11 Mart 2026 / 22:06

Çingiz Abdullayevin “Riyakarın iflası” yeni təqdimatda…

…Yazıçılar Birliyinin “Natəvan” klubunda kitabsevərlərin növbəti yığıncağı Xalq yazıçısı Çingiz Abdullayevin “Riyakarın iflası” adlı romanının təqdimat mərasiminə həsr olunmuşdu. Əsər Munisə Dadaşqızı tərəfindən tərcümə edilib. Redaktoru isə Təbəssüm Muxtarovadır.

Təqdimatı Xalq yazıçısının özü açaraq tərcümə işinin çətinliklərindən danışdı. Sonra söz Xalq yazıçısı N.Rəsulzadəyə verildi. Yazıçı klassik ədəbiyyatın əhəmiyyətini xüsusi qeyd etdi. Çingiz Abdullayevin məşhur qəhrəmanı Dronqodan bəhs etdi. Natiq müəllim zarafatla dedi ki, Çingiz müəllim Dronqonu canlı insan kimi yaradıb və bununla “özünü kölgədə qoyub”. Belə ki, oxucular Dronqonu müəllifin özündən daha yaxşı tanıyırlar. “Bu, müasir yazıçı üçün böyük xoşbəxtlikdir. Çünki o, qələmiylə canlı, maraqlı bir insan yaratmışdır”.

Daha sonra əsərin tərcüməçisi Munisə Dadaşqızı və redaktoru Təbəssüm Muxtarova da çıxış edərək əsərlə bağlı məlumat verdilər. Son söz isə əlbəttə, oxucularındır.  Müəllifi və həmmüəllifləri (tərcüməçi və redaktoru) bu yeni kitabı ərsəyə gətirdiklərinə görə təbrik edir və hər birinə yeni yaradıcılıq uğurları arzulayırıq.

Zeynəb Əliqızı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!