Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda son on il ərzində boşalan kəndlərin sayı 1,5 dəfə artıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə iqdisatçı Sosso Arçvadze əhalinin siyahıyaalınmasının nəticələri və ölkədəki demoqrafik vəziyyəti şərh edərkən bildirib. Söhbət 2014 və 2024-cü illərdə keçirilən əhalinin siyahıyaalınmasının nəticələrinin müqayisəsindən gedir.
Belə ki, neçə gün əvvəl Milli Statistika Xidməti (Sakstat) 2024-cü il əhalinin siyahıyaalınmasının yekun nəticələrini açıqlayıb. Məlumata görə, 2024-cü il noyabrın 14-nə ölkə əhalisinin sayı 3 milyon 929 min 581 nəfər təşkil edib. Bu göstərici 2014-cü ilin nəticələri ilə müqayisədə 215 min 777 nəfər və ya 5,8 faiz çoxdur. Siyahıyaalma nəticələri göstərib ki, son on ildə şəhər əhalisinin sayı 15,7 faiz artdığı halda, kənd əhalisi 7,4 faiz və ya 111 mindən çox nəfər azalıb. Hazırda Gürcüstan əhalisinin 62 faizi – 2 milyon 442 min 231 nəfəri şəhərlərdə, 38 faizi – 1 milyon 487 min 350 nəfəri isə kənd yaşayış məntəqələrində yaşayır. Sakstatın məlumatına əsasən, ölkədə ümumilikdə 3 617 kənd mövcuddur. Bunlardan 3 417-si yaşayış məntəqəsi, 200-ü isə tamamilə boş kənddir. Statistikaya görə, hazırda Gürcüstanda əhalisi 10 və ya daha az olan 278 kənd var. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə belə kəndlərin sayı 255 olub.
Sosso Arçvadzenin sözlərinə görə, kənd əhalisinin azalması artıq geri dönməz xarakter alıb. Sitat: “Kənd əhalisi azalmaqda davam edir və bu proses təəssüf ki, geri dönməzdir. Boşalan kəndlərin sayı əvvəlki siyahıyaalma ilə müqayisədə 1,5 dəfə artıb. Bir çox kəndlərdə əhalinin median yaşı artıq qadınların reproduktiv yaş həddini keçib. Bu isə o deməkdir ki, təbii artım hesabına əhalinin azalmasının qarşısını almaq artıq mümkün deyil”.
Azərbaycanda da bəzi ucqar kəndlərdə belə hallara az da olsa rast gəlinir. Lakin bəllidir ki, Qarabağın işğaldan azad edilmiş minlərlə kəndlərinə qayıdış planı həyata keçirilir və keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar.
A.Məmmədli