Əsas məzmuna keç

Əfqanıstandan yeni qadağa: toyda fişəng atanlar şəriət qaydası ilə cəzalandırılacaq

Əfqanıstan hakimiyyəti ölkə üzrə toy və bayram tədbirləri zamanı fişənglərdən, partladıcılardan və digər pirotexniki vasitələrdən istifadəni qadağan edib. Qadağanı pozanların qüvvədə olan qaydalar və şəriət normalarına uyğun məsuliyyətə cəlb ediləcəyi bildirilib. Lakin konkret cəzalar açıqlanmayıb.

Bu barədə “Pajhwok Afghan News” məlumat yayıb.

Müvafiq sərəncam oktyabrın 27-də Əxlaqın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi tərəfindən verilib.

Nazirlikdə bildirilib ki, güclü partlayış səsləri ictimai asayişi pozur, insanlarda qorxu yaradır və psixoloji gərginliyi artırır. Bu cür səslər xüsusilə uşaqlara, qadınlara, yaşlılara və tibb müəssisələrində müalicə alan xəstələrə mənfi təsir göstərə bilər.

Qadağa yalnız pirotexniki vasitələrdən birbaşa istifadəyə şamil olunmur. Hakimiyyət onların istehsalının, idxalının, satışının, satın alınmasının və yayılmasının da dayandırılmasını tələb edib. Bu tələb vətəndaşlara, mağaza sahiblərinə, idxalçılara, istehsalçılara və bazarın digər iştirakçılarına ünvanlanıb.

Nazirlik, həmçinin bəyan edib ki, toylar və digər şənliklər islam normalarına uyğun keçirilməli və ətrafdakı insanlara narahatlıq yaratmamalıdır. Bununla yanaşı, hakimiyyət sərəncamın icrasına kimin nəzarət edəcəyini, qadağan olunmuş məhsulların müsadirə edilib-edilməyəcəyini, eləcə də satıcıları və istifadəçiləri hansı sanksiyaların gözlədiyini açıqlamayıb.

Əvvəllər Əfqanıstanın bəzi şəhərlərində saat 21:00-dan 07:00-dək pirotexniki vasitələrdən istifadə qadağan edilmişdi. Lakin sakinlər bu tələbin faktiki olaraq yerinə yetirilmədiyindən şikayətlənirdilər.

 

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…