…Bizim kinoda belə səhvlər çox ediblər – Nəsimini, Babəki oynayan aktyordan sonra yaxşı dələduz yaradıblar, o da bundan razı qalıb.
Adi sənət adamı, rejissor sıradan film çəkə bilər, aktyor sıradan rol oynaya bilər, tam azaddır. Amma əsl sənət adamı, əsl rejissor, əsl aktyor bunu edə bilmir və edə bilməz, çünki o, tam azad deyil, ondan gözləntilər var, əsas olan budur, əsl sənət insanı həmişə bunu nəzərə alır, “nəzərə aldığı” budur!
Uzun illər Mədəniyyət Naziri işləyən şəxsi ( Əbülfəs Qarayevi ) Dövlət başçısı işdən azad etdi. Keçmiş nazirin kabinetinin qarşısında növbəyə dayanan, naziri görəndə əl barmaqlarını ayaq barmaqlarına vuran xalq artistləri nazirə dil uzatdılar, onu tənqid etmək üçün növbəyə dayandılar.
Uzun illər bu sahədəki uzun problemlərdən danışmayanların (millət vəkilləri, xalq artistləri), bir dəfə də olsun naziri nəinki açıq, gizli belə tənqid etməyənlərin “qeyrət” damarı tutdu. Sənət adamına yaraşmayan, utanc yaradan addımlar atdılar, ən azından susmaq olardı. Ən azından, nazirlikdə işləyən məmurlar hansı millət vəkilinin, hansı xalq artistinin nazirin kabinetinin qapısında şəxsi problemlərini həll etmək üçün növbə tutduqlarını görüblər axı…
Yəqin, çox insanın həyatında belə hadisələr olub, bir insanla illər boyu yoldaşlıq edib, çörək kəsib, sonra hansısa səbəbdən aralarındakı münasibət pozulub, fərqi yoxdur, bu milli, siyasi və ya şəxsi məsələyə görə olub, bütün hallarda keçmiş münasibətlərə xatir ən azı o adam haqqında gərək münasibət bildirməyəsən.
Və Ramiz Mehdiyevin özü yox, yanında işləyən “uşaqları” Nəsimini, Babəki, Beyrəyi oynayan xalq artistinin üstünə qışqıran kimi uzun illər bir yerdə işlədiyi, dost dediyi Rüstəm İbrahimbəyova arxa çevirdi, səhər dediyini axşam təkzib etdi, onu siyasətə qoşulmaqda suçladı. Onu oynadığı obrazlarla eyniləşdirənləri qınadı.
Əvəz Zeynallı: “Biz niyə adamları öləndən sonra tanıyırıq? Rüstəm İbrahimbəyovu niyə tanımadıq? Çünki Rasim Balayev də onun haqqında elə danışıb ki… Bizim Beyrək kimi bildiyimiz… Niyə Rasim Balayevi deyirəm, çünki onu çox sevmişəm, Beyrək kimi bilmişəm, Nəsimi kimi bilmişəm, o da bizim arzumuzun içinə eləyib, çıxıb deyib, “Qardaş, mən rol oynamışam, mən o, deyiləm!”
Və yenə yada Fuad Poladov düşür. 2003-cü ildə, məlum mitinqdə (İsa Qənbəri prezident görmək istəyənlərin mitinqi) edən sənət adamlarından bəzisi dediyini səhəri gün yaladı, bəziləri isə zaman keçdikcə. Amma uzun illər boyu bütün gizli təqib və təzyiqlərə baxmayaraq, Fuad polad kimi dözdü, özünə görə düz olan mövqeyini sona qədər qorudu, həm də Kişiliyini!
Başqalarının başqa baxdığı, normal adam kimi baxmadığı əsl sənət insanı başqalarının ağrısının şəklini çəkə-çəkə, öz fərdi ağrılarını unudur və bir müddət sonra öz şəklini dəyişir- Fuad Poladov kimi! Yoxsa, “Ailəm var, uşaqlarım var” deyib ağ vərəq imzalamır.
Bir rejissor aktyorları var – yəni həmin aktyoru aktyor edən rejissordur, həmin rejissorlar olmayandan sonra yaratdığı aktyorlar da sönməyə başlayar. Böyük Rejissor Həsən Seyidbəyli dünyasını dəyişdi, ulduz etdiyi aktyor nəinki başqa filmlərdə, həyatda da söndü.
İlham Tumas: “Adını çəkməyəcəyəm, bizim görkəmli aktyorlarımızdan biri seriala çəkilmişdi, mən utandım onun yerinə. Onu ya rejissor oynada bilməmişdi, ya da özü sadəcə əlini qoyub cibinə, rejissora deyib sən kimsən mənə söz deyəsən. Türk aktyoru ilə çəkilmişdi, “Qurdlar Vadisi”-ndə oynayan aktyor ilə. Bizim dahi aktyor onun qarşısında elə bil uşaq idi, oynaya bilmirdi.” (APA, “40 dəqiqə” verilişi)
Aktyorlar da var ki, zəif rejissorun filmlərini film edər, obrazını özü yaradar, istənilən obraza can verər, canından verər. Yaratdığı hər obraz canlı qalar, özü kimi. Fuad Poladov belə aktyorlardan idi, istənilən rejissorun istənilən filmində oynayardı, onun yaratdığı obraz Fuad Poladov olardı.
Və çatışmayan ?!
Çatışmayan xarakter və həyat tərzidir və …
P.S
Fuad Poladov puluna, sərvətinə, vəzifəsinə görə hörmət edilən şəxs deyildi.
Heç sözü keçən də deyildi, amma sözü kəsərli idi, sözü təsirli idi, sözü yer edirdi.
Dava da bu yerin davasıdır – əlavə imkanlar istifadə edilmədən qazanılan hörmət, sevgi!
Və Fuad Poladov ikinci və sonuncu dəfə “Azdrama”-nın binasını etiraz əlaməti olaraq tərk etdi, başqa aktyora edilən haqsızlığa görə. Bu etiraz da onun sonunu gətirdi, ilk öncə etiraz edən səsini itirdi, səssiz qalanların içində yaşamaq istəməyib səssizcə səssizliyə çəkildi və onun boğazında itən səsi daima haqsızlıq edənlərin qulağında eşidiləcəkdir.
Dərmanlar var ki, onlar bölünmür, gərək bütöv udasan, yəni qırılmaq (bölmək) üçün yerləri yoxdur, belə insanlar da var, onların doğuşdan qırılan yerləri yoxdur, onları heç nə ilə qırmaq (bölmək) olmaz.
Bunu demək ayıb sayılmamalıdır, çünki hamı dünyasını dəyişəcək, amma çoxu torpağın altına qırıq-qırıq gedəcək, çox azı isə bütöv – Fuad Poladov kimi.
Allah Fuad Poladova rəhmət eləsin!
Rza DRAKON







