Ermənistan sülh sazişinin imzalanmasında irəliləyiş olmadığını bildirir

Oxunma sayı: 442

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında heç bir irəliləyiş yoxdur.

Tezadlar.az xəbər verir ki, bu barədə Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Yeni heç nə yoxdur, ictimaiyyətə açıqlananlar bunlardır. Əgər yeni bir şey olarsa, ictimaiyyətə məlumat verəcəyik”, – o, brifinqdə bildirib.

Martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Yerevan və Bakı sülh sazişinin mətnini razılaşdırıblar və danışıqlar prosesini başa çatdırıblar.

İrəvan izah edib ki, sənədin imzalanma yeri və tarixi ilə bağlı Bakıdan təkliflər gözləyirlər. Bundan sonra Bakı bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan beynəlxalq danışıqlar formatının – ATƏT-in Minsk qrupunun ləğvi təşəbbüsü ilə çıxış etməli, həmçinin konstitusiyadan Dağlıq Qarabağın adı çəkilən Müstəqillik Bəyannaməsinə istinadı çıxarmalıdır.

Buna cavab olaraq Ermənistan hakimiyyəti sülh sazişinin imzalanması ilə paralel olaraq ATƏT-in Minsk Qrupunu da buraxmağa hazır olduqlarını və yeni konstitusiya qəbul etmək niyyətində olduqlarını bildirsə də, sonuncu bəndi ölkənin “daxili məsələsi” adlandırıb.

E.ŞİRİNOV

Xəbəri paylaş