Paytaxt Bakı fasilələrlə yağan 4 günlük qara təslim oldu desək, heç də yanılmarıq…Və yaxud da məmurların səhlənkarlığı…
Məlumdur ki, Azərbaycanda bir neçə gün qar yağdı, çovğunlu hava şəraiti hökm sürdü. Qarlı, şaxtalı hava şəraitinin yaratdığı problemlərin həllinə cavabdehlik daşıyan qurumlar, bu qurumların rəhbərləri vaxtında səmərəli iş görə bildimi?
Xeyr, çox böyük təəssüflə deyək ki, bu qurumlar öz işinin öhdəsindən layiqincə gələ bilmədi, yollar, piyada səkiləri qardan, buzdan təmizlənmədi. Nəticədə isə yollarda xoşagəlməz hallar yarandı, çoxlu sayda yol-nəqliyyat hadisəsi baş verdi. Vətəndaşlar buzla örtülən yollarda, piyada səkilərində yıxılıb ciddi zədələndi, hətta bir neçə vətəndaş ağır, ciddi kəllə-beyin travması aldı. Bir daha vurğulayırıq ki, paytaxtda yolların, piyada səkilərinin qardan, buzdan təmizlənməsi çox biabırçı vəziyyətdə aparıldı. Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi demək olar ki, bütünlüklə işinin öhdəsindən gələ bilmədi. Ara-sıra gördükləri iş isə elə də böyük əhəmiyyət kəsb etmədi, səmərə vermədi.
Bakı şəhər İcra Hakimiyyəti, eləcə də Bakı rayonlarının Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, Mənzil İstismar Sahələri çox biabırçı formada 4 gün ərzində fasilələrlə yağan qara açıq-aydın şəkildə təslim oldu.
Bakıya bir neçə gün ardıcıl olaraq qar yağanda, yollar buz tutanda yollara bəzi qurumların əməkdaşlarının ötən illərdə olduğu kimi bu il də ovucla duz səpdiyi müşahidə olundu. Bu xoşagəlməz hallar isə bir daha onu sübut edir ki, qar yağanda, yollar buzlu olanda paytaxt Bakı, o cümlədən icra hakimiyyətləri, eləcə də adiyyatı qurumlar qışa qətiyyən hazır deyil.
Bəzi telekanalların verdiyi məlumata görə, yollar buz bağladığı üçün, yolların, səkilərin vaxtında qardan, buzdan təmizlənmədiyi üçün 90 nəfər vətəndaş yıxılıb zədə alıb. Məlumata görə, buzlu yollarda yıxılaraq zədələnən vətəndaşların 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib.
Bir ciddi məsələni də qeyd edək ki, paytaxt Bakıda çoxlu sayda piyada keçidlərinə, səkilərə sürüşkən materialdan olan metlax vurulub. Bu baxımdan da sürüşkən olan səkilərdə hərəkət etmək vətəndaşlar üçün çox böyük təhlükə yaradır. Bir çox vətəndaşlar həmin sürüşkən piyada səkilərində sürüşüb yıxılaraq çox ciddi şəkildə zədələnib. Təəssüflər olsun bu xoşagəlməz hala!
Çox təəccüblüdür ki, həmin sürüşkən metlaxları səkilərə döşəyib vuranda düşünməyiblər ki, qar yağanda, yollar buz tutanda vətəndaşlar bu səkilərin üzərində necə hərəkət edəcək?
Hətta Bakının yollarında bir çox piyada səkilərini obyekt sahibləri zəbt edib. Bu baxımdan da həmin ərazilərdə, həmin küçələrdə əhali məcburiyyət qarşısında magistral yoldan istifadə edir. Belə bir sual yaranır ki, Bakı Şəhər İcra Hakimiyyəti qeyri peşəkarcasına görülən bu cür işlərə necə icazə verib axı? Həmin sürüşkən səkilərdə hərəkət edən vətəndaşların əlindən Daxili İşlər Nazirliyinin polis əməkdaşları, eləcə də Dövlət Yol Polisinin əməkdaşları tuturdu ki, vətəndaşlar yıxılıb zədələnməsin. Yollardan buz örtüyü təmizlənmədiyi üçün ictimai nəqliyyatın-avtobusların, həmçinin minik maşınlarının iştirakıyla bir neçə yüz qəza da qaçılmaz oldu.
Baş vermiş bu neqativ hallara hansı vəzifəli şəxslər, hansı məmurlar məsuliyyət daşıyır?
Görəsən, hansı qurumların rəhbərləri öz işində yol verdiyi məsuliyyətsizliyə görə vəzifəsindən azad olunacaq, yaxud öz işinə səhlənkar yanaşdığı üçün qanun çərçivəsində cəzalandırılacaq? Yaxud da ki, üzərinə düşən işin öhdəsindən gələ bilmədiyi üçün hansısa yüksək vəzifəli şəxs, hansısa məmur vəzifəsindən istefa verəcəkmi?
Böyük təəssüf hissilə qeyd edək ki, aidiyyatı qurumlar bu qarlı-şaxtalı günlərdə xoş olmayan, utancverici qaydada işlədilər. Təbii ki, ölkə vətəndaşları aidiyyatı qurumların qeyri-peşəkarcasına gördükəri bu yarıtmaz fəaliyyətdən çox narazıdı. Hələ də başa düşmək olmur ki, bu qədər səhlənkarlığı necə etmək olar axı?
Onu da qeyd edək ki, paytaxtımızda bir neçə gündür müşahidə olunan qarlı, buzlu hava şəraiti ilə bağlı Daxili İşlər Nazirliyinin polis əməkdaşları, həmçinin Dövlət Yol Polisinin əməkdaşları da hər bir istiqamətdə gücləndirilmiş iş rejimində xidmət göstərir. Onun da şahidi oluruq ki, magistral yollarda, yaşayış massivlərində, həmçinin məhəlləarası yollardakı problemlərin həllində, sürücülərin, piyadaların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində Dövlət Yol Polisi əməkdaşları operativ olaraq tədbirlər görür, eləcə də köməyə ehtiyacı olan sürücülərə və vətəndaşlara lazımı köməklik göstərir, hərəkətin təhlükəsizliyini təmin edir. Mövcud qarlı hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları fasiləsiz qaydada öz işini yüksək fəallıqla davam etdirir.
Paytaxt Bakıda qarlı günlərdə yollarda çətinliklə üzləşən vətəndaşlara, sürücülərə həmin andaca dayağ olan, kömək edən polis əməkdaşlarının yüksək səviyyəli xidməti həqiqətən də təqdirəlayiq haldır.
Günəş çıxıb hava istilənəndə əridikcə suya çevrilən qar hara axıb töküləcək bəs? Çünki Bakıda kanalizasiya xətləri bir çox ərazilərdə bərbad gündədir. Bir çox halarda kanalizasiya sisteminin bir motoru işləyir, digərləri isə işləmir. Eləcə də zirzəmilərdən keçən bəzi kanalizasiya xətləri yararsızdır. Əlbəttə, bu da sözüz ki, çox ciddi fəsadlara gətirib çıxarır. Çünki bir qədər yağış yağan kimi Bakının bəzi küçələrində çirkli su dizə kimi çıxır. Bir çox ərazilərdə isə yağışötürücü kanalizasiya xətti yoxdur.
Paytaxt Bakının bir sıra ərazilərində hələ də su saatla verilir. Eləcə də isti yay aylarında suyun verilişində günlərlə problem olur. Sirr deyil ki, “AZƏRSU” ASC-nin də iş fəaliyyəti qeyri qənaətbəxşdir. Bu sahədə də bitib tükənməyən çoxlu sayda problemlər mövcuddur.
Əsas digər bir məqamı da vurğulayaq ki, “Azəristiliktəchizat” ASC-nin də işində çox böyük nöqsanlar var. Mövcud problemlər isə aylarla, hətta illərlə aradan qaldırılmır. Bu sahədə olan poblemlərin həllində bir çox vaxtlarda zəruri tədbirlər görülmür. Bu da qış aylarında soyuqdan əziyyət çəkən əhalini təbii ki, narazı salır.
Ümumiyyətlə paytaxt Bakıda, Bakıətrafı rayonlarda, qəsəbə və kəndlərdə bir çox sahələr üzrə o qədər problemlər var ki, neçə ildir bitib tükənmək bilmir.Beləcə, günlər günləri, aylar ayları, illər illəri əvəz edir, amma çox-çox təəssüflər olsun ki, problemlər həlli yollarını tapmır ki, tapmır. Belə bir ata məsəli var: “Köhnə hamam, köhnə tas”.
Neyləyək, onsuz da əhali neçə illərdir ki, bir çox problemlərin həllilə bağlı ümidlə yaşayır. Bakının elə qəsəbələri, elə kəndləri var ki, həmin ərazilərdə kanalizasiya xətləri də bərbad gündədir. Meydana sual çıxır ki, bəs neçə illərdir Bakı Şəhər İcra Hakimiyyəti nə işlə məşğul olur görən?
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov, 2018-ci ilin 15 noyabrında bu vəzifəyə təyin olunub. Ancaq təəssüflər ki, 7 ilə yaxın bir vaxtda çoxlu sayda problemlər hələ də öz həlli yollarını gözləyir. 67 yaşlı Eldar Əzizov, nə deyirik ki, gözləyək görək gələcək illərdə vəziyyət necə olacaq…
Hörmətli Eldar Əzizov, onu da nəzərinizə çatdıraq ki, Bakı, Bakıətrafı rayonlarda, bir çox qəsəbə və kəndlərdə təmizlik işləri də qənaətbəxş deyil. Bir çox yerlərdə məişət tullantıları vaxtlı-vaxtında daşınmır. Həmçinin küçələr, yollar normal şəkildə təmizlənmir. Demək olar ki, bir çox ərazilər zir-zibilin içindədir. Bəzi küçələr, yeni massivlərin yolları, bina evlərinin həyətləri bir çox vaxtlarda süpürülmür, təmizlənmir. Ümumilikdə isə Bakının bir çox küçələrində təmizlik baxımından antisanitar vəziyyət hökm sürür. Bu xoşagəlməz halları bəzi telekanalların xəbər proqramlarında nümayiş olunan tənqidi süjetlərdə də görmək olur.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında bəzi deputatlar da ayrı-ayrı vaxtlardakı çıxışlarında dəfələrlə Bakıda bir çox kanalizasiya xətlərinin yararsız vəziyyətdə olduğu haqda, eləcə də digər problemlərlə bağlı tənqidi fikirlər söyləyiblər. Bir ciddi məsələ haqqında da fikir bildirmək istəyirik. Ötən ilin oktyabrında Bakıya fasiləylə yağan bir neçə günlük yağışda yağış suyu ilə dolan “Sabunçu keçidi”ndə 2 nəfər vətəndaş boğularaq həyatını itirdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı jurnalistlərə açıqlamasında belə bir fikir söylədi: “Ola bilsin ki, yeraltı keçidin tikintisi zamanı bəzi nöqsanlara yol verilib”.
Cənab Eldar Əzizov, indi isə jurnalist kimi sizə sual ünvanlayırıq. Bakı şəhərində bəzi nöqsanlarla tikilmiş yeraltı keçidlərdə hansısa müsbət yönümlü işlər aparıldımı? Çünki həmin yağışlı günlərdə bir çox yeraltı keçidlər su ilə dolmuşdu. Həmin nöqsanlı yeraltl keçidlərin hazırkı vəziyyətilə bağlı bəlkə bir açıqlama verəsiniz.
Daha bir ciddi problemə də diqqət çəkmək istəyirik. Yol infrastrukturu Bakıətrafı rayonlarda, qəsəbələrdə, kəndlərdə bərbad gündədir. Çox təəccüblüdür ki, görəsən, bu məsələlərə aidiyyatı olan qurumların rəhbərliyi, əməkdaşları nə işlə məşğuldur? Üzərinə düşən işlərə, cavabdeh olduğu vəzifəsinə səhlənkar yanaşan, işində məsuliyyətsizlik edən rəhbər işçilər mütləq bu olanlardan nəticə çıxarmalıdır ki, bu il etdikləri səhvi növbəti illərdə yenidən təkrar etməsinlər.
Bir daha söyləyək ki, şaxtalı, qarlı günlərdə Azərbaycanın polis əməkdaşlarının müsbət istiqamətdə gördüyü işlər, atdığı addımlar sözün əsl mənasında göstərdiyi fədakarlıq, işinin öhdəsindən gələ bilməyən qurumların rəhbərlərinə nümunə olmalıdır.
Xatirə Əziz Rəhimli
Şair-jurnalist
P.S. Çox təəssüf olsun ki, Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyatı qurumları bir neçə gün hökmranlıq edən qarlı havanın yaratdığı çətinlikdən üzüağ çıxa bilmədi…