Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən S.S-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Tezadlar.az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid M.M. Ə.N-nin nənəsi olduğunu deyib:
“Evlərimiz bir-birinə yaxın məsafədə yerləşir, qonşu sayılırıq. Həmin gün qızımın evində idim, nəvəm Ə.N də evdə idi. İşim olduğu üçün evimə qayıtmalı oldum. Ehtimal edirəm ki, S. mənim nə vaxt o evdən çıxacağımı güdüb. Evimə təzəcə çatmışdım ki, səs-küy eşidib pəncərəmdən baxanda S.S-nin əlində bıçaqla yerə yıxılan N-nin başının üstündə dayandığını gördüm. Ağlım başımdan çıxdı, hay salıb yola tərəf qaçdım”.
Şahid Ə.Z hadisə günü S-nin Ə.N-lə əlbəyaxa olduqlarını gördüyünü bildirib:
“Evimdə idim. Bir qadının ay aman, kömək edin deyə qışqırdığını eşidib tez çölə qaçdım. Yaxınlaşanda gördüm ki, S. N-ə zərbələr endirir. N. də çabalayıb qışqırır, kömək istəyirdi. Mən qışqırıb burax xalxın uşağını deyərək, onlara tərəf qaçmağa başladım. Hay-küyə, qışqırığa insanlar toplaşanda S. tez qaçıb getdi. N-ni qucağıma alıb qapılarının ağzına gətirdim, “102”-yə zəng elədim. S. N-yə qardaşını tap ver mənə, yoxsa onu sənin günə salacam deyirdi”.
Növbəti proses 1 sentyabr saat 11:30-a təyin olunub.
Xatırladaq ki, hadisə 13 oktyabr 2025-ci ildə Binəqədi rayonu, 28 may qəsəbəsində baş verib.
İttihamda qeyd olunur ki, S.S tanışı Ə.Ə-nin elektron qəlyanını alıb geri qaytarmayıb. Ə. S-nin qardaşı F-lə ona xəbər göndərərək, qəlyanını geri qaytarmasını tələb edib. Bundan sonra Ə. ilə F. arasında mübahisənin yarandığı və Ə-nin F-ə şillə vurduğu məlum olub. S. Ə-nin təhsil aldığı məktəbə gəlib və onun dərsdən çıxmasını gözləyib. Dərsdən çıxan Ə. ilə S. arasında mübahisə yaranıb, Ə. təkrar elektron qəlyanını ondan geri tələb edib.
Bundan qəzəblənən S. Ə-nin boyun nahiyəsindən güclü zərbə endirib. Müəllimlərin və şagirdlərin toplaşmasından sonra S. Ə-ni buraxaraq məktəbdən uzaqlaşıb. Lakin çox keçmədən S. yenidən məktəbə qayıdıb və həyətdə dayanıb sinif yoldaşları ilə söhbət edən İ.M-yə yaxınlaşıb səbəbsiz yerə ondan “Məni döyəcəksən?”-deyə soruşub. İ. “Səninlə işim yoxdur” -deyib uzaqlaşmaq istəyəndə S. İ-yə güc tətbiq edərək, onun başına və bədəninin müxtəlif hissələrinə zərbələr vurub. Yaranmış səs-küyə görə hadisə yerinə yaxınlaşan məktəbin direktor müavini onların hər ikisini məktəbə apararaq “102”yə zəng edib. Direktor müavininin zəngindən sonra məktəbdən qaçan S. Ə-nin qardaşı N-nin baş vermiş hadisəyə görə onu axtardığını öyrənib. S. N-nin yaşadığı evə gələrək onu küçəyə çağırıb özü ilə gətirdiyi bıçaqla onu vuraraq, ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, S.S Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29. 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) 221.2.1(xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.