Tezadlar.az Xalq şairi Ramiz Rövşənin bu şeirini təqdim edir:
Çıxıb gedəcəyəm elə beləcə,
Bir də görəcəyəm kəndimizdəyəm.
Qurbağa səsiylə dolu bir gecə,
Ay da ki, çay da ki kefin istəyən.
Qohumlar dinəcək gileyli-incik:
– Şəhərli olmusan tamam, ay balam!..
Kənddə şəhərliyəm, şəhərdə kəndçi,
Niyə, sağlığına pis yaşamıram.
İtlər də, elə bil ,küsüb adamdan,
Qoyunlar
qoyuntək baxar adama.
Nələr qazanmışam –
çıxar yadımdan,
Nələr itirmişəm –
düşər yadıma.
Burda həm doğmayam, həm də ki qərib,
Bu hissi kim məndə oyadıb, Allah?
Çəpərlər nə qədər alçalıb-enib,
Ağaclar nə qədər boy atıb, Allah!…
Həzin qoxusuyla gülün-çiçəyin
Səma dolub indi, yer dolub indi.
Əvvəl darıxaram –
nahaq gəlmişəm,
Sonra sevinərəm –
yaxşı ki gəldim….
…Çıxıb gedəcəyəm elə beləcə,
Bir də görəcəyəm kəndimizdəyəm.
Qurbağa səsiylə dolu bir gecə,
Ay da ki, çay da ki kefin istəyən.
Ramiz RÖVŞƏN,
Xalq şairi