30 Aprel 2026 / 16:18

Gürcüstan media azadlığında geriləyib-SƏBƏB

“Reporters Without Borders” (RSF) təşkilatının 2026-cı il üzrə Media Azadlığı İndeksinə əsasən, Gürcüstan 180 ölkə arasında 135-ci yerdə qərarlaşıb. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, hesabata görə, ölkə son bir il ərzində 21 pillə geriləyərək 114-cü yerdən 135-ci yerə düşüb. Təşkilat bildirir ki, Gürcüstanda media azadlığının vəziyyəti pisləşməkdə davam edir və buna dövlət müdaxilələri də təsir göstərir. Sənəddə qeyd olunur ki, jurnalistlərə qarşı şifahi və fiziki hücumların artması müstəqil və müxalif media üçün mühiti daha da çətinləşdirib.

Eyni zamanda, “xarici təsir” və “ailə dəyərləri” ilə bağlı qanunların sərtləşdirilməsinin jurnalistlərin fəaliyyətinə təzyiq yaratdığı vurğulanır. RSF-nin hesabatında həmçinin bildirilir ki, Gürcüstanda media mühiti çoxsaylı baxışlarla zəngin olsa da, güclü siyasi qütbləşmə mövcuddur. Manipulyasiya, nifrət nitqi və dezinformasiya xüsusilə televiziya kanallarında geniş yayılıb. Sənəddə media sahiblərinin redaksiya siyasətinə təsiri, “Rustavi 2” telekanalında baş vermiş dəyişikliklər və ictimai yayımçıya dövlət müdaxiləsi kimi hallar da qeyd olunub. Bundan başqa, genişlənən tənzimləyici səlahiyyətlərin senzura riskini artırdığı bildirilir.

Hesabatda regional radio stansiyalarının maliyyə çətinlikləri ilə üzləşdiyi, çap medianın oxucu sayının azaldığı, onlayn medianın isə əksinə artdığı da vurğulanır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!