Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Neçə ay əvvəl deputat Musa Urudun rəhbərliyi ilə Qərbi Azərbaycan xronikasının tarixləşdirilib-sənədləşdirilməsinə həsr olunmuş tədbirdə iştirak edirdim… Mən də çıxış etdim və mövzu ilə bağlı dedim ki, necə ola bilər ki, 30 ildir müharibədə yanan-odlanan Azərbaycanın bir dənə dünya üzünə çıxarılası bədii filmi yoxdur? Niyə dussuz-lazımsız teleseriallara ayrılan pullardan həm də bədii film çəkilişinə ayrılmır? Və niyə xarici ölkələrdən rejissor dəvət edib düz-əməlli film çəkmirik??? Musa müəllimə dedim ki, Milli Məclisdə bu məsələni qaldırmaq olmazmı? Təklifimi çox bəyəndi və dedi ki, 2026-cı ilin dövlət büdcəsinə bu maddə ayrıca salınıb, inşallah, olacaq!
***
O vaxtdan 5-6 ay ötür, nə o vəsaitdən xəbər var, nə də bədii film çəkilişinə dair təşəbbüslərdən…
Senari axtaranlara Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun döyüş yoluna həsr edilmiş “Sonuncu güllə” romanını təqdim edə bilərik… Bədii film üçün hazır senaridir…
***
Gəlirəm mətləbə: 1992-ci ildə ermənilər Ağdamın Mərzili kəndinə hücum edəndə jurnalist kimi Ağdama ezam edilmişdim. Bu hadisəni eşidib kəndə yollandım, 20 km yolu piyada getdim… Mərzili kəndinin könüllüləri ermənilərin bu döyüşə rəhbərlik edən komandirini-terrorçu Monte Melkumyanı güllələmişdilər. Lakin heç kim ölənin kimliyini hələ bilmirdi… Ermənilər qaçıb gedəndə 1 tank da qoyub getmişdilər. Sonradan “VİLİS” maşınının içində gəbərənin Monte olduğu bilindi və… Sonrasını danışmıram, hamı nə baş verdiyini gözəl bilir! Bunlar mənim gözümün qarşısında olub!
İndi 44 günlükdə Qarabağdan rədd olub gedən ermənilər bu qondarma terrorçu-qəhrəmanları haqqında film çəkirlər… Amma biz hələ də Qarabağ müharibəsinin yüzlərlə, minlərlə qəhrəmanlarından biri haqqında düz-əməlli bir film çəkməkdə acizik… Bizə ayıb olsunmu??? Şirin Mirzəyev, Allahverdi Bağırov, Əliyar Əliyev, “Ala Yaqub”, Fred Asif, Ülfət Kərimov… kimi çoxsaylı 1 və 2-ci Qarabağ müharibəsi qəhrəmanlarımız var… Susuruq! Niyə? Təkrar deyirəm, ürəkli və təcrübəli rejissor çıxsın ortaya, pul hökumətdə, senari bizdə!
Asif MƏRZİLİ