19 İyun 2026 / 10:36

Əlixan Rəcəbovun “Səriyyə” filmi tənqid edildi-SƏBƏB

Qətərdə olanda Fərid Hüseyn bir əhvalat danışmışdı. Xeyli də gülmüşdük. Deməli, bir tərcüməçimiz günlərlə işlədiyi redaksiyanın qapısını döyür, pulunu istəyir, hər dəfə də əliboş qayıdırmış. Belə günlərin birində işçilərdən birinin gözü tərcüməçinin kostyumuna sataşır. Deyir, müəllim, nə gözəl kostyumunuz var. Başlayır kostyuma bəy tərif vurmağa.
Cibində qara qəpiyi olmayan adama vurulan bu yersiz tərif xoşuna gəlməkdən çox, əsəbinə toxunur. Deyir, a bala, forma var e, məzmun yoxdu, məzmun.
Dünən axşam Əlixan Rəcəbovun “Səriyyə” filminə baxdım. Açığı, filmin ideyasını çox bəyəndim. Belə həssas mövzuya toxunmaq həm çətindir, həm də məsuliyyətli. Amma film irəlilədikcə məlum oldu ki, dostlarımız bu çətin və məsuliyyətli işin altından qalxa bilməyiblər.
Bir-iki aktyoru çıxmaq şərti ilə qalan heç kim öz rolunun öhdəsindən gələ bilməyib. Səriyyənin amansız pafosu, anasının teatral hərəkətləri, sözləri uzada-uzada danışması tamaşaçını vurur, yorur, ürəyini üzür.
Bu da azmış kimi, araya pərçim edilən və hansı bölgəyə aid olduğu məlum olmayan qondarma ləhcə, situasiyaya uyğun gəlməyən hind musiqisinə bənzər musiqilər və digər bu kimi detallar filmin təsirinə düşməyə imkan vermir. Əksinə, səni filmin əsas qayəsindən, ağrısından uzaqlaşdırır.
Uşaqların dilindən nəsə yazmaq isə ayrıca peşəkarlıq tələb edir. Bu məsələ asan görünsə də, çox çətindir. Ssenarist bu çətinliyi də ciddiyə almayıb.
Səriyyə səkkizinci sinif şagirdindən çox, səkkiz universitet bitirmiş adam kimi danışırdı.
Ssenaridə o qədər boşluqlar var idi ki, bir yerdən sonra saat yarımlıq vloqa baxdığımı düşündüm. Nə qızın kəndi xilas etmək amalı real görünür, nə də valideynlərin qızı ərə vermək məqsədi. Hamısı şablon, hamısı pafos.
Filmi film edən üç əsas şey var: Ssenari, aktyor oyunu, rejissor işi. Bu film hər üçündən məhrumdur.
Əlqərəz, film bitən kimi ağlıma Fəridin əhvalatı gəldi və əmin oldum ki, kimsə məndən bu filmi soruşsa, verəcəyim cavab məlumdur:
Forma var, məzmun yox…
Səddam Laçın,
jurnalist
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!