasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir.
Bu qərardan şikayət etmək müddəti 3 gün olduğu halda, yuxarıda qeyd etdiyim kimi, prokuror Murad Dadaşov 2 ay sonra apellyasiya protesti vermişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 18.02.2026-cı il tarixli, 6(3-6)-93/2026 saylı qərarla həmin protesti əsassız olduğu üçün təmin etməmişdir.
Onu da qeyd edim ki, 34 ədəd avtobusun oğurlanmasına dair, 4 il əvvəl yazmış olduğum ərizəmlə bağlı 2-3 vərəq izahatımın alınmasını hələ də təmin etməyən prokuror Murad Dadaşov şikayətlərimin baxılmasını, həmçinin istintaq hərəkətlərinin aparılmasını əngəllənmək üçün 12 səhifə apellyasya protesti yazmağın zəhmətini çəkmişdir.
Ondan əvvəl isə, zərərçəkmiş şəxs kimi, mənim üç yüzdən çox müraciətimlə bağlı illər ərzində heç bir tədbir görməyən Sabunçu rayonunun sabiq prokuroru İbrahim Lənbəranski haqqında şikayət etmiş olduğum – “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayevi məsuliyyətdən yayındırmaq məqsədi ilə, 15 səhifəlik apellyasiya protesti yazıb məhkəməyə təqdim etmişdi. Lakin, onun da protestini Apellyasiya Məhkəməsi təmin etməmişdir.
Daha sonra, “Magna Trans” MMC-nin 34 avtobusunun oğurlanmasına dair şikayətim üzrə Bakı ŞBPİ-də heç bir tədbir görülmədiyi üçün, şikayətimə əsasən Xətai rayon Məhkəməsinin 14.02.2025-ci il tarixli, 6(011)-31/2025 saylı qərarı ilə, Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun şikayətim üzrə araşdırma aparmaması qanunsuz hesab edilmişdir.
Həmin qərardan Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev dərhal apellyasiya protesti vermişdir ki, Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etsin, yəni oğurluq hadisəsi polisdə araşdırılmasın. Maraqlıdır ki, bu prokuror oğurluq cinayətinin araşdırılmasını əngəlləməyə cəhd etməkdə niyyəti nədir?
Prokuror müavini Mobil Şəfiyevin protesti ilə bağlı, Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Əlizadə Emil Əli oğlu Apellyasiya Məhkəməsində çıxış edərək, prokuror müavini Mobil Şəfiyevin apellyasiya protestinin təmin edilməsini xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 02.05.2025-ci il tarixli 6(103)-177/2025 saylı qərarla prokuror müavini Mobil Şəfiyevin apellyasiya protestini əsassız olduğundan təmin etməmişdir.
Apelllyasiya Məhkəməsində müdafiəçi mövqeyi tutmuş Əlizadə Emil Əli oğlunun prokurorluqda tutduğu vəzifə “qanunların icrasına nəzarət idarəsinin prokuroru” olsa da, həmin məhkəmənin qərarının icrası ilə bağlı öhdəsinə düşən prokuror vəzifəsini yerinə yetirməkdən açıq-aşkar boyun qaçırmağı hələ də davam etdirir.
Birinci instansiya və Apellyasiya Məhkəmələri 27 sayda qərarla müstəntiqlərin qərarlarının hamısını əsassız-qanunsuz olması səbəbinə ləğv etmişlər və elə həmin səbəbə də prokurorların protestlərinin heç birini təmin etməmişlər. Bir cinayət işi üzrə yəqin ki, Dünyada hüquq elmi tarixində belə bir fakt olmamışdır.
Lakin, müstəntiqlər və aidiyyəti prokurorlar məhkəmə qərarlarında göstərilmiş prosessual pozuntularını aradan qaldırmaq üçün istintaq hərəkətləri yerinə yetirmək əvəzinə, yenidən hər-hansı bir bəhanə ilə, istintaqa aidiyyəti olmayan, çoxsəhifəlik əhəmiyyətsiz sözlər toplusu ilə qərarlarını “samballaşdırmaqla” cinayət işinin icraatına xitam vermişlər. Məhkəmə qərarlarının icrasına “pokuror nəzarəti” isə, prokurorun müstəntiqlərin icraata yeni xitam qərarlarını imzalamaqdan ibarət olmuşdur.
Cənab Baş prokuror, 210050957 saylı cinayət işinin istintaqının aparılması (əslində süründürülməsi) dövründə Sabunçu rayon prokurorluğunda iki prokuror – sabiq İbrahim Lənbəranski, indiki Murad Dadaşov və üç müstəntiq – Tural Mürsəlov, Natiq Məmmədov, Fuad Babayev dəyişməsinə baxmayaraq, cinayət işinin istintaqının əngəllənməsi daha da inadkarlıq və güvənliklə davam etdirilir ki, bu da gələcəkdə qarşısıalınmaz yoluxucu bir sindroma çevirilə bilər.
Bir vətəndaş olaraq soruşuram: cinayət işinin istintaqı ilə bağlı prosessual pozuntulara dair verilmiş məhkəmə qərarları prokurorluqda icra olunmursa, qanun kim üçündür?
Müraciət etməkdə məqsədim, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan, indiki halda pozulmuş mülkiyyət hüquqlarımın bərpası, yəni zərərçəkmiş şəxs olduğum 210050957 saylı cinayət işi üzrə Sabunçu rayon prokurorluğunda istintaq hərəkətlərinin real aparılmasının təmin edilməsi, məhkəmə qərarlarının icra olunmamasına hüquqi qiymət verilməsi və cavabdeh şəxslər barədə tədbir görülməsidir.
Ağasəf İsmayılov, iş adamı-sahibkar, 210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs”.
Sitatın sonu!