Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanovun 85 illik yubileyi ərəfəsində düşüncələr)
Bir çox tarixi hadisələr, elmi nailiyyətlər xüsusi olaraq yazılmadan da yaddaşlarda, xatirələrdə və kitablarda yaşayır. Bəzən bir insanın ömrü bütöv bir epoxanın, bir düşüncə məktəbinin, bir milli intellektual oyanışın daşıyıcısına çevrilir. Belə ömürlərdə illər sadəcə rəqəm deyil – hər biri zəhmətin, axtarışın, mübarizənin və yaradıcı enerjinin mərhələləridir. Azərbaycan elminin belə ucalıq zirvələrindən biri – görkəmli iqtisadçı-riyaziyyatçı alim, professor, AMEA-nın müxbir üzvü Qorxmaz Cahangir oğlu İmanovun bu günlərdə qeyd edilən 85 illik yubileyi bu mənada yalnız bir təqvim hadisəsi deyil. Bu, ölkəmizdə bütöv bir iqtisadi-riyazi elmi məktəbin, milli iqtisadi-riyazi düşüncənin, riyazi yanaşmalarla zənginləşmiş strateji elmi-iqtisadi baxışın bayramıdır.
Əslən Qarabağdan – Şuşadan olan və 1941-ci ilin 17 aprelində Bakı şəhərində dünyaya göz açan Qorxmaz İmanovun taleyi elə gənclik illərindən elmə yönəlmişdi. Müharibənin ağır illərinin kölgəsində doğulan bir nəslin nümayəndəsi kimi o, zəhmətin, intizamın və məqsədyönlülüyün nə demək olduğunu da erkən yaşlarından hiss etmişdi.
Zamanın içindən keçən bir ömür yolu
1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinə daxil olması onun həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Bu illər sadəcə tələbəlik dövrü deyil, həm də gələcək elmi istiqamətlərin formalaşdığı, düşüncə üfüqlərinin genişləndiyi bir dövr idi.
1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda aspirantura təhsili onun elmi dünyagörüşünü keyfiyyətcə yeni səviyyəyə qaldırdı. Bu mühitdə o, yalnız bilik əldə etmədi – həm də böyük elmin nəfəsini duydu, dünya elmi ilə inteqrasiyanın zəruriliyini qəbul etdi.
Elmi axtarışların başlanğıcı və ilk böyük uğurlar
1968-ci ildə iqtisad elmləri namizədi, 1975-ci ildə isə iqtisad elmləri doktoru elmi dərəcələrini əldə etməsi Qorxmaz İmanovun elm yolunda möhkəm addımlar atdığını təsdiqlədi. Onun dissertasiya mövzuları təsadüfi deyildi. Yüklərin daşınmasının optimallaşdırılması, milli iqtisadiyyatın planlaşdırılması üçün inteqral modellər sistemi kimi mürəkkəb problemlərə müraciət etməsi onun elmi cəsarətindən və strateji baxışından xəbər verirdi. Bu tədqiqatlar yalnız nəzəri xarakter daşımırdı. Onlar praktiki tətbiq imkanlarına malik idi və xalq təsərrüfatının planlaşdırılmasında real nəticələr verirdi. Bu isə onu həm alim, həm də praktik düşüncəli mütəxəssis kimi fərqləndirirdi.
Elmi məktəbin yaranması: iqtisadi-riyazi düşüncənin təməli
1970-ci illərdən etibarən Qorxmaz İmanov Azərbaycanda iqtisadi-riyazi modelləşdirmə sahəsinin formalaşmasında aparıcı şəxslərdən birinə çevrildi. Onun təşəbbüsü ilə yaradılan laboratoriyalar, aparılan kompleks tədqiqatlar və yetişdirilən kadrlar bu sahənin institusional əsaslarını qoydu. Makroiqtisadi sistemlərin modelləşdirilməsi, struktur-funksional yanaşmalar, balans modellərinin inteqrasiyası kimi istiqamətlərdə əldə olunan nəticələr təkcə respublika deyil, SSRİ miqyasında da yüksək qiymətləndirildi. Onun bir çox elmi nəticələrinin SSRİ Elmlər Akademiyasının ən mühüm nailiyyətləri siyahısına daxil edilməsi bunun bariz sübutudur.
Qeyri-müəyyənlikdən dəqiqliyə: Fazzi iqtisadiyyatın Azərbaycan məktəbi
Elmdə ən böyük yeniliklər bəzən qeyri-müəyyənlikdən doğur. Qorxmaz İmanov da məhz bu sahədə – iqtisadi qeyri-müəyyənliklərin modelləşdirilməsi istiqamətində öz sözünü dedi. Dünya elminə qeyri-səlis məntiq nəzəriyyəsini bəxş edən böyük azərbaycanlı alim Lütfi Zadənin ideyaları onun tədqiqatlarında yeni nəfəs qazandı. Fazzi məntiqin iqtisadi sistemlərə tətbiqi, sosial-iqtisadi göstəricilərin qeyri-səlis modellərlə qiymətləndirilməsi kimi istiqamətlərdə apardığı araşdırmalar onu bu sahənin öncüllərindən birinə çevirdi. 2003-cü ildə onun rəhbərliyi ilə yaradılan fazzi iqtisadiyyat laboratoriyası təkcə Azərbaycanda deyil, dünyada sayılı elmi mərkəzlərdən biri kimi tanındı.
Zamanı qabaqlayan baxış: süni intellekt və rəqəmsal iqtisadiyyat
Bu gün dünyada geniş müzakirə olunan süni intellekt, rəqəmsal transformasiya, məlumat əsaslı qərar qəbuletmə sistemləri kimi anlayışların elmi bazasında iqtisadi-riyazi modellər dayanır. Qorxmaz İmanov bu istiqamətdə onilliklər əvvəl tədqiqatlar apararaq zamanını qabaqlayan alimlərdən biri oldu. Onun həyat keyfiyyətinin idarə olunması, sosial sistemlərin qiymətləndirilməsi, dayanıqlı inkişaf strategiyalarının modelləşdirilməsi sahəsindəki işləri bu gün də aktuallığını qoruyur.
Beynəlxalq elm məkanında Azərbaycan imzası
Qorxmaz İmanovun fəaliyyəti yalnız milli çərçivələrlə məhdudlaşmır. Onun elmi əsərləri ABŞ, Almaniya, Rusiya, İspaniya və digər ölkələrdə nəşr olunmuş, beynəlxalq konfranslarda məruzələri böyük maraqla qarşılanmışdır. O, İspaniya Kral İqtisadiyyat və Maliyyə Elmləri Akademiyasının xarici üzvü, Ali Avropa Doktorlar Şurasının fəxri üzvü kimi nüfuzlu qurumlarda təmsil olunur. Springer kimi beynəlxalq nəşriyyatlarda çap olunan əsərləri onun elmi nüfuzunun qlobal miqyasını təsdiqləyir.

Elmin davamlılığı: müəllimlik missiyası
Böyük alim olmaq kifayət deyil – böyük elmi məktəb yaratmaq lazımdır. Qorxmaz İmanov bu missiyanı layiqincə yerinə yetirmişdir. Onun rəhbərliyi ilə onlarla fəlsəfə doktoru və elmlər doktoru yetişmişdir. Bu gün həmin alimlər müxtəlif elmi və təhsil müəssisələrində fəaliyyət göstərərək onun elmi ideyalarını davam etdirirlər. Onun auditoriyadakı mühazirələri, tələbələrə yanaşması, elmi rəhbərlik üslubu bir məktəb, bir ənənə formalaşdırmışdır.
İnsanlıq ölçüsü: alim ziyalı
Qorxmaz İmanov haqqında danışarkən yalnız elmi nailiyyətlərdən söz açmaq kifayət deyil. Onun şəxsiyyətində alimliklə yanaşı yüksək insani keyfiyyətləri – ziyalılıq xüsusi yer tutur. Sadəlik, səmimiyyət, prinsipiallıq, vətənpərvərlik – bu keyfiyyətlər onu həmkarları və tələbələri arasında xüsusi hörmət sahibi etmişdir. Onun Qarabağla bağlı xatirələri, səfərləri, duyğuları bir alim qəlbində yaşayan böyük vətən sevgisinin ifadəsidir.
Xatirələr və zamanın yaddaşı
Onun Moskva elmi mühiti ilə bağlı xatirələri, akademiklər Əşrəf Hüseynov, Həsən Abdullayev, Fəraməz Maqsudov kimi görkəmli alimlərlə bağlı söhbətləri bir dövrün canlı ensiklopediyasıdır. Bu günlərdəki görüşümüzdə professor Qorxmaz İMANOVun ötən əsrin 60-70-ci illərindəki Moskva elmi mühiti ilə əlaqələrinin başlamasıyla, mərhum akademiklərlə bağlı ən güzəl xatirələrini dilə gətirdi. Qarabağa – Şuşaya, Füzuliye, Cəbrayıla, Ağdama, Laçına, Kəlbəcərə o vaxtkı və sonrakı səfərlərindən sinə dolusu söhbət açdı. Bu günkü nailiyyətlərimizi göstərdi. Bu günkü elm-təhsil inteqrasiyası şəraitində xaricdə nəshr olunan kitabları, elm- təhsil sferasındakı vəziyyət, iqtisadi-sosial problemlər haqqinda çox maraqli muzakirələrmiz oldu. Çox dəyərli fikirlər səsləndirdi.
***
…Professor Qorxmaz İMANOV ölkəmizdə iqtisadi-riyazi məktəbin əsasını qoyan gorkemli alim kimi indi də məhsuldardır, enerjilidir. Gənclik şövqüylə çalışır. Onunla olan və qarşıdakı dövrlərdə hələ çox olacaq xatirələr təkcə şəxsi yaddaş deyil, həm də Azərbaycan elminin inkişaf tarixinin şifahi salnaməsidir.
85 illik yubiley – elmi irsə verilən yüksək qiymət
2026-cı il aprelin 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən yubiley tədbiri Qorxmaz İmanovun elmi irsinə verilən yüksək qiymətin bariz nümunəsi oldu. “İqtisad elminin inkişafında müasir texnologiyaların istifadə problemləri” mövzusunda keçirilən elmi sessiyada görkəmli alimlərin, ziyalıların səsləndirdiyi fikirlər bir həqiqəti təsdiqlədi: Qorxmaz İmanov həm keçmişin, həm də gələcəyin alimidir.
Şərəfli ömrün mənası
Professor Qorxmaz İMANOVUN 85 illik ömrü deyir ki, Vətənə, ölkəyə, dövlətə, elmə sədaqət insanı zirvəyə aparır, Çəkilən zəhmət zamanla dəyərə çevrilir, elmi deyalar və məktəblər insan ömrünü uzadır. Qorxmaz İmanovun həyatı bu həqiqətlərin canlı sübutudur.
ƏZIZ QORXMAZ MÜƏLLIM!
Sizin ömrünüz – elmə-təhsilə həsr olunmuş bir dastandır.
Sizin yolunuz – gələcək nəsillərə işıq saçan bir mayakdır.
Ölkəmizin, elmimizin-təhsilimizin, iqtisadiyyatımızın inkişafı yolunda, gələcək arzularınızı reallaşdırmaq naminə Sizə sağlam uzun ömür arzu edirik! Sizə möhkəm cansağlığı, tükənməz enerji və yeni davamlı elmi uğurlar arzulayırıq!
UĞURLARINIZ HƏMIŞƏ DAVAMLI VƏ BOL OLSUN!
85 ILLIK YUBILEYINIZ MÜBARƏK!
HƏMİŞƏ VAR OLUN!
YUBİLEY AD GÜNÜNÜZ MÜBARƏK!
Hörmətlə: Əlövsət Qaraca ƏLİYEV,
Azərbaycan İnformasiya və Cəmiyyət İctimai Birliyinin (AzİSA)
rəhbəri, professor