Baltikyanı ölkələr Rusiya ilə bağlı hər hansı narahatlıqları varsa, bu problemlə özləri məşğul olmalıdırlar, Rusiya Federasiyası ilə qarşıdurma üçün başqa dövlətlərdən istifadə etməyə çalışmamalıdırlar.
Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili mətbuat konfransında deyib.
“Bu üç ölkənin hakimiyyətinin Gürcüstanda yalnız bir marağı var. Bu maraq ondan ibarətdir ki, biz Rusiyaya qarşı silah və alət olaq. Bu üç postsovet ölkəsinin Rusiya ilə bağlı öz qorxuları var. Onlar bu qorxularla qətiyyətlə üzləşmək, lazım gələrsə, müharibəyə başlamaq əvəzinə, başqa dövlətlərdən və xalqlardan istifadə edərək Rusiyanın diqqətini başqa məsələlərə yönəltməyə çalışırlar”, – Papuaşvili deyib.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxna martın 3-də ölkəsinin 55 Gürcüstan dövlət məmuruna ölkəyə giriş qadağası tətbiq etdiyini açıqlayıb. Estoniya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir ki, siyahıda “məhkəmə sistemi, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən etirazçıların təqibinə görə məsuliyyət daşıdığı” iddia edilən Gürcüstan hakimiyyətinin nümayəndələri var. Qeyd olunur ki, söhbət “mitinq iştirakçılarına, jurnalistlərə və müxalifət liderlərinə” qarşı zorakılıqda iştirak etdiyi iddia edilən şəxslərdən gedir. Latviya və Litva Gürcüstan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulub.
ELBAR