Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının məqsədi haqqında söylədiyi fikrə istinad edərək bir yazı paylaşmışdım.
Mirzə Cəlil yazırdı: “Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməsi yolunda çalışmaqdır.”
Mən də həmin yazıda maarifçilərimizin yüz il əvvəl mübarizə apardıqları cəhalətin, xurafatın və dini fanatizmin bu gün yenidən cəmiyyətimizə qaytarılması təhlükəsindən bəhs etmişdim.
Yazının altında tanınmış kinodramaturq Eldəniz Quliyev belə bir şərh yazıb: “Dostum, deyəsən YAP-a üzv olmusan…((”
Eldəniz bəy, dostum, mən YAP-a üzv olmamışam. Mən Mirzə Cəlilin, Sabirin, Üzeyir Hacıbəylinin, Axundzadənin açdığı maarifçilik yolu ilə getməyə çalışıram.
Onların mübarizə apardığı cəhalətə, xurafata və dini fanatizmə qarşı çıxmaq nə vaxtdan YAP-çılıq olub?
Amma sizə bir hadisəni xatırlatmaq istəyirəm.
2016-cı ildə İrana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili ilə görüşmüşdünüz. Həmin adam sonralar Azərbaycanı “şirin quyruğu ilə oynamamağa” çağıran çıxışı ilə tanındı.
Həmin görüş barədə xəbər də, fotoşəkil də dərc olunub.
Əlbəttə, kiminləsə görüşmək onun bütün fikirlərini bölüşmək demək deyil. Amma bu gün Azərbaycanın dünyəvi gələcəyi barədə danışarkən həmin görüşü də xatırlatmaq yerinə düşür.
Hörmətli Eldəniz bəy, Mirzə Cəlil, Sabir, Üzeyir Hacıbəyli ömürlərini xalqımızı cəhalətdən, xurafatdan qurtarmağa sərf ediblər. Mən də onların qoyduğu yolu müdafiə edirəm.
Mən nə indiki hakimiyyətin yanlış siyasətini müdafiə edirəm, nə də İran tipli dini idarəçiliyi Azərbaycan üçün çıxış yolu sayıram.
Hakimiyyətə müxalif olmaq o demək deyil ki, onun əleyhinə olan hər dini-siyasi çağırışı dəstəkləməliyik.
Mənim mövqeyim aydındır: azad, dünyəvi, demokratik Azərbaycan!
İndi özünüz deyin, Eldəniz bəy, Mirzə Cəlilin yolunu müdafiə etmək YAP-çılıqdır, yoxsa Azərbaycan maarifçilərinin bizə qoyduğu irsə arxa çevirmək?
Elbəyi HƏSƏNLİ,
SURİX






