Əsas məzmuna keç

ƏBƏDİ VƏ TARİXİ ZƏFƏRİMİZİN TƏNTƏNƏSİ- 8 NOYABR!

(8 Noyabr Zəfər Günümüzə)

Neçə illər Neçə illər əvvəl, daha dəqiqi, 2010-cu ildə atamın 80 illik yubileyinə həsr etdiyim ” YURDU ERMƏNİDƏ QALAN QARACA” kitabını, yeni redaktədə ” YURDU ERMƏNİDƏ QALMAYAN QARACA“ adıyla yenidən işləyirəm. O vaxtkı kitabın ilk səhifələrində yazmışdım ki, ruhu şad olmuş qəhrəman şairimiz Xəlil Rza Ulutürk Azərbaycana zərrə-zərrə, qram-qram veriləcək azadlığı qəbul etmirdi. Vətənin qoluna dolanmış zəncirləri birdəfəlik qırıb, səma kimi, günəş kimi, cahan kimi azadlıq istəyirdi:

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

İstəyirəm səma kimi!

Cahan kimi! Günəş kimi!

Bəli, biz də Qarabağda qələbəmizi belə istəyirdik! Yarımçıq deyil, bütöv; müvəqqəti deyil, əbədi; kiminsə bizə bəxş etdiyi deyil, öz milli iradəmiz, mübarizəmiz və qəhrəmanlığımız hesabına əldə etdiyimiz Zəfər istəyirdik.

Xalqımızın azadlıq arzusu bir şairin misralarında yaşayır, bir müğənninin səsində dünyaya yayılır, bir bəstəkarın musiqisində milli yaddaşa çevrilirdi. Bizim Zəfərimizin də uzun bir mənəvi və ideya tarixçəsi var.

Rəşid Behbudov Vətənin vüqarlı dağlarını, yaşıl bağlarını, tükənməyən sərvətlərini məlahətli səsi ilə vəsf edərək Azərbaycanı dünyaya tanıdırdı:

El bilir ki, tükənməyən sərvətin vardır,

Sinən üstü ağ pambıqlı göy tarlalardır.

Yurdum-yuvam, məskənimsən, Azərbaycanım,

Anam, doğma vətənimsən, Azərbaycanım!

Nəbi Xəzrinin sözləriylə, Müslüm Maqomayevin əvəzsiz ifası ilə Azərbaycan dünyaya öz varlığını, qürurunu, gözəlliyini bəyan edirdi:

Ey, əziz anam, Azərbaycan!

*ŞQardaşlıq diyarısan!

Anamın anasısan, Azərbaycan!

Xəlil Rza Ulutürk isə xalqımızın ruhunu mübarizəyə, haqq və ədalətə, milli qeyrətə səsləyirdi. Onun çağırışları sadəcə poetik müraciət deyildi, bütöv bir nəslin mənəvi səfərbərlik proqramı idi:

Səninləyəm, haqq-ədalət, səninləyəm,

Milli qürur, milli qeyrət, səninləyəm!

Və nəhayət, o möhtəşəm çağırış:

…Ya yenidən yarat bizi,

…Ya yaradan, səninləyəm!

…Ayağa dur,

Azərbaycan, səninləyəm!

Bu misraların ruhu, bu çağırışların enerjisi illərlə xalqımızın qəlbində yaşadı. Nəsillər dəyişdi, zaman dəyişdi, mübarizənin formaları dəyişdi, amma Qarabağ nisgili, Vətən bütövlüyü arzusu dəyişmədi.

Bir vaxtlar şairin dilindən səslənən bu çağırış artıq xalqın iradəsinə, dövlətin siyasi qərarına, ordunun döyüş əzminə çevrilmişdi.

QƏLƏBƏ ÇAL, AZƏRBAYCAN, SƏNİNLƏYƏM!

QƏLƏBƏ ÇAL, PREZİDENTİM, SƏNİNLƏYƏM!

QƏLƏBƏ ÇAL,

QALİB ORDUM, SƏNİNLƏYƏM!

QƏLƏBƏ ÇAL,

MƏĞRUR ƏSGƏR, SƏNİNLƏYƏM!

Və nəhayət, Azərbaycan ayağa qalxdı!

Prezidentin siyasi iradəsi, xalqın birliyi, ordumuzun qəhrəmanlığı tarixi ədalətin bərpasına yol açdı. Zəfər Qələbəsi çalındı!

Əbədi Zəfər nəğməmiz dünyaya yayıldı!

xxx

#Zəfər – tarixdən daha böyük həqiqət

İndi biz həmin tarixi hadisənin ildönümünü deyil, milli varlığımızın yeni mərhələsini yaşayırıq.

8 Noyabr – sadəcə təqvimdə qeyd olunan bayram günü deyil. Bu tarix xalqımızın yaddaşında işğalla barışmamaq əzminin, milli iradənin, dövlət suverenliyinin və tarixi ədalətin təntənəsidir.

Mənim qənaətimcə, Zəfəri yalnız hərbi qələbə anlayışı ilə məhdudlaşdırmaq onun tarixi və ictimai mahiyyətini tam ifadə etməz. Zəfər həm də bir düşüncə tərzidir, milli özünüdərkdir, dövlətçilik fəlsəfəsidir, gələcəyə inamdır.

#Zəfər bizim təkcə tariximiz deyil, həm də varlıq formamızdır!

44 gün ərzində biz döyüşdük, şəhidlər verdik, qəhrəmanlıq dastanı yazdıq. Sonrakı illərdə isə bu Zəfərin nəticələrini qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün quruculuq mərhələsinə qədəm qoyduq.

Müharibədə qazanılan qələbəni sülh dövründə iqtisadi, sosial, elmi, texnoloji və mədəni nailiyyətlərə çevirmək də böyük dövlətçilik sınağıdır.

Zəfər yalnız azad edilmiş torpaqlarda bayrağımızın dalğalanması deyil. Zəfər həmin torpaqlarda yenidən evlərin işıqlanması, məktəblərin açılması, uşaqların gülüşünün eşidilməsi, ailələrin doğma ocaqlarına qayıtmasıdır.

Zəfər şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, gələcək nəsillər qarşısında məsuliyyət deməkdir.

Bu baxımdan, 8 Noyabr həm də bizə bir mühüm həqiqəti xatırladır: qazanılmış Qələbəni qorumaq və onu davamlı milli inkişafın təməl daşına çevirmək lazımdır.

#Zəfərin canlı təntənəsi – Böyük Qayıdış

Zəfərimizin ən təsirli ifadəsi bu gün Qarabağda və Şərqi Zəngəzurda baş verən dəyişikliklərdir.

Bir vaxtlar dağıdılmış, xarabalığa çevrilmiş yurd yerlərində indi yeni yaşayış məntəqələri salınır, yollar çəkilir, elektrik və su infrastrukturu yaradılır, məktəblər, bağçalar, xəstəxanalar, istehsal və xidmət müəssisələri tikilir.

Biz torpağı yalnız azad etmədik, ona yenidən həyat verməyə başladıq.

Bu mənada Böyük Qayıdış sadəcə əhalinin yaşayış yerinin dəyişdirilməsi proqramı deyil. Bu, tarixi yaddaşın bərpası, sosial ədalətin təntənəsi, milli məskunlaşma ənənələrinin dirçəldilməsi və ərazilərin ölkənin vahid iqtisadi sisteminə inteqrasiyası prosesidir.

#Dünənki 6 noyabr 2026-cı il bu baxımdan əlamətdar hadisələrlə yadda qaldı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak etdilər.

1993-cü ildə işğal olunmuş, 2020-ci il oktyabrın 21-də azad edilmiş bu kəndin 2023-cü ildə təməli qoyulmuş yeni yaşayış məntəqəsi artıq öz sakinlərini qəbul edir. Birinci mərhələdə 242 fərdi ev, məktəb binası, 80 yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, bazar kompleksi və digər xidmət obyektləri inşa edilib. Evlərin Günəş panelləri və yüksəksürətli internetlə təmin olunması da xüsusi əhəmiyyət daşıyır.

Eyni gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı da həyata keçirildi. 960 şagird yerlik bu müəssisənin peşəyönümlü təhsil, STEAM laboratoriyaları, robototexnika zonaları və müxtəlif ixtisas emalatxanaları ilə təchiz edilməsi Qarabağda qurulan yeni təhsil mühitinin mahiyyətini göstərir.

Bu faktların hər birinin arxasında böyük bir tarixi məna dayanır.

Bir vaxtlar həmin torpaqlardan didərgin düşən insanlar indi öz evlərinin açarlarını alırlar. Vaxtilə uşaqlarımızın səsi kəsilmiş məktəblərdə indi yeni nəsil təhsil alacaq. Dağıdılmış yaşayış məntəqələrinin yerində müasir həyat qurulur.

Prezidentin noyabrın 6-da bildirdiyinə görə, son altı ildə Qarabağ və Şərqi Zəngəzura qayıdanların, orada yaşayanların, işləyənlərin və təhsil alanların sayı 100 minə yaxınlaşıb.

Birinci Dövlət Proqramının 2026-cı ilin sonunadək 140 min nəfərin qayıdışını nəzərdə tutan hədəfi isə qarşıda duran mühüm vəzifə olaraq qalır.

Bütün bunlar Zəfərin quruculuqla davam etdirilməsinin real göstəriciləridir.

Burada xüsusi bir məqamı vurğulamaq istərdim: Vətən yalnız torpaq deyil, həmin torpaqda yaşayan insan, onun qurduğu ocaq, yetişdirdiyi övlad və yaratdığı gələcəkdir.

Qarabağın dirçəlişi də məhz bu bütövlükdə qiymətləndirilməlidir.

#Qardaşlığımızın və Türk dünyasının Zəfəri

Azərbaycanın Zəfəri, şübhəsiz ki, Türk dünyasının da sevincinə çevrildi.

Azərbaycan-Türkiyə münasibətləri tarixi köklərə, ortaq dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. Bu münasibətlər xüsusilə Vətən müharibəsi dövründə özünün siyasi və mənəvi gücünü bir daha nümayiş etdirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr Zəfər Günü münasibətilə Bakıya səfər edəcəyini bəyan etməsi də bu qardaşlığın rəmzi əhəmiyyətini artırır.

Bu səfər iki dövlət arasında müttəfiqlik münasibətlərinin, Şuşa Bəyannaməsinin yaratdığı strateji əməkdaşlıq mühitinin və ortaq gələcək baxışının növbəti təzahürüdür.

Əlbəttə, Azərbaycan və Türkiyə iki müstəqil, suveren dövlətdir. Lakin onların münasibətlərini səciyyələndirən ortaq tarixi yaddaş, milli-mənəvi yaxınlıq və strateji həmrəylik xüsusi xarakter daşıyır.

Məhz buna görə də Zəfərimizin təntənəsi yalnız Azərbaycanın sərhədləri daxilində yaşanmır. O, Türk dünyasının birliyi, regional əməkdaşlıq və ortaq inkişaf ideyaları ilə də səsləşir.

xxx

#Bir millətin iki dövləti olmaq yalnız tarixi şüar deyil, gələcəyə yönəlmiş böyük məsuliyyətdir.

Bu məsuliyyətin məzmunu iqtisadi inteqrasiyada, nəqliyyat-kommunikasiya əlaqələrində, müdafiə sənayesində, elm və təhsildə, rəqəmsal texnologiyalarda, ortaq innovasiya layihələrində daha aydın görünməlidir.

Türk dünyasının gələcək qüdrəti yalnız keçmişin ortaq qəhrəmanlıqları ilə deyil, bugünkü elmi, texnoloji və iqtisadi nailiyyətləri ilə də ölçüləcəkdir.

xxx

#Hərbi Zəfərdən institusional Zəfərə

İqtisadiyyat, İKT və texnoloji innovasiyalar sahəsində çalışan tədqiqatçı kimi Zəfərin başqa bir mühüm tərəfinə də diqqət yetirmək istəyirəm.

Bu, Azərbaycanın müasir idarəetmə, rəqəmsal transformasiya, innovasiya və texnoloji inkişaf sahələrində əldə etdiyi nailiyyətlərdir.

5–6 noyabr tarixlərində Bakıda BMT-nin “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirin keçirilməsi də bu baxımdan diqqətəlayiqdir.

Müxtəlif ölkələrdən nazirlərin, yüksək vəzifəli dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, akademik və biznes dairələrinin nümayəndələrinin iştirak etdiyi sammit dövlət idarəçiliyində innovativ yanaşmaların müzakirəsi üçün mühüm platformaya çevrildi.

Tədbirdə BMT rəsmiləri tərəfindən ASAN xidmət modelinin vətəndaşyönümlü, inteqrasiya olunmuş dövlət xidmətləri sahəsində nümunəvi təcrübə kimi qiymətləndirilməsi Azərbaycanın bu sahədə qazandığı təcrübənin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.

Bu, bizim üçün əlamətdar hadisədir.

Çünki müasir dünyada dövlətin qüdrəti yalnız hərbi potensialı, təbii sərvətləri və ərazi böyüklüyü ilə ölçülmür. Onun rəqabət qabiliyyəti həm də idarəetmənin səmərəliliyi, institutların çevikliyi, insan kapitalının inkişafı, innovasiyalara açıqlığı və rəqəmsal texnologiyalardan istifadə səviyyəsi ilə müəyyən olunur.

2020-ci ildə biz ərazi bütövlüyümüzün bərpası uğrunda müharibədə qalib gəldik. İndi isə qarşımızda bu Qələbəni müasir dövlətçilik, güclü iqtisadiyyat, yüksək texnologiyalar və rəqabətqabiliyyətli insan kapitalı ilə möhkəmləndirmək vəzifəsi dayanır.

Bu hərbi Zəfərdən institusional və texnoloji Zəfərə keçid kimi qiymətləndirilməlidir.

Bu keçid öz-özünə baş vermir. O, elmin, təhsilin, innovasiyaların, sahibkarlığın, rəqəmsal infrastrukturun və səmərəli dövlət idarəçiliyinin uzlaşdırılmış inkişafını tələb edir.

Müasir dövlət yalnız mövcud problemləri həll edən deyil, gələcək riskləri qabaqcadan müəyyənləşdirən, dəyişikliklərə çevik uyğunlaşan, məlumatlara əsaslanan qərarlar qəbul edən və cəmiyyətin inkişafını stimullaşdıran dövlətdir.

Bu baxımdan, Azərbaycanın qarşısında dayanan strateji vəzifələrdən biri də adaptiv, rəqəmsal, innovativ və dayanıqlı iqtisadi idarəetmə modelinin formalaşdırılmasıdır.

xxx

#Rəqəmsal Zəfər – gələcəyin Azərbaycanı

Elmi fəaliyyətimizdə xüsusi yer tutan texnoloji innovasiya iqtisadiyyatı, rəqəmsal transformasiya və Süni intellekt əsaslı yeni iqtisadi modellər məsələləri Qarabağın gələcək inkişafı kontekstində də mühüm əhəmiyyət kəsb edir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur yalnız bərpa olunan ərazilər deyil, həm də yeni texnologiyaların, müasir idarəetmə modellərinin və innovativ iqtisadi münasibətlərin tətbiqi üçün geniş imkanlar yaradan inkişaf məkanlarıdır.

Ağıllı kənd, ağıllı şəhər, yaşıl enerji, rəqəmsal kənd təsərrüfatı, intellektual nəqliyyat, elektron hökumət, süni intellekt və məlumat əsaslı idarəetmə bu ərazilərin gələcək iqtisadi mənzərəsini müəyyən edə bilər.

Məsələn, kənd təsərrüfatında federativ öyrənmə texnologiyaları vasitəsilə müxtəlif təsərrüfatlardan əldə olunan məlumatların məxfiliyi qorunmaqla ortaq intellektual modellər qurmaq, blokçeyn texnologiyası ilə torpaq və mülkiyyət reyestrlərinin etibarlılığını artırmaq, rəqəmsal əkizlər – Digital Twin vasitəsilə Şuşanın, Zəngilanın və digər yaşayış məntəqələrinin infrastrukturunu modelləşdirmək mümkündür.

Süni intellektin tətbiqi isə istehsalın, resurs bölgüsünün, enerji istehlakının, nəqliyyatın və ictimai xidmətlərin optimallaşdırılmasına yeni imkanlar açır.

Bütün bunlar yalnız texnoloji yeniliklər deyil. Bunlar yeni iqtisadi münasibətlərin, yeni idarəetmə mədəniyyətinin və yeni inkişaf fəlsəfəsinin formalaşmasıdır.

Bu kontekstdə üzərində düşündüyümüz və elmi əsaslandırmağa çalışdığımız ARİES – Adaptiv Rəqəmsal İqtisadiyyat Ekosistemi konsepsiyası da xüsusi aktuallıq kəsb edir.

Hesab edirik ki, belə bir ekosistem dövlətin, biznesin, elmin, təhsilin və cəmiyyətin rəqəmsal qarşılıqlı fəaliyyətini təmin edən, innovasiya resurslarını vahid inkişaf mexanizminə çevirən müasir iqtisadi model kimi nəzərdən keçirilə bilər.

Qarabağın bərpası ilə bu konsepsiyanın əlaqəsi təsadüfi deyil. Çünki burada yaradılan yeni iqtisadi və sosial mühit gələcəyin Azərbaycanı üçün innovativ həllərin sınaqdan keçirilməsi və tətbiqi baxımından mühüm imkanlar yaradır.

Ancaq bir həqiqəti də unutmayaq: texnologiyanın məqsədi insanı əvəz etmək deyil, onun həyat keyfiyyətini yüksəltmək, əməyini yüngülləşdirmək, yaradıcılıq imkanlarını genişləndirmək və cəmiyyətin rifahına xidmət etməkdir.

Deməli, rəqəmsal Zəfər insan mərkəzli olmalıdır.

Qarabağda qurulan ağıllı ev, ağıllı kənd, müasir məktəb və rəqəmsal xidmətlər, ilk növbədə, insanın ləyaqətli həyatına, biliyinə və gələcəyinə xidmət etməlidir.

Qarabağ sadəcə bərpa edilmir. Qarabağda gələcəyin Azərbaycanını yaratmaq imkanları formalaşdırılır! Bu, Zəfərin ən mühüm perspektivlərindən biridir.

xxx

#Zəfərin mənəvi və tarixi məsuliyyəti

Hər bir böyük tarixi qələbənin arxasında insan taleləri, ayrılıqlar, itkilər, göz yaşları, şəhidlik zirvəsinə ucalan ömürlər də dayanır.

Bizim Zəfərimiz də minlərlə şəhidimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin fədakarlığı, ailələrin illərlə davam edən intizarı hesabına qazanılıb.

Ona görə də Zəfər Gününü yalnız sevinc və qürur günü kimi deyil, həm də dərin ehtiram, minnətdarlıq və məsuliyyət günü kimi yaşamalıyıq.

Cənab Prezidentin tapşırığına, qayğısına uyğun olaraq şəhidlərin xatirəsini əbədiləşdirmək, qazilərə layiqli qayğı göstərmək, müharibənin yaratdığı sosial və mənəvi problemləri diqqətdə saxlamaq, yeni nəslə Vətən sevgisini yalnız sözlə deyil, əməllə aşılamaq hər birimizim borcudur.

Xüsusilə gənclər bilməlidirlər ki, müstəqillik və suverenlik hazır şəkildə əldə edilmiş nemət deyil. Onlar qorunmalı, möhkəmləndirilməli, hər bir nəslin fəaliyyəti ilə yeni məzmun qazanmalıdır.

Zəfərdən doğan qürur məsuliyyətsiz arxayınlığa çevrilməməlidir. Əksinə, bizi daha çox işləməyə, öyrənməyə, yaratmağa, elmi və iqtisadi potensialımızı artırmağa sövq etməlidir.

Qələbə qazanan xalqın ən böyük üstünlüyü yalnız keçmişdə qalib gəlməsi deyil, gələcəkdə də uğur qazanmaq qabiliyyətidir.

Tarix göstərir ki, hərbi qələbə böyük başlanğıcdır, lakin dövlətin əbədi qüdrəti sülhün, ədalətin, elmin, iqtisadiyyatın və milli birliyin davamlı inkişafı ilə təmin olunur.

Bizim də əsas vəzifəmiz Zəfəri gündəlik həyatımızın keyfiyyətinə, dövlətimizin gücünə, cəmiyyətimizin mənəvi bütövlüyünə çevirməkdir.

xxx

#Son söz əvəzi: Azərbaycan əbədidir!

8 Noyabr 2020-ci ildə biz bütün dünyaya qürurla bəyan etdik:

Qarabağ Azərbaycandır!

Bu söz tarixi həqiqətin, milli iradənin və dövlət suverenliyinin ifadəsi oldu.

8 Noyabr 2026-cı ildə isə həmin həqiqəti daha geniş bir məna ilə ifadə etmək istəyirəm:

Qarabağ Azərbaycandır!

Zəfərimiz əbədidir!

Azərbaycan əbədidir!

Bu əbədiyyət yalnız torpağın coğrafi bütövlüyü ilə ölçülmür.

O, milli yaddaşımızda, dövlətçiliyimizdə, ana dilimizdə, mədəniyyətimizdə, elmi nailiyyətlərimizdə, yetişən gənc nəslimizdə, qurduğumuz şəhər və kəndlərdə, yaratdığımız texnologiyalarda və gələcəyə inamımızda yaşayır.

Bu gün Qarabağda tikilən hər ev, açılan hər məktəb, salınan hər bağ, qurulan hər istehsal müəssisəsi, yaradılan hər yeni iş yeri Zəfərimizin davamıdır.

Hər bir şəhid məzarı qarşısında baş əyən insanın vicdanında, hər bir qazimizin qürurlu baxışında, doğma yurduna qayıdan ailənin sevincində Zəfərimizin mənəvi gücü yaşayır.

Azadlıq harayı ilə başlayan milli mübarizə arzusu bu gün azad Qarabağın səmasında, Şuşanın qayalarında, Füzulinin, Ağdamın, Laçının, Kəlbəcərin, Xocavəndin, Xocalının, Zəngilanın yeni küçələrində, Cəbrayılın yenidən qurulan kəndlərində, Xankəndinin küçələrində öz əbədi təntənəsini yaşayır.

Bir vaxtlar azadlıq istəyirdik – səma kimi, günəş kimi, cahan kimi!

Bu gün isə həmin azadlığın məsuliyyətini daşıyırıq. Onu elmimizlə, iqtisadiyyatımızla, mədəniyyətimizlə, dövlətçiliyimizlə və birliyimizlə möhkəmləndirməliyik.

Bu fikirlər yalnız bir bayram təbriki kimi deyil, daxili vicdanımızın, vətəndaş mövqeyimizin və ziyalı məsuliyyətimizin ifadəsidir.

Zəfər keçmişimizin qüruru, bu günümüzün qüdrəti, sabahımızın təminatı olmalıdır!

Biz qalib xalqıq. Amma qalib xalq olmağın əsl mənası yalnız qələbə qazanmaqda deyil, qələbəyə layiq dövlət, cəmiyyət və gələcək qurmaqdadır.

Bu yolun başlanğıcı 8 Noyabr 2020-ci ildə yazılan tarixi Zəfər səhifəsidir. Davamı isə hər gün gördüyümüz quruculuq işləri, elmi axtarışlar, iqtisadi islahatlar, texnoloji yeniliklər və milli həmrəylikdədir.

Qoy bu Zəfərin səsi gələcək nəsillərin yaddaşında daim əbədi olaraq yaşasın!

Qoy Qarabağın hər guşəsində həyat, quruculuq, elm və tərəqqi hökm sürsün!

Qoy Azərbaycan həmişə müstəqil, suveren, qüdrətli və qalib dövlət kimi yaşasın!

ƏBƏDİ ZƏFƏRİMİZ MÜBARƏK!

YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN!

YAŞASIN AZƏRBAYCAN XALQI!

YAŞASIN AZƏRBAYCAN PREZİDENTİ!

AZƏRBAYCAN ƏBƏDİDİR!

Əlövsət Qaraca Əliyev,

Professor

(Xüsusi olaraq “Təzadlar”)

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…