Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çin İxrac-İdxal Bankı arasında enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən emal sənayesi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Tezadlar.az SOCAR-a istinadən xəbər verir ki, bununla bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Çin İxrac-İdxal Bankının vitse-prezidenti Vanq Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə SOCAR ilə Çin şirkətləri, eləcə də maliyyə institutları arasında əlaqələrin uğurla inkişaf etdiyi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm layihələrin icra olunduğu bildirilib.
Söhbət zamanı SOCAR-ın Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi, həmçinin perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verilib. Çin hökumətinin maliyyə institutu kimi fəaliyyət göstərən bankın xarici investisiyaların və beynəlxalq iqtisadi əməkdaşlığın dəstəklənməsi üzrə icra etdiyi layihələrə dair məlumat təqdim olunub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.







