Dövlət İmtahan Mərkəzi maraqlı və bəlkə də sensasion məlumat dərc edib. Məlum olur ki, ötən tədris ilində Azərbaycanda akademik borca görə 315, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1 133, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə isə 10 min 746 tələbə universitetdən xaric edilib. 76 tələbə isə vəfat edib. Tezadlar.az xatırladır ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı isə 1 346 olub. Eləcə də ötən il təkrar kursda saxlanılan tələbələrin sayı 53 nəfər olub.
Bəs bütün bunların günahı kimdə və ya nədədir? Valideyn 11 il uşağını repetitor və ya digər hazırlığa, sonra məktəbə göndərir, amma sonda DİM-in yaydıqları baş verir!
Hesab edirik ki, bütün bunların səbəbi ikihakimiyyətlilikdədir. Başqa sözlə, Elm və Təhsil Nazirliyi məktəbləri təchiz edir, müəllimləri sertifikasiyadan keçirir, məktəblərin təmirinə, müəllimlərin stimullaşdırılmasına çalışır, məktəbləri dərsliklərlə təmin edir, sonda isə DİM istədiyi çətin, mürəkkəb sualları tərtib edir, məktəblərin son məhsulu olan şagirdləri isə DİM imtahan edir, kəsilən-kəsilir, yenidən hazırlığa gedən-gedir, yaxud da bezib xarici ölkələrin universitetlərinə ayaq açanlar artıq… Bunlar isə onu deməyə əsas verir ki, əgər o boyda AMEA-nın institutları Elm və Təhsil Nazirliyinə birləşdirilibsə, niyə nazirliyin son məhsulu olan şagirdlər üzərində ağalıq edən Dövlət İmtahan Mərkəzi də nazirliyə birləşdirilməsin???
A.Məmmədli

